20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şirməmməd Hüseynov və oğru qanunları
Tarix: 01-12-2016 14:05 | Bölmə: Mətanət ƏLİYEVA


Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 ili tamam oldu. Bu münasibətlə YAP-çıları təbrik edirəm!

YAP-çıların dediyinə görə, partiyanın 700 min nəfər üzvü var və onlar hesab edirlər ki, müstəqil dövlətimizin də YAP-ın ömrü qədər yaşı var, çünki dövlətimizi YAP-çılar qurublar.

Mənim hörmətli müəllimim Şirməmməd Hüseynov onların səhvini çıxararaq demişdi ki, YAP-çılar dövləti qura bilməzdilər, çünki dövlətimiz 1918-ci ildə yaranıb, YAP-çılar hökumət yaradıblar. Hökumət isə dövləti idarə edən məmurların təşkilatıdır.

Mən özüm dəçox vaxt "hökumət" sözü ilə"dövlət" sözünün mənasını qarışdırıram.

"Hökumət" sözündə mən Şirməmməd müəllimlə razı deyiləm. MTN, Rabitə Nazirliyi, Beynəlxalq Bank işi ilə bağlı gedən məhkəmə prosesləri göstərir ki, bəzi adamlar Azərbaycanda hökumət yox, mükəmməl mafiya sistemi yaradıb, ölkəni "obşak" qaydaları ilə idarə edib, "obşiy kotyol"a yığılan pullar mafiya üzvləri arasında ədalətlə bölünüb. Bu sözlərimə görə məni məhkəməyə də verə bilməzlər, çünki bunları məhkəmədə hətta generallar da təsdiq ediblər. Nə olar, hökumət olmasın, mafiya olsun. Bizim millət onsuz da "qanuni oğrular"ı sevir, "oğru qanunları”na hörmət edir.

Bizim "Qaya" firmasında Arif adlı əməkdaş var. Ömründə bir kitab-qəzet oxumayıb, amma qəzetlərdə "qanuni oğru"lar haqqında yazılar gedəndə Arif onu mütləq oxumalıdır. Ona görə yazımın sərlövhəsinə "oğru qanunları" sözünü çıxartdım ki, Arif heç olmasa, bir dəfə də mənim yazımı oxusun.

Mafiyanın çox sərt qanunları var. Dövlətin qanunlarına əməl olunmaya bilər, amma mafiyanın qanunlarını pozanların nəslini kəsərlər. Bu baxımdan bizim bəxtimiz gətirib.

Mafiyada ən dəətli cinayət xəyanətdir. Xəyanət etdinsə, düşəcəksən Cahangir Hacıyevin, Eldar Mahmudovun, Əli Abbasovun gününə.

Mafiya daxilində üç şey ən dəətli cinayət hesab olunur - mafiyanın sirlərini satasan, rəqib mafiyaya işləyəsən və "obşiy kotyol"un pulundan oğurlayasan.

İndiyə qədər həbs olunan, vəzifədən çıxarılan, var-dövləti əlindən alınan məmurlar mafiyanın kiçik balıqlarıdır. Əsl akulalar, təpəgözlər, goreşənlər, divlər hələ də mafiyanın idarəçiliyindədir. Xırda balıqların milyonları varsa, gör akulaların nələri var...

YAP-ın ideoloqlarından olan Əli Həsənov deyir ki, bizdə demokratiya var. Razıyam. Demokratiyanın birinci şərti azad sözdürsə, sözümüzü azad deyirik, həənd ki, qorxumuzdan bir az üstüörtülü deyirik. Qorxmasaydım, indi YAP haqqında 10 cild əsər yazan bir xanımın ərinin vaxtilə "paxan" haqqında dediyi sözləri yazardım. Rəhmətlik Hacıbaba Bağırovun "Hicran" tamaşasında dediyi kimi, "əlqərəz". Söhbəti dəyişmək lazımdır.

Demokratik seçkiyə gələndə ki, mafiyada "sxodka" keçirilir, sonra da "qanuni oğru"lar üçün tacqoyma mərasimi olur.

Bir nəfər dahi hüquqşünas dedi ki, Azərbaycan oğru qanunları ilə idarə olunsaydı, bundan yaxşı olardı, onlarda ədalət var. "Qanuni oğru" qanunu pozanda onu cəzalandırırlar, onlarda "ponyatka" var, kişi sözü var...

Əlqərəz, söhbəti dəyişim. Bu internet nə gözəl şey imiş. YOUTUBE-də "O dünyadan salam", "Sübhün səfiri", "Hacı Qara" filmlərinə baxdım. İlahi, bizim xalqımız necə istedadlıdır!!!

Mən fransız filmlərini çox sevirəm. Öz filmlərimizə baxanda görürəm ki, bizim filmlərin bəziləri fransız filmlərindən güclüdür. Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri əsasında 1991-ci ildə çəkilmiş "O dünyadan salam" filmi bədii dəyərinə, aktyor oyununa görə mənim indiyə qədər gördüyüm fransız filmlərinin hamısından daha böyük sənət əsəridir. Filmin rejissoru və ssenari müəllifi Tofiq Tağızadədir. Siyavuş Aslanın, Məlik Dadaşovun, Yaşar Nurinin ifası Jerar Depardiyenin, Pyer Rişarın, Jan Renonun sənətini kölgədə qoyur. Film həm düşündürür, həm güldürür, həm də ağladır. Fikrimcə, 20 milyona başa gələn "Əli və Nino" filmi "O dünyadan salam" filminin yanında çox zəifdir. Mən hətta deyərdim ki, "Bəxt üzüyü" filmi "Əli və Nino"dan üstündür. 20 milyon dolları film çəkmək üçün Ramiz Əzizbəyliyə versəydilər, o çoxdan sağalıb ayağa durmuşdu.

Bizim istedadlı sənət adamları haqsızlıqdan, bekarçılıqdan yorğan-döşəyə düşüblər, onlar xəstə deyillər, qəm onların ruhunu sıxır, onlar qəm yükünü daşıya bilmirlər. Leyla xanım Əliyeva bundan sonra yəqin ki, öz rejissorlarımıza sponsorluq edərək dünya kinemotoqrafiyasını heyrətə salacaq.

Dünyada xalqları musiqisinə, filmlərinə görə tanıyıb sevirlər. Heydər Əliyev Fondundan xahiş edərdim ki, musiqimizi dünyada təbliğ etdiyi kimi, əsil sənət əsəri olan filmlərimizi də təbliğ etsinlər. Məsələ ondadır ki, insanları düşündürən, böyük sənət əsərləri olan filmlərimizi heç öz televiziyalarımız da nümayiş etdirmirlər. Səbəbini təxmin etmək olar. Bəzi telekanal sahiblərinin məqsədi xalqa xidmət etmək yox, gic-gic verilişlərlə xalqın başını qatıb mafiya üçün pul qazanmaq və"obşiy kotyol"dan öz paylarını götürməkdir.

Milli hökumətimizin - mafiyanın üzvü olmaq üçün zaman-zaman bəzi adamlara şans yaradılıb. Əlbəttə, hər yoldan ötəni mafiyaya qəbul etmirlər. Bunun üçün istedad, bacarıq, qətiyyət olmalıdır, tək yaltaqlanmaqla iş bitmir. Bir çoxları qoyulan şərti qəbul etmədikləri üçün bu şansdan imtina ediblər.

Mafiyaya üzv olmaq üçün lazım olan şərti yaza bilərdim, amma qorxuram...


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər