Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
Tarix: 24-01-2026 15:22 | Bölmə: Siyasət

Ana Vətən Partiyasına sədr seçiblər

Bu gün Ana Vətən Partiyasının (AVP) IX qurultayı keçirilib.

Reyting.az-ın məlumatına görə, AVP sədri Fəzail Ağamalı 2020-ci ildən - 2025-ci ilin sonunadək partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra gündəlikdə duran məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.

Ömər Hüseynli partiya sədrinin müavini olub, İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.

Nizamnamədə bir sıra dəyişikliklər də edilib.

Xatırladaq ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı idi. Günay Ağamalının namizədliyini irəli sürən Fəzail Ağamalı oğlu Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirmişdi. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edirdi.





Bölməyə aid digər xəbərlər