Tarix: 11-05-2017 14:27 | Bölmə: Mətanət ƏLİYEVA
Ötən yazımda qeyd etmişdim ki, mənim yazmağımla heç nə düzəlməyəcək və əlavə etmişdim ki, susanda da deyirlər, bu millətə nə edirlərsə, yerində edirlər.
Bir oxucum isə mənə deyir ki, tanınmış, səlahiyyətli şəxslər tənqid etsələr ölkənin problemləri həllini tapar. Mənim kimi sadə adamların isə danışmağının əhəmiyyəti yoxdur. Məsələn, Mətbuat Şurasının "Şöhrət" ordenli sədri, deputat Əflatun Amaşov yazsa ki, çimərliklərə zibilqabı qoyun, bəlkə də bu problem həllini tapa bilər.
Yaxud bir problem var ki, şəxsən məni çox narahat edir. Qarşıdan yay gəlir. Yayda adam çalışır ki, ağacın kölgəsində oturub istirahət eləsin, amma ildən-ilə artan milçəklər dincəlməyə imkan vermirlər. Mən yayın ən isti aylarında Fransada, İsveçrədə, İtaliyada milçək görmədim. Bu necə olur? Deməli, bu ölkələrdə parazitlərlə mübarizə aparırlar. Bizdə isə parazitlərə ayrılan pulları da deyəsən məmurlar yeyir.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov yaxın günlərdə mətbuata açıqlama verərək deyib ki, "Hazırda Azərbaycanda 7 milyon insan malyariya təhlükəsi altında yaşayır. Bu xəstəliyi yayan ağcaqanadlar üçün ölkəmizdə münbit şərait var".
Bu məsələni Məmmədov ona görə qabardıb ki, beynəlxalq oyunlar zamanı gələn qonaqları ağcaqanadlar dişləyə bilər. Əslində bu məsələ ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də məşğul olmalıdır, "Parazitlərlə Mübarizə İdarəsi"nin də bu nazirliyə verilməsi məqsədəuyğundur. Biz heç. Onsuz da bizi adam yerinə qoyan yoxdur, təki xaricilərə yaxşı olsun. Xaricilər üçün bir günün içərisində hər şeyi ən yüksək səviyyədə edirlər. İşə bax ki, milçəklər yaddan çıxıb. Görəsən, biz özümüzü niyə belə ucuzlaşdırmışıq?
Məşhur bir filmdə deyilir ki, insan hansı həddə qədər imkan verirsə, onu o həddə qədər alçaldırlar. Biz artıq həddi keçmişik.
Bəziləri deyir ki, bu hökumətin siyasətindən baş açmaq olmur. Bir günün içərisində bütün valyutadəyişmə məntəqələrini bağladılar, indi də təzədən açırlar. Niyə bağladılar, niyə də açırlar?
Cavabı sadədir. Məmurların şəxsi maraqları tələb edəndə Konstitusiyanı da ildə 5 dəfə dəyişə bilərlər.
Biz xaricilər üçün hər şeyi edirik, onlar da bizim ölkəmizdə əxlaqsızlığı yaymaq üçün yaxşı pul buraxıb həyasızları qabağa verirlər. İndi də bəzi mətbu orqanlarımız təbliğat aparır ki, insanlar harda gəldi sekslə məşğul olsunlar. Belə əməllərə haqq qazandıran gənc bir qadın Elgizin verilişində dedi ki, qoy, gənclərimiz doya-doya yaşasınlar. Qadınlarımız harda gəldi, kim gəldi qucağına yıxılsınlar.
Bəs ləyaqət hissi harda qaldı?
Ölkəmizdə əxlaqsızlığı yayanların xaricdə güclü dayaqları var. Həmin adamlar Fransada prezidentlik uğrunda mübarizə aparan Emmanuel Makronun təbliğatı ilə məşğul idilər. Həyat yoldaşı özündən 24 yaş böyük olan Makronun homoseksualist olduğu deyilir. 38 yaşlı Makronun həyat yoldaşının 62 yaşı var. Sevgi yaşı keçmiş bir adamın (onun kişi və ya qadın olmasının fərqi yoxdur) övladı yaşında biri ilə ailə qurmasına normal baxmıram. Dünyada mədəniyyətin beşiyi sayılan Fransanı Makron kimi adamlar məhv edə bilər.
Mən orta məktəbdə fransız dili keçmişəm və hesab edirəm ki, fransız dili dünyada ən gözəl dildir. Ümumiyyətlə, Fransada hər şey gözəldir. Bizə orta məktəbdə fransız dilindən dərs deyən Seyfulla müəllim kimi ziyalı insanlar indi məktəblərdə çox azdır. Rəhmətlik Seyfulla müəllimin mənə dediyi sözlər yaddaşıma həkk olunub: "Sən çox vətənpərvərsən. Çox böyük işlər görə bilərsən. Heyif ki qızsan".
Mən hesab edirəm ki, Marin Le Penin prezident seçilməsi Fransanın xilası ola bilərdi. Marin Le Penin atası yəhudilərin əleyhinə danışdığı üçün onu siyasətdən uzaqlaşdırdılar. Yəhudilərin homoseksualist Makronu dəstəkləməsi belə fikir yarada bilər ki, dünyada homoseksuallığı təbliğ edən, homoseksuallara himayədarlıq edənlər yəhudilərdir.
Yenə də Qurana istinad etmək istəyirəm. Ötən yazımda Saleh peyğəmbərin dəvəsi əvəzinə Musa peyğəmbərin dəvəsi yazmışdım. Oxucular məni bağışlayar.
Quranda Lut peyğəmbərlə bağlı surədə göstərilir ki, Lut peyğəmbərin tayfası homoseksuallıqla məşğul olduğu üçün göydən bu tayfanın başına daş yağır və bu tayfa yer üzündən silinir. Bu baxımdan homoseksualist kimi tanınan Tarkana "Formula-2" yarışmasında 500 min dollar qonorar verilməsini Qurana və müsəlman xalqlarına təhqir hesab edirəm. Həmin pula Hacıqabula Kürdən su çəksəydilər, nə qədər ailə torpağını əkib firavan dolanardı.
Bölməyə aid digər xəbərlər