20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Neft zənginlərinin qara günləri
Tarix: 13-03-2017 11:50 | Bölmə: Xəqani CƏFƏRLİ


Neft istehsalçısı olan ölkələrin ötən ilin noyabrında "qara qızıl”ın istismarını və ixracını kəskin şəkildə - gündəlik 1,2 milyon barel azaltması hesabına dünya bazarında bahalaşma müşahidə olunurdu. İndi isə neft yenidən ucuzlaşmağa başlayıb.

Fevralın 13-dən müşahidə olunan bu tendensiya martın 8-də neft istehsalçıları üçün qorxunc röyaya çevrildi. Həmin gün Brent marakalı neft bir gün ərzində 5 faiz ucuzlaşdı.

Ekspertlər əvvəllər dünya bazarında neftin qiymətinin ucuzlaşmağa başlamasını İranın "qara qızıl”ın ixracını artırması ilə izah edirdilərsə, son günlər neftin qiymətinin kəskin çöküşünü ABŞ-da neft ehtiyatlarının kəskin artımı ilə əsaslandırırlar.

Belə ki, 24 fevral - 3 mart tarixləri arasında ABŞ-ın kommersiya ehtiyatları 8,22 milyon barel artaraq rekord səviyyəyə - 528,4 milyon barelə çatdı. ABŞ-ın kommersiya neft ehtiyatlarının kəskin artımı isəfevralın əvvələrindən başlayaraq istehsalın artması ilə izah olunur. Yalnız 6-10 fevral tarixləri arasında ABŞ-da neft buruqlarının sayı 8 ədəd artaraq 591-ə çatıb.

ABŞ-dan gələn xəbərlər isə belə deməyə əsas verir ki, neft ölkələrinin qara günləri hələ qabaqdadır. Belə ki, Donald Tramp iqtidarı federal hökumətin səlahiyyətləri altında olan Meksika körfəzində 300 min kvadrat kilometr ərazini neft və qaz istismarı üçün şirkətlərə icarəyə verib. Bu isə ABŞ-da neft və qaz istehsalının bir neçə aydan sonra kəskin artacağı deməkdir.

Məsələnin qəliz tərəfi ondan ibarətdir ki, ABŞ-ın yeni iqtidarı federal hökumətin səlahiyyətləri altında olan əraziləri neft və qaz istismarı üçün icarəyə verməkdə davam edəcək. Bununla bağlı ABŞ Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, federal torpaqların vəsuların neft və qaz quyularının qazılması üçün icarəyə verilməsi prezident Donald Trampın Birləşmiş Ştatları enerji asılılığından qurtarmağa yönələn planın yalnız bir hissəsidir.

Qeyd edək ki, Barak Obama iqtidarı ekoloji problemləri əsas gətirərək sahil zolağında neft və qaz istismarını məhdudlaşdırırdı. Donald Tarmp isə hələ seçki kampaniyası zamanı bəyan etdi ki, neft istehsalına və ixracına qoyulan bütün qadağaları aradan qaldıracaq. Ekspertlər qeyd edirlər ki, əgər Tramp neft istehsalı ilə bağlı vədini yerinə yetirsə, bir-iki ildən sonra dünya neft bazarında xaos yarana bilər.

Neft ölkələri üçün bəd xəbər yalnız bu deyil. Fransanın neft nəhəngi "Total” da dünyanın müxtəlif ölkələrində 10 böyük layihə həyata keçirmək niyyətindədir. Bu zaman isə Səudiyyə Ərəbistanı, Rusiya və İran dünya neft bazarında struktur dəyişikliyə yol verməmək üçün ixracatı artırmağa meyillənəcəklər. Bu isə dünya neft bazarında yaşanan bolluğu daha da artıra, qiymətləri isə kəskin ucuzlaşdıra bilər. Əgər proseslər bu ssenari üzrə inkişaf edərsə, bir çox neft ölkəsi Venesuela il eyni taleyi yaşamalı olacaq.


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər