20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Şəhidə borc yazanlar
Tarix: 27-06-2017 19:32 | Bölmə: Zaur ƏHMƏD


Son illər ölkəmizdə baş verənlər göstərdi ki, biz hələ nə Vətənimizə, nə Dövlətimizə, nə də bu yolda canından keçənlərə sahib çıxmağı tam öyrənməmişik. Məncə, bunu öyrənmək də mümkün deyil. Bir cəmiyyətin qanında bu varsa, var, yoxdursa, keçmiş olsun!..

Düzü, bu barədə yazmaqdan yorulmuşam. Hətta utanıram. Hər gün mətbuatda bir xəbər oxuyursan. Şəhid ailəsinə sayğısızlıq edildiyini eşidəndə adam yerində dura bilmir. Neçə vaxtdır ki, dişimi sıxıb dayanmışam. Şəhid adının layiq olmadığı müstəvidə çəkilməsini istəmirəm. Bu mövzudan yazmaqdan əzablı və rəzil bir şey yoxdur. Diqqət edirəm, artıq bu mövzudan başqa yazı da yazmıram. Amma deməsən də, yazmasan da olmur. Başımızı aşağı salıb nə vaxta kimi susacağıq? Hansısa məmur şəhid ailəsinə sayğısızlıq edirsə, burada susmağın özü ən böyük sayğısızlıqdır.

İşə baxın e... Bank şəhidi məhkəməyə verir, məhkəmə də onu hesab sormağa çağırır.

Deməli, "Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə verib.

Bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb. Deputat bildirib ki, Xətai rayon Məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb.

Bu status medianın gündəmini zəbt edir. Məsələ böyüyür. Bu xəbərin üstündən qısa müddət keçir, aləm bir-birinə dəyir. Millət vəkili növbəti açıqlama verərək bildirir ki, məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı".

Bu, acı bir gerçəklikdir. İllər boyu bu xalqın boğazından kəsilərək bahalı kreditlərlə milyonlar yox, milyardlar qazanan bank bir şəhidin borcunu bağlaya bilməzdimi? Axı, o borc bank müdirinin bir gecədə xərclədiyi puldan o qədər də çox deyil.

Qanun hamı üçündür, borc qaytarılmalıdır, amma... Ammadan sonra çox şey demək olar, ona da layiq deyilsiniz. Siz övladlarınıza, atalarınıza, qardaşlarınıza, ərlərinizə sarılanda, onlar mərmər daşları qucaqlayırlar.

Siz müharibənin qanlı-qadalı günlərində gözə görünməmək üçün gizlənəndə, onlar əzizlərini bilə-bilə ölümə göndərirdilər. Siz evinizdə şad-xürrəm bir arada olanda, onların nə bayramı bayram idi, nə şadlığı şadlıq.

İllər ötüb, müharibənin od-alovuna ara verilib, qan-qada, ölüm-itim də azalıb. Artıq ard-arda şəhid cənazələri qalxmır. Nə yaxşı ki, hər gün bir evə od düşmür. Nə yaxşı ki, daha bir ata övlad itirmir, uşaq yetim qalmır, qardaş-bacının boynu bükülmür, qadın yarını itirib qaragünlü olmur. Görəsən, bütün bunların nə olduğunu anlayanlarımız nə qədərdir?

Bizdə hər şey imitasiyadır. Demokratiya, iqtisadi inkişaf, humanizm, ədalət, həqiqət, Vətən sevgisi, daha nələr... Aprel döyüşlərində maşınına bayraq bağlayanlar, dəfn günündə izdiham yaradanlar, hardasınız?Niyə şəhidin adına o boyda borc yazan bankın, bir ildir acılar içində qıvrılan şəhid ailəsinin evinə çağırış göndərən məhkəmənin önünə gəlmədiniz? Niyə şəhidin ailəsinə sayğısızlıq edən məmurları fitə basmadınız? Bunun üçün də prezident, yaxud birinci vitse-prezident müdaxilə etməlidir?

Deyəsən, biz artıq millət olmağı da imitasiya etməyə başlamışıq. Odur ki, silkələnmək, özünə gəlmək və dəyərimizə sahib çıxmağın zamanıdır.



Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

bütün xəbərlər