20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Rusiyanı Tramp da xilas edə bilməyəcək
Tarix: 09-01-2017 11:57 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-ın xüsusi xidmət orqanları prezident Barak Obamanın göstərişi ilə, kəşfiyyat məlumatları əsasında Rusiyanın Birləşmiş Ştatlara qarşı kiber hücumu ilə bağlı hesabat hazırlayıblar. Bu hesabat rəsmi Vaşinqtonun Moskvaya münasibətini daha da sərtləşdirib.

Hətta seçki kampaniyası boyunca Rusiyanın və onun diktator lideri Vladimir Putinin ünvanına təriflər deməkdən çəkinməyən Donald Trampın prezident seçilməsi də Vaşinqtonla Moskvanın münasibətlərini yumşaltmayacaq.

Rusiyanın ABŞ-a kiber hücumu ilə bağlı hesabatın məxfiləşdirilmiş variantı Vaşinqtonun siaysi dairələrinin Moskvaya qarşı hiddətini daha da artırıb. Hesabat tamamilə məxfi məlumatlar, o cümlədən Rusiya rəsmilərinin telefon danışıqlarının dinlənməsi əsasında hazırlandığından bu sənəddə əksini tapan məlumatları təkzib etmək mümkün deyil.

Rusiyaya münasibətdə rəğbəti seçilən Tramp da xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdən və hesabatın məxfiləşdirilmiş variantı ilə tanış olduqdan sonra kiber hücumların seçki prosesinə təsir etməsinə birbaşa cavab verməsə də, Rusiyanın ABŞ-a qarşı belə əməliyyatlar apardığını etiraf edib. Doğrudur, Tramp Rusiyanın adını Çinlə bir sırada çəkib, ancaq o, bundan əvvəl belə fikirləri ümumiyyətlə işlətmirdi.

ABŞ-ın yeni vitse-prezidenti seçilən Mayk Pens isə bildirib ki, Tarmp səlahiyyətlərinin icrasının ilk günlərində kiber hücumlarla bağlı sərt addımlar atacaq.

Pensin bu fikrinin arxasında nələrin dayandığını iki-üç həftədən sonra biləcəyik. Hələlik isə bir məsələni tam aydınlığı ilə söyləmək olar ki, ABŞ-Rusiya münasibətlərində yumşalma mümkün olmayacaq.

ABŞ-ın dövlət siyasətini müəyyən edən Konqress üzvülərinin əksəriyyəti Rusiyaya qarşı kəskin münasibət bəsləyirlər. Məsələn, Respublikaçılar Partiyasının Konqresdəki qeyri-rəsmi lideri hesab olunan senator Con Makkeyn Rusiyanın ABŞ-a qarşı kiber hücumunu müharibə aktı adlandırıb. Konqress üzvülərinin əksəriyyəti senator Makkeyinin bu mövqeyini bölüşürlər. Artıq konqresmenlərin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlamağa başlamaları haqqında məlumatlar var. Konqressin yeni sanksiyaları isə Rusiyanın bank sektorunu tamamilə əhatə edər ki, bu da Şimal qonşumuzun iqtisadiyyatını iflic edəbilər.

Görünür, Moskvada da Vaşinqtondakı ab-havanın fərqindədirlər. Putinin ABŞ prezidenti Obamanın dekabrın sonlarında tətbiq etdiyi sanksiyalara cavab verməməsi də Rusiya rəsmilərinin Vaşinqton siyasətçilərini daha da qızışdırmaqdan çəkinməsi kimi yozulmalıdır. Əgər belə olmasaydı Putin 35 Rusiya diplomatının rusvayçı şəkildə ABŞ-dan qovulmasını rahat həzm edə bilməz, hansısa cavab tədbirləri görərdi. Hətta Obamanın Rusiya diplomatlarını qovmaq qərarı açıqlandıqdan sonra Rusiya mətbuatı Putinin də oxşar addım atacağı haqqında qəti fikirlər bildirirdilər. Ancaq Putin Rusiya ictimaiyyətindəki gözləntinin əleyhinə gedərək belə bir addımı atmadı.

Şərhçilər Putinin bu addımını Moskvanın Vaşinqtonu daha da qıcıqlandırmaqdan çəkinməsi ilə izah edirlər. Əlbəttə ki, onlar bu fikirdə tamamilə haqlıdırlar. Moskvanın hakim dairələri anlayır ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti yumşalmasa ölkəni iqtisdi böhrandan xilas etmək mümkün olmayacaq. Ona görədə, Putin Obamanın təhqirini cavabsız buraxmaq məcburiyyətində qaldı.

ABŞ-ın siyasi dairələrində hakim olan əhval-ruhiyyə isə belə deməyə əsas verir ki, Moskvanı Vaşinqtonun yeni sanksiyalarından Donald Tramp da xilas edə bilməyəcək. Tramp yalnız çox qısa müddət ərzində Rusiya ilə münasibətləri yumşaltmağa cəhd edə bilər. Amma bu cəhdlərin müsbət nəticə verəcəyi inandırıcı deyil.


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər