Tarix: 12-04-2016 20:38 | Bölmə: Xəqani CƏFƏRLİ
Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı Moskvadan umduqları köməyi ala bilməmələri ermənilərdə ruh düşkünlüyü yaradıb.
Prezident Serj Sarksyan başda olmaqla, az qala bütün Ermənistan göz yaşı tökərək Moskva ilə İrəvanın müttəfiq olduğunu, iki dövlətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvülüyünü və bir-birlərinə hərbi yardım göstərmək haqqında öhdəliklərinin olduğunu yeri gəldi, gəlmədi xatırladırlar.
Rusiyanın baş naziri Dmitri Medvedevin aprelin 7-də İrəvanda qəbul edən Ermənistan prezidenti Sarksyan Azərbaycanın Rusiyadan aldığı silahlardan döyüş əmnəliyyatları zamanı istifadə etməsini erməniləri kədərə qərq etdiyini bəyan edib.
Erənilərin hisslərinin haqlı olduğunu vurğulayn Sarksyan Rusiya ilə Ermənistanın müttəfqiliyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvanın üzərinə müttəfiqlərini qoruma öhdəliyi qoyduğunu xatırlatmağa çalışıb.
Ermənistan prezidenti Avrasiya İqtisadi İttifaqının üzvü olan bəzi dövlətlərin İrəvana gəlməkdən imtina etməsini də Azərbaycana dəstək kimi qiymətləndirməyə çalışıb.
Ermənilərin göz yaşlarına baxmayaraq Rusiyanın Azərbaycana silah satmaqda davam edəcəyi ilə bağlı rəsmi Moskvanın açıqlamasını Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan mənəviyatsızlıq adlandırıb.
Ermənilərdə belə təəssürat yaranıb ki, Azərbaycan Rusiyanın silahlarından asılıdır və onu başqa mənbələrdən əldə edə bilməz.
Ancaq onu nəzərə almırlar ki, Rusiya Ermənistandan fərqli olaraq Azərbaycana silahı pulsuz və Moskvanın kreditləri hesabına vermir. Azərbaycan bu silahları özünün pulu hesabına alır. Rusiya bu silahları satmaqdan imtina etsə, Azərbaycan həmin silahları başqa dövlətlərdən çox asanlıqla ala bilər.
Məlumdur ki, Rusiyanın istehsal etdiyi silah və döyüş texnikasının əksəriyytinin analoqunu Ukrayna, Çin, Pakistan, Türkiyə və İsrail də istehsal edir. Azərbaycan bir sıra döyüş texnikalarının anoloqunu Ukraynadan daha ucuz qiymətə ala bilər.
İsrail istehsalı olan silah və döyüş texnikası isə keyfiyyətinə görə Rusiya silahlarını üstələyir. Şübhəsiz ki, Moskva da bunun fərqindədir və buna görə Azərbaycana silah satmaqdan imtina edə bilmir.
İrəvandan fərqli olaraq Moskvada dərk edirlər ki, varlı Azərbaycan ehtiyacı olan silahları dünyanın başqa dövlətlərindən əldə edə bilər. Dünya silah bazarında Rusiyanın daha böyük rəqabətlə üzləşdiyi, Ukraynanın silah və döyüş texnikası satışında getdikcə ciddi rəqibə çevrilməsi Moskvanın Azərbaycan kimi əlverişli alıcıdan üz çevirməsinə imkan vermir.
Digər tərəfdən, neftin qiymətinin ucuzlaşmasından sonra silah satışı Rusiya üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Rusiyanın strateji əhəmiyyətli hesab etdiyi dövlət şirkətlərinin səhmlərini satmağa hazır olduğu bir zamanda, Erməsinstana görə Azərbaycana silah satmaqdan imtina edəcəyi yalnız ermənilərin ağlının məhsulu ola bilər. Buna görə də, ermənilərin göz yaşlarından narahat olmağa dəyməz.
Rusiya ermənilərin giley-güzarlarına baxmayaraq həmin silahları Azərbaycan satmaqda davam edəcək. Əgər Moskva Azərbaycana həmin silahları satmaqdan imtina etsə, biz həmin silahları başqa dövlətlərdən çox asanlıqla əldə edəcəyik. Ermənilər isə bihudə göz yaşı axıtmaqda davam edir və unudurlar ki, Moskva göz yaşlarına inanmır.
Bölməyə aid digər xəbərlər