Dünyanın Puşkini - Firuz Mustafa yazır
Tarix: 29-08-2020 13:47 | Bölmə: Firuz MUSTAFA
Dünyanın Puşkini
(esse)

(Puşkinin həyatı və ölümü haqda bildiklərimiz və bilmədiklərimiz)

Rus şairəsi Marina Svetayevanın “Mənim Puşkinim” adlı məşhur bir əsəri vardır. Bu yüksək poetik dillə qələmə alınmış nəsr əsərində 20-ci əsrdə tanınmış bir məşhur rus şairəsi 19-cu əsrdə yaşamış digər bir ədəbi düha haqda söhbət açır.

Öz “seçimində” Svetayeva tək deyil. Məsələ burasındadır ki, Puşkini “öz şairi” hesab edənlər saysız-hesabsızdır. Məhz elə bu məntiqdən çıxış edərək demək olar ki, Puşkin əslində elə “hamının”, bütün dünyanın şairidir.

Nikolay Qoqol hökm verərək yazırdı ki, Rusiyada Puşkinə bərabər ikinci bir adam iki yüz ildən sonra meydana gələ bilər.

Və onu da xatırlatmaq olar ki, ümumbəşəri məhəbbət qazanmış Puşkin dünyada ən çox nəşr edilən şairlərdən biridir. Təkcə keçmiş SSRİ-nin mövcudluğu müddətində, yəni 70 il ərzində (1917-1987) bu dövlətdə Puşkinin əsərləri 105 dildə 3 min dəfədən çox, 377 milyon tirajla nəşr olunmuşdur.

Yeri gəlmişkən, Puşkin həm də bütün dünyada ən çox heykəli olan söz adamlarından biridir. 40-dan çox ölkədə şairə 550 heykəl qoyulub. Təkcə ABŞ-da onun 3 heykəli var. Bakıda da Milli Kitabxananın fasadında və şairin adını daşıyan küçədə heykəli ucaldılıb. Bundan başqa, onun adını daşıyan küçə və bağ vardır. Azərbaycanın bir çox bölgələrində bu qəribə taleli söz və fikir adamının adını əbədiləşdirən müxtəlif istiqamətli onlarla qurum mövcuddur. Şairin əksər əsərləri dilimizə uğurla tərcümə olunub.

Puşkin mənim də sevdiyim, yaradıcılığına tez-tez müraciət etdiyim söz bahadırlarından biridir.

Dahinin qətli

Puşkinin qətli ilə bağlı əsl həqiqəti çoxları hələ bu gün də bilmir

“Rus poeziyasının günəşi” adlandırılan Aleksandr Sergeyeviç Puşkin 1837-ci il yanvar ayının 29-da (yeni tarixlə fevral ayının 10-da) gözlərini dünyaya əbədi yumub.

Dünyanın Puşkini

Tarixdən məlum olduğu kimi, şair yaxın qohumu poruçik Jorj Dantes tərəfindən qətlə yetirilib. Məsələnin kökü belə idi: Puşkinə gələn aşkar və gizli məktublarda Dantesin şairin arvadı Natalya Nikolayevna ilə eşq macərası yaşadığı iddia olunurdu. Təbiətən çılğın təbiətə malik olan böyük şair hələ 1836-cı ildə Dantesi duelə çağırmışdı. Dantes təhlükəni hiss edib Natalyanın bacısı, yəni Puşkinin baldızı Yekaterinaya eşq elən etdi; guya onun Püşkinin evinə gedib-gəlməsinin səbəbkarı şairin baldızına olan istəklə bağlı imiş. Tezliklə Danteslə Yekaterina ailə qurdu. Amma bu qohumluğa baxmayaraq şairlə onun bacanağı arasında “soyuq müharibə” səngimək bilmirdi. Bunun da səbəbi o idi ki, “qonaq” Puşkinlərin evindən ayağını üzməmişdi. Peterburqun elit dairələrində bu tanınmış ailə ilə bağlı söz-söbət, dedi-qodu səngimək bilmirdi.

Nəhayət, Puşkinin ərəb qanı yenə qaynadı. O, Dantesin atalığı səfir baron Hekkernə kəskin bir məktub yazdı, onu duelə çağırdı. Təbii ki, baron duelə çıxa bilməzdi. Amma onun oğulluğu Dantes şairin duelə çağırışına cavab verdi. Beləliklə, 1837-ci il yanvarın 27-də Puşkinlə Dantes Qara Çay (Çyornaya Reçka) deyilən yerdə, Komendant daçasının yaxınlığında duelə çıxdılar.

Sekundant məsafəni ölçdü. Birinci Dantes atəş açdı. Puşkin qarnından ağır güllə yarası aldı, yerə yıxıldı. Amma şair var qüvvəsini toplayıb elə torpağa uzanmış halda öz rəqib bacanağına cavab atəşi açdı. Dantes yüngül yaralandı. Həmin anlarda Puşkin huşunu itirdi. Yaralı şairi hadisə yerindən öz evinə Hekkernin göndərdiyi karetada apardılar.

Puşkin iki gün əzab və ağrılar içində can verdi. O, tez-tez sayıqlayırdı. O zaman Peterburqun ən yaxşı həkimləri başda İmperator leyb-mediki N. F. Arendt olmaqla əllərindən gələni əsirgəmir, şairi ölümün cəngindən xilas etməyə çalışırdı. Arada huşu başına gələrkən Puşkin çətinliklə də olsa qısa fasilələrlə öz vəsiyyətini edirdi.

Dueldən iki gün sonra, 1837-ci il yanvar ayının 29-da şair gözlərini əbədi yumdu. Saat 14.45 idi. Saat da şairlə birgə susdu.

Sovet dövründə yazılan bir çox kitab və dərsliklərdə Puşkinin ölümünün çar Birinci Nikolay tərəfindən sifariş verildiyi iddia olunurdu. Əlbəttə, çar Puşkini daxilən bəlkə də bəyənmirdi. Amma o, şairə bəslənən ümumxalaq məhəbbətini aydın hiss edirdi. Məhz elə bu səbəbdən hökmdar bu qətl hadisəsindən sonra Puşkinin ailəsini öz himayəsinə götürdü. Çar xəzinəsindən şairin ailəsinə 10.000 rubl birdəfəlik yardım edildi. Natalyaya, onun oğul və qızlarına ömürlük pensiya kəsildi. Puşkinin seçilmiş əsərlərinin nəşri barədə çar tərəfindən xüsusi sərəncam verildi.

31 yanvardan 1 fevrala keçən gecə şairlə vidalaşma mərasimi oldu.

Xalqın qəzəbindən çəkinən çar şairin ailəsi üçün böyük güzəştlər etdiyi kimi, Avropanın da qəzəbindən qorxaraq Hekkern və Dantesin gizli şəkildə Peterburqdan çıxarılmasına nail oldu.

Bu, şairin son dueli oldu. Bəli, bəli, məhz “son duel”.

Maraqlıdır, bəs həmin vaxtacan Puşkin neçə dəfə duelə çıxmışdı və neçə adam öldürmüşdü?

Puşkin neçə dəfə duelə çıxıb?

O, hətta öz xidmətçisinin şərəfini qorumaq üçün silaha əl atıb.

Böyük şairin şəxsi həyatı qalmaqallarla dolu idi.

Bəs o, bu qədər əsəri yazmağa necə vaxt tapırdı?

Aleksandr Sergeyeviç Puşkin həm sağlığında, həm də qətlə yetiriləndən sonra daim rus və dünya ictimai-ədəbi fikrinin diqqət mərkəzində olub. Bu diqqət indinin özündə də davam etməkdədir. Onun fanatları və düşmənləri həmişə bol olub. Şairin qalmaqallarla dolu həyatı barədə minlərlə bədii və sənədli əsərlər yazılıb. Sağlığında o, bəzi dairələrdə həm bir çox Avropa (Almaniya və Fransa) ölkələrinin xəfiyyəsi, həm də rusların öz agenti kimi qəbul edilirdi.

Şairin ailəsi barədə də elə bu cür şaiyələr baş alıb gedirdi; onun arvadının 1-ci Nikolayla yaxın münasibətdə olduğunu deyənlər də vardı.

Bundan başqa, Puşkinin öz baldızları ilə münasibətini dedi-qoduya çevirən qüvvələr sakitləşmək bilmirdi. Onun məşhur qumarbaz, hətta nekrofil olduğunu deyənlərə də təsadüf olunurdu.

Böyük şair haqda nələr danışmırdılar? Onun həyatı və ölümü ilə bağlı az qala fantastik fikirlər söylənilirdi və bu gün də söylənilməkdədir.

Hətta, bir çox rəsmi və qeyri-rəsmi dairələrdə şairin dueldə ölmədiyi, yüngül yaralandığı və çar tərəfindən Fransaya göndərildiyi iddia olunurdu. Puşkinin Parisə gedib orada hətta Aleksanr Düma imzası ilə macəra romanlar yazması və uzun bir ömür yaşaması barədə şayiələr də dolaşmaqda idi.

Puşkin rus ədəbi-siyasi-ictimai mühitinin ən qalmaqallı şəxsiyyətlərindən biri idi. Əlbəttə, bu böyük ədəbi sima ilə bağlı, daha doğrusu, onun əleyhinə söylənilən fikirlərin çoxu əsassız idi. Təkcə bu fakt doğru idi ki, Puşkin yalanla barışmayan, azadfikirli, inqilabi ruhlu bir şair idi. Məncə, buraya dahi mütəfəkkirin orijinal şəxsi keyfiyyətlərini də artırsaq onun portreti qismən dolğun olar. Belə ki, o, öz şəxsiyyətinə hədsiz qiymət verən, habelə həssas, çılğın, emosional, mübariz, coşqun bir adam idi.

Dünyanın Puşkini

Puşkin sanki öz qısa həyatında bir neçə adamın ömrünü yaşamışdı. O, elə yaradıcılığına görə də məhz bu cür çoxşaxəli, zəngin, ensiklopedik bir düha idi.

Dünya Puşkinşünaslarını daim belə bir sual maraqlandırıb: bu qədər coşqun həyat tərzi keçirən bir insan bu qədər əsəri necə yazıb başa gətirmişdi?

Hələ Puşkinin duel qalmaqalları... Bu, əslində böyük bir tədqiqat materialı ola bilər.

Məlum olduğu kimi, əvvəllər duellərdə qılıncdan istifadə olunurdu. Sonralar, daha dəqiq desək 18-ci əsrdən etibarən dvoryanlar (zadəganlar) arasında baş verən qalmaqalların “razborkaların” (haqq-hesab çürütməyin) odlu silahla həll edilməsinə icazə verildi.

Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırıram ki, Puşkin öz qısa ömründə 25 adamı duelə çağırmışdı. Və onun özü təhqir etdiyi, söydüyü adamlar tərəfindən 7 dəfə duelə çağrılmışdı.

Puşkin öz “düşmənini” ilk dəfə duelə çağıranda cəmi-cümlətanı 17 yaşı vardı.

1816-cı ildə ilk dəfə duelə çağırdığı adam şairin öz əmisi Pavel Hannibal idi. Puşkin əmisini duelə ona görə çağırmışdı ki, bu adam onun sevdiyi qızı bal rəqsinə aparmışdı. Necə deyərlər, “ağsaqqallar” işə qarışandan sonra duel ləğv olunmuşdu.

1817-ci ildə Puşkin öz yaxın dostu Pyotr Kaverini duelə çağırmışdı. Səbəb kimi, dostunun hansısa tikanlı şeiri göstərilirdi. Bu duel də baş tutmadı.

1819-cu il. Puşkin şair həmkarı və dostu Kondrati Rıleyevi duelə çağırır. Amma bu dəfə səbəb kimi şeir göstərilmirdi. Səbəb gələcək məşhur dekabristin dostuyla bağlı siyasi xarakterli şayiələr danışması olmuşdu. Həmin duel baş tutdu. Mövcud qaydaya əsasən ilk atəşi Kondrati Rıleyev açdı. Amma güllə yan keçdi. Puşkin anladı ki, dostu səmimi peşimançılıq hissi keçirir və o, tapançadan havaya atəş açdı.

1819-cu il. Bu dəfə şairin özünü ilk dəfə duelə çağırırlar. Duelin təşəbbüsçüsü şairin yaxın dostu Vilhelm Küxelbeker idi. Səbəb Puşkinin yazdığı zarafatyana-tikanlı şeir idi. Duel baş tutdu. Birinci Vilhelm atəş açdı. Amma güllə hədəfə dəymədi. Puşkin atəş açmaqdan imtina etdi.

1819-cu ildə Puşkin Modest Korfu duelə çağırıb. Səbəb də bu idi ki, Korfun xidmətçisi şairin xidmətçisini döymüşdü. Duel ləğv olundu. (O zaman hətta ağa öz nökərinin mənafe və şəxsiyyətinə görə ölümə getməyə hazır idi. Zira bu şərəf məsələsi idi-F.M.)

1819-cu ildə Puşkin teatrda əsəbiləşərək aktyorları söyür və buna görə Mayor Deniseviçin töhmətini qazanır. Gənc Aleksandr ona söz qaytaran tanışını duelə çağırır.

1820-ci ildə artıq əsaslı “duel təcrübəsinə” malik olan Puşkin iki nəfəri eyni vaxtda duelə çağırır; bunlar Orlov və Alekseyev idi. Lakin onun duelə çağırdığı kişilər Puşkini inandıra bildilər ki, şair sərxoş olarkən bilyard oynamağa cəhd etmiş və ətrafda olanların istirahətinə mane olmuşdu. Beləliklə, duel “gündəmdən” çıxarılmışdı.

1821-ci ildə şair fransız ordusunun zabiti Deqili duel baryerinə çağırır. Lakin zabit bundan imtina edir. Belə olan halda Puşkin hərbçiyə təhqiramiz bir məktub yazır və onun karikaturasını çəkir. Axı Ppuşkin həm də istedadlı rəssam idi.

Dünyanın Puşkini

1822-ci ildə Puşkin polk komandiri Semyon Starovla kəskin mübahisə edir. Yüksək çinli hərbçi gənc şairi hədələyir və belə düşünür ki, Puşkin qorxub geri çəkiləcək. Lakin Aleksandr bir addım da geri çəkilməyəciyini deyir. Və onu duelə çağırır. Beləliklə onlar duel baryerinə çıxası olurlar. Həmin gün hava çox soyuq idi. Çovğundan az qala bir-birlərini görə bilməyən duelyantlar iki dəfə atəş açsalar da kəskin hava şəraiti onların istəyinin reallaşmasına mane olur. Sekundantlar hər iki tərəflə danışıb duelin vaxtını təxirə salırlar. Sonralar rəqiblər barışır və duelə çıxmaqdan imtina edirlər

1822-ci ildə Aleksandr Puşkin 65 yaşlı yüksək çinli məmur olan İvan Lanovu duelə çağırır. Onların bayram süfrəsi arxasında mübahisə etmələri bu məsələnin “gündəmə gəlməsinə” səbəb olmuşdu. İndiki anlamda desək, “ağsaqqallar-qarasaqqallar” məsələyə müdaxilə etdikdən sonra tərəflər barışığa gəlmiş, dueldən imtina etmişdilər.

1822-ci il. Puşkin Moldav əsilli yüksək çinli məmur Teodor Balşla duelə çıxmalı olur. Bu işin “səbəbkarı” həmin moldavanın arvadı olmuşdu. Xoşbəxtlikdən duelyantların razılığı ilə duel baş tutmadı.

1822-ci il. Puşkin sekundantlardan imtina edərək mülkədar Skartl Prunkylonu duelə çağırır. Lakin hər iki tərəf duel qayda-qanunları barədə az məlumata malik idilər. Buna görə də uzun mübahisədən sonra duel təxirə salındı. Sonralar duel baş tutmadı.

1822-ci ildə Puşkin qəzəblənərək Severin Potskini duel baryerinə çağırır. Səbəb isə onların yemək süfrəsi arxasında təhkimli kəndlilərlə bağlı apardıqları mübahisə olmuşdu. Bu duel də baş baş tutmadı. Rəqiblər barışdılar.

1822-ci il. Ştabs-kapitan Rutkovski qəzəblənib Puşkini duelə çağırır. Rutkovski şairi onu təhqir etdiyinə görə duelə çağırmışdı. Lakin tərəflərin razılığı ilə duel ləğv olunur.

1822-ci ildə Kişinyov oliqarxı İnqlezi şairi duelə çağırır. Puşkin bu zəngin adamın arvadına eşq elan etmişdi. Görünür, ər bu barədə məlumatlı idi. Amma duel baş tutmadı.

1822-ci ilin son duelı. Şairi yenə duelə çağırırlar. Praporşik Aleksandr Zubov hirslənərək Puşkini məhv etmək qərarına gəlir. O, şair tərəfindən aldadılıb ələ salındığını güman edirdi. Amma duel baş tutmadı.

1823-cü ildə Ruşkin şəxsi zəmində baş verən bir məsələyə görə gənc yazar İvan Russonu duelə çağırır. Duel baş tutmur.

1826-cı il. Şimal icmasının üzvü Nikolay Turgenev şairin şeirlərini ələ salır, onu təhqir edir. Özündən çıxmış şair onu duelə çağırır. Lakin duel baş tutmur.

1827-ci il. Artilleriya zabiti Vladimir Solomirski arvadına eşq elan etdiyinə görə Puşkini duelə çağırır. Lakin tərəflərin təşəbbüsü ilə onlar baryerə çıxmırlar.

1828-ci ildə Puşkini Təhsil Nazirliyinə dəvət edirlər. Şair təhsil naziri Aleksandr Qolitsına kəskin epiqramma həsr etmişdi. Bu şeirdə təhqir elementlərinin olduğu göstərilirdi. Ortalığa duel söhbəti gəlsə də, sonralar bu baş tutmadı.

1828-ci il. Bal rəqsi zamanı fransız səfirliyinin katibi ilə şairin arasında qızlara görə mübahisə yaranır. Şairi katibin rəqs edən qızlarla rəftarı razı salmır. Və mübahisə zəminində o, katibi duelə çağırır. Səfirlik nümayəndəsi şairdən üzr istəyir, barışıq əldə olunur, duel ləğv edilir.

1829-cu il. Puşkin Xarici İşlər Nazirliyinin məmuru Dmitri Xvostova epiqramma yazır. Məmur əsəbiləşib şairi təhqir edir. Puşkin onu duelə çağırır. Amma Xvostov imtina edir.

1836-cı il. Puşkin knyaz Nikolay Repin haqda xoşagəlməz ifadələrin yol verildiyi güman edilən şeir yazır. Qarşı tərəfin reaksiyasından xoşlanmayan şair onu duelə çağırır. Duel baş tutmur.

1836-cı il. Xarici İşlər Nazirliyinin gənc məmuru, Fedor Tolstoyun bacısı oğlu, 26 yaşlı Semyon Xlyustin şairin yazdığı şeirdən qeyzə gəlir. Puşkin onu baryerə dəvət edir. Lakin xoşbəxtlikdən duel alınmır.

1836-cı il. Litva əsilli rus məmuru, şair, nasir Vladimir Soloqub şairin arvadı Natalya haqda xoşagəlməz sözlər deyir. Ortaya duel söhbəti gəlsə də baş tutmur.

1836-cı ildə Puşkin anonim məktub alır. Orada yazılmışdı ki, fransız zabiti Jorj Dantes onun arvadı ilə görüşür. Puşkin onu duelə çağırır. Dantes qorxub dueldən imtina edir. Və Puşkinin baldızını sevdiyini bildirir. Duel alınmır.

1837-ci il. Puşkinin ailəsi, arvadı ilə bağlı söz-söhbətlər səngimir. Şair öz bacanağını, yəni Dantesi duelə çağırır. Əvvəlcə Dantes şairi dilə tutub bu seçimdən imtina etməsini xahiş edir. Lakin Puşkin onu söyüb təhqir edir. Duel baş tutur. Birinci Dantes atəş açır. Şair ağır yara alır. Lakin Puşkin son anda özünü ələ alıb atəş açır. Dantes yüngül yara alır. İki gündən sonra şair gözlərini əbədi yumur.

Rus poeziyasının Günəşi beləcə sönür. Artıq həmin faciə barədə siz bu yazının əvvəlində məlumat əldə etmisiz.

P.S. İndi bu yazıda adı çəkilən (və eləcə də çəkilməyən) insanların böyük əksəriyyəti Rusiya ictimai fikrində yalnız Puşkinlə bu və ya digər dərəcədə bağlı olduqlarına görə xatırlanır. Puşkinin dostları kimi onun düşmənləri də tarixin yaddaşında əbədiləşmişlər.

Dantes təkcə Puşkinin yox, öz qızının da qatilidir...

Bəli, Puşkini dueldə Dantes öldürüb.

Bəli, Danteslə Puşkin bacanaq idilər. Natalya Qonçarova Aleksandr Puşkinin, Yekaterina Qonçarova isə Jorj Dantesin arvadı idi.

Amma bir çoxunuz yəqin bilmir ki, Dantesin qızı Leoniya-Şarlotta da şeir yazırdı. Fransada böyüyən qız rus dilini bilmirdi. Amma şöhrəti və poeziyası ilə Fransanı da fəth etmiş Puşkin onun ən sevimli şairi idi. O zamanlar Puşkinin şeirləri bütün Avropada yayılmışdı. Qızcığaz böyüyəndə öyrənir ki, onun sevimli şairini və xalasının ərini öz doğmaca atası, yəni Jorj Dantes öldürüb; o, bundan dəhşətə gəlir, sarsılır.

Şarlotta atasını ittiham edir, onu söyür, hədələyir, hətta, öldürmək istəyir.

Yəqin bilmirsiz ki, Dantes öz qızı Leoniya-Şarlottanı psixi xəstəxanaya saldırır. Qız əzablar içində həmin xəstəxanada vəfat edir.

Beləliklə, Dantes öz bacanağı Puşkinlə yanaşı, öz doğma qızı Leoniya-Şarlottanın da qatilidir.

Xalq arasında belə bir ifadə var: “Filankəs sağ başı gora aparan deyil”. Mən bu ifadəni heç də Puşkinə aid edə bilmərəm. Zira əgər belə demək mümkünsə, Puşkinin qətlinə onun şəxsi düşmənlərindən daha çox, ilk növbədə məhz şairin yaşadığı mühit fərman vermişdi.

Reyting.az

Müəllifin bütün yazıları - Firuz MUSTAFA



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}