Tarix: 31-03-2016 15:33 | Bölmə: Xəqani CƏFƏRLİ
ABŞ-ın dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı verdiyi açıqlamalar dünya mediasının gündəm mövzularından birinə çevrilib. Kerrinin Rusiyanın Yaxın Şərqdə mövqelərini möhkəmləndirməsinin ABŞ üçün heç bir təhlükə törətmədiyini, Moskvanın Suriyada vəziyyətin stabilləşdirilməsinə və müharibənin bitməsinə yardım etməsinin rəsmi Vaşinqtonun starteji maraqlarına uyğun olduğunu vurğulaması birmənalı qarşılanmayıb.
Əlbəttə, ABŞ-ın maraqlarının nədən ibarət olduğunu, Rusiyanın Yaxın Şərqdə möhkəmlənməsinin ABŞ-ın maraqlarına təhlükə yaradıb-yaratmadığını Kerri bizdən daha yaxşı bilir. ABŞ-ın maraqlarının nədən ibarət olduğu, bu maraqlara nəyin uyğun olub-olmadığını müəyyən etmək də Kerrinin vəzifəsidir. Ancaq Rusiyanın Suriyada vəziyyəti stabilləşdirməyə və müharibənin bitməsinə yardım edəcəyi böyük şübhə doğurur.
Onu da qeyd edim ki, Rusiyanın Suriyadakı hərbi iştirakı Bəşər Əsədin mövqelərini gücləndirib və dünyanın terrorçu təşkilat kimi tanıdığı İŞİD-lə mübarizədə rəsmi Dəməşqə üstünlük qazanmaqda yardım edib. Ancaq Con Kerri və Qərbdə çoxları unudur ki, İŞİD səbəb deyil, nəticədir. İŞİD məhz Əsəd ailəsinin yarım əsrlik hakimiyyətinin acı meyvələrindən biridir. İŞİD-in tamamilə hərbi məğlubiyyəti, hətta özünü İslam xəlifəsi elan etmiş Əbubəkir əl-Bağdadinin ölümü də vəziyyəti köklü şəkildə dəyişməyəcək. Necə ki, ABŞ-ın "Əl-Qaidə” ilə mübarizədə çoxsaylı hərbi əməliyyatlarına, dünyanın bir saylı terrorçusu elan edilən "Əl-Qaidə” lideri Üsamə bin Ladenin məhv edilməsi də bu terror təşkilatını tamamilə məhv etmədi. Əksinə, bu gün "Əl-Qaidə” Üsamə bin Ladenin dövründə olduğundan daha geniş çoğrafi məkanda fəaliyyət göstərir və daha çox üzvü var.
Eləcə də İŞİD-in hərbi məğlubiyyəti, Bəşər Əsədin bütün Suriya üzərində nəzarətinin bərpa olunması terrorun kökünü kəsmədiyi kimi, gücünü də azaltmayacaq. Əksinə, terrorun daha da artmasına səbəb olacaq.
Bu gün artıq Qərbdə bəzi politoloqlar bununla bağlı xəbərdarlıqlar edir və İŞİD-in taktikasını dəyişərək, dövlət qurmaqdan imtina edib, bütün dünya boyunca terrorçuluqla məşğul olmağa üstünlük verə biləcəyini dilə gətirirlər. Bu fikirdə olan politoloqlar Brüsseldəki terror aktlarının da İŞİD-in artıq taktikasını dəyişməsinin sübutu kimi göstərirlər.
Ümumiyyətlə, əsas məsələ İŞİD və ya "Əl-Qaidə”nin mövcudluğu, onların hansı taktikaya əl atacaqları ilə bağlı deyil. Dünya nəhayət ki, terrorla mübarizədən əvvəl terroru doğuran səbəblərlə mübarizə yolunu seçməlidir. Əks halda bir terror təşkilatının yerində başqası yaranacaq. Buna görə də Rusiyanın Suriyada vəziyyətin sabitləşdirilməsinə və müharibənin dayandırılmasına yardım etməsi haqqında Kerrinin fikirlərinin səhv olduğu gün kimi aydındır.
Bölməyə aid digər xəbərlər