Tarix: 16-03-2017 11:44 | Bölmə: Nadir QOCABƏYLİ
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xərac toplayanları bu bayram günlərində qapı-qapı düşüb su kəsirlər. Abonentlərə qəsdən sayğac qoymur, ailədəki adam başına ayda 2 manat 50 qəpikdən hesablayır, üstəgəl torpaq sahəsinə görə də əlavə ödəniş tələb edirlər. Camaat da susuz qalmasın deyə, bunların şərtlərinə razı olur.
Mən bunların "adambaşı" şərtinə razılaşmadım. 2 il mübarizə apardıqdan sonra keçən ay sayğac qoydurdum.
Sayğacı qoymazdan 1 il qabaq dedilər ki, sizə su işlətiyiniz dövr üçün 79 manat borc yazılıb. Dedim, problem yoxdur, sayğacı qoyun, hər ay onun yazdığının iki qatını ödəyərəm, borcum yavaş-yavaş azalar. Suraxanı rayonunda işləyən Nizami adlı şəxslə telefonda belə razılaşdıq. Amma Nizami müəllim dediyinə əməl etmədi.
Yəni sayğac gəlmədi. Əvəzində ayrı-ayrı vaxtlarda azı 4 qrup gəlib məni əsəbiləşdirdi. Hamısına da durumu lap başdan izah etməli oldum və suları süzülə-süzülə getdilər. Biri hətta suyu kəsməkllə hədələdi. Ona "kəsməyən kişi deyil, - dedim, - kəsən kimi məhkəməyə verəcəm." Nəsə kəsməyə cürəti çatmadı. Telefonunu qulağına qoyub o gedən getdi.
Bir ildən sonra Yavər adında "qılıqlı" bir adam peyda oldu. Dedi ki, məni sizinlə bağlı xüsusi olaraq göndəriblər ki, araşdırma aparım. Ona da hər şeyi başdan danışdım. Nizami müəllimin adını çəkdim, dedi, onun vəzifəsini böyüdüblər, gedib yuxarı.
Nə isə, bu adama da su çəkilişi zamanı bizə qarşı olunan haqsızlıqdan tutmuş, ta sayğaca qədər hər şeyi müfəssəl izah etdim. Həvəssiz dinləyib, dedi ki, sizə 135 manat borc yazılıb. Onu ödəyin, sabah sayğac qoyulsun. Dedim, o qədər pul yoxdur. Əgər sayğacı vaxtında qoyub, pulunuzu aybaay almamsınızsa, zəhmət olmasa, gözləyin hissə-hissə ödəyim. Yalvardı ki, heç olmasa bir hissə ödə. Razılaşdıq ki, 60 manat ödəyirəm, bir gün sonra sayğac qoyulur, borcun qalanı da aybaay sayğacın göstəricisinin iki qatı şəklində ödənilir. Yəni sayğac 10 manat yazırsa, mən 20 manat ödəyirəm və borc yavaş-yavaş azalır.
Ertəsi günü doğrudan da sayğacı gətirib qoydular. İlk ayı sayğac 10 kub yazdı. Bu 35 qəpikdən 3 manat 50 qəpik edir. Halbuki, adambaşına ödəməyə razılıq vermiş olsaydım, 4 nəfərlik ailə üçüm ayda 10 manat ödəyəcəkdim, yəni təxminən 3 dəfə çox. Belə çıxır ki, "Azərsu” ASC sayğacı olmayan abonentin hər birindən ayda 3 dəfə çox pul alır. Cəmiyyətn mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mənim inboksuma şəxsən yazmışdı ki, ölkədə 500 min sayğacsız "Azərsu” abonenti var. Əgər bunlar hər abonentdən çox demirəm, ayda beşcə manat artıq alsalar, görün nə qədər edir? Maraqlıdır, bu pullar kimin cibinə axır?
Mən aramızda olan kişiyana, centlmen sazişinə əsasən, 3 manat 50 qəpik yox, 7 manat ödədim. Növbəti ödənişi də bu ayın sonuna yaxın eyni şəkildə etmək niyyətindəydim ki, yarım saat qabaq 5 nəfərdən ibarət geyimli-kecimli, əvvəllər heç vaxt üzlərini görmədiyim adamlardan ibarət yeni bir heyət qapımı döyüb ərz etdi ki, suya borcum var və əgər bu saat ödəməsəm, kəsəcəklər. Küçədə mərəkə vardı, çünki bir neçə qonşunun suyunu artıq kəsmişdilər. Əksəriyyətinə də deyirlər ki, torpaq sahənə görə, cərimə yazılıb, ödəməmisən, ona görə, kəsmişik.
Onlara izah etdim ki, bəs mənim Nizami müəllimlə, Yavər adlı adamla belə bir razılığım olub. Dedilər ki, bunun bizə heç bir dəxli yoxdur, bizə deyiblər ki, borc ödənilməsə, kəsilməlidir. Soruşdum ki, bu "Azərsu” ASC necə idarədir, necə cəmiyyətdir ki, işçilərini hər ay dəyişir, mənim qapıma indiyəcən 50 nəfərə yaxın adam göndərib və heç birinizin də bir-birinizdən xəbəriniz yoxdur? Qorxmaz Hüseynov bu qədər adamı haradan tapır? Cavab verə bilmədilər. Sayğacın göstəricisinə də baxıb (bu ay da 15 günə 4 kub işlətmişik), dedilər ki, elə bu dəqiqə 79 manat verməsən, suyunu kəsirik.
Dedim, kişilər, axı biz azərbaycanlıyıq, indi bayramdır, sizinləeyni idarəni təmsil edən insanlarla mənim aramda "kişi sözü" olub. Mənim suyla bağlı məsələmi az qala bütün ölkə bilir, bu haqda onlarla status, neçə məqalə yazmışam. Dedilər, müəllim, ya pulu ödəməlisən, ya da suyun kəsiləcək. Bu dəfə onları məhkəməylə hədələməyə həvəsim olmadı, çünki elə məhkəmələr də bunların tayıdır. Tanrının mərhəmətindən, yaxşı ki, bir az ehtiyatım vardı.
Dedim, mən o pulu ödəyərəm, pulum da var. Amma millətimin övladlarının artıq kişiliyi, kişi sözünü bu bayram günündə bir şürük qoz qədər qiymətləndirməməsinə çox məyus oluram. Əhaliyə normal, dürüst, adam kimi xidmət göstərməkdənsə onun işlərini qəsdən dolaşdırıb, borca salmaqdan, sonra boğazına çöküb son tikəsini əlindən almaqdan qorxmusunuzmu? Həm də su kimi ilahi bir nemətə münasibətdə. Qorxmursuz ki, o su bir gün sel olub, özünüzü, balalarınızı boğar? Yəni boylu-buxunlu, ağlı başında, sağlam kişilər olaraq bu ölkədə özünüzə layiqli bir iş tapa bilmirsiniz?
Susdular. Gedib pulu ödədim, qəbzi gətirib göstərdim, çıxıb getdilər.
Bölməyə aid digər xəbərlər