Böyük Qarabağ oyunu yeni mərhələdə; Münaqişənin həlli ilə bağlı Rusiyanın təklifləri şübhə doğurur
Tarix: 25-04-2016 17:48 | Bölmə: Slayd

 


2-5 aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların intensivləşməsi, yeni təkliflərin gündəmə gəlməsi problemin diplomatik yolla həllinə diqqəti artırıb. Hazırki prosesdə Rusiya əsas vasitəçi kimi görünür və münaqişənin sülh yolu ilə həlli istiqamətində müəyyən addımlar atdığını bəyan edir.

Hətta işğal altındakı bir neçə rayonun işğaldan azad edilməsi, daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılması kimi müxtəlif versiyalar da səslənməkdədir.

Rəsmi Moskva bəyan edir ki, bu məsələdə əsas mövqeyi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında da bir daha bu mövqelərini bəyan etdi.

Lavrovun qənaətincə, təmas xəttində zorakılıq hallarının artması bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil və olmamalıdır:

"Təmas xəttində baş verənlər göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır. Hazırki mərhələdə 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyi prioritet hesab edirik. Həmin sənədlər müddətsizdir və ona hər kəs tərəfindən hörmətlə yanaşılmalıdır”.

Lavrov qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədrləri üçlüyünə daxil olan ölkə kimi münaqişənin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək:

"Hesab edirik ki, indiki mərhələdə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən 2011-ci ildə Rusiya prezidentinin təşəbbüsü ilə dəstəklənmiş qarşılıqlı etimad, təhlükəsizliyin təmin olunması, insidentlərin araşdırılması tədbirləri vacibdir".

 

Məsələylə bağlı «Reytinq»ə açıqlama verən tanınmış politoloq Zərdüşt Əlizadə isə deyib ki, hazırki vəziyyət münaqişəni nəzarətdə saxlamaq istəyən Rusiyanın cığallığından, dələduzluğundan başqa bir şey deyil.

Z.Əlizadənin sözlərinə görə, Azərbaycan hökumətinin Rusiyanın dələduzluğuna nə dərəcədə razı olacağı, xalqın qanuni hüquqlarını nə dərəcədə müdafiə edəcəyi, Azərbaycan prezidenti və xarici işlər nazirinin məharətindən asılı olacaq:

«Hələlik həyat elə gətirib ki, Azərbaycan Ermənistandan güclüdür və əhəmiyyətlidir. Amma burada Rusiyanın imperialist istəkləri var. Azərbaycan vaxtiylə böyük səhvlər edərək Qarabağı ermənilərə verib, indi də geri qaytarmaq istəyir. Rusiya isə buna imkan vermir və münaqişənin qalmasını istəyir ki, Cənubi Qafqaza nəzarəti davam etdirsin. Azərbaycanın hazırki status-kvoya razı olub-olmayacağı isə hələlik konkret ortada deyil. Əslində münaqişənin bünövrəsi bu məqsədlə qoyulub”.

Politoloq qeyd edib ki, münaqişə başlayanda erməni tərəfini cürətləndirdilər, həvəsləndirdilər, Azərbaycanın qanuni hüquqlarını isə müdafiə etmədilər. Nəticədə ordusu olmayan iki dövləti vuruşdurdular və nəhayət, Cənubi Qafqazda istədikləri mənzərəni yaratdılar:

"Sonra hər iki ölkəni Kreml divarlarından qarmaqla asdılar. İndi Rusiya növbə ilə Ermənistana, Azərbaycana silah verir, balansı saxlayır və hər iki ölkəni özündən asılı edir.

Hakimiyyətdəkilərlə yanaşı, hər iki ölkənin cəmiyyətlərini də bir-birlərinə nifrət üzərində kökləyirlər. Bu siyasət nəticəsində iki ölkə arasında yaxınlaşma mümkün olmadı. Yəni, qarşılıqlı etnik nifrət rus modelinə dəstək verir.

Nə qədər ki, özünü vətənpərvər sayan heyvərələr bağırırlar ki, «Rədd olsun ermənilər, biz onlarla heç vaxt bir araya gələ bilmərik!», bir o qədər də rusların dəyirmanına su tökürlər.

Nə qədər ki, Ermənistanda özünü vətənpərvər sayıb, «Türklər düşməndir, onlarla heç vaxt razılaşmarıq!» -deyənlər var, məsələ həllini tapa bilməz.

Ağılı adamlar isə deyərdilər ki, biz qonşuyuq, aradakı ziddiyyətləri müzakirə etməliyik və qarşılıqlı güzəşt əsasında razılığa gəlib münaqişəyə son qoymalıyıq ki, Rusiyanın əsarətindən xilas olaq.

Rusiyanın dəstəklədiyi dələduz, xain dəstə var ki, xalqın malını yeyir. Onları kənarlaşdırmaq lazımdır ki, gənclər ölməsin, evlər dağılmasın. Bunu qanmayan, düşmənçiliyi təbliğ edənlər isə vətənpərvər deyillər».

Münaqişənin həll olunmamış qalması və status-kvonun saxlanılmasının tərəflərə nə verəcəyinə gəlincə, Z.Əlizadə deyib ki, hər iki hakimiyyət Rusiyanın iradəsinə uyğun hərəkət edir və qarşılığında hakimiyyətdə qalmalarına dəstək alırlar:

«Bu gün Serjik də (Ermənistan prezidentini nəzərdə tutur-red.), İlham Əliyev də Rusiyanın müsbət münasibətini qazanıb. Buna görə də onlar Qarabağ münaqişəsinin həlli üçün sülh potensialından istifadə eləmirlər.

Məsələ ondadır ki, hər iki tərəfin cəmiyyəti də xəstədir. Ermənistanda da, Azərbaycanda da cəmiyyətlər etnik nifrət xəstəliyinə tutulublar. Bu "xəstəliyi” rəsmi mətbuat, «ziyalılar» gecə-gündüz yayırlar. Hakimiyyətlərin də bunda marağı var. Çünki əgər münaqişə qurtarsa, xalq hakimiyyət boyunduruğundan xilas olacaq və başqa şeylər haqqında düşünəcəklər. Yəni, konstitusion, iqtisadi azadlıqlar, siyasi tələblər, demokratiya haqqında düşünəcəklər. Amma indi bu hüquqlardan söz açanda deyirlər ki, orda düşmən dayanıb, yumruq kimi birləşməliyik.

Ter-Petrosyan neçə dəfədir erməni xalqını birləşdirib -Robiki, Serjiki yıxmaq istəyəndə, o dəqiqə deyirlər ki, Qarabağ məsələsinə görə türklərin qarşısında vahid mövqedən çıxış etməliyik».


Onu da nəzərə çatdıraq ki, aprelin əvvəlində başlayan döyüşlərə ara veriləndən sonra münaqişənin həlli ilə bağlı Rusiya tərəflərlə daha aktiv danışıqlara başlayıb. Görəsən, danışıqlar prosesi yenə "mövsimi” xarakter daşıyacaq, yoxsa müsbət nəticələr əldə edilə bilər?

Bu sualın cavabında Z.Əlizadə bildirib ki, hər hansı müsbət nəticə gözləmək əbəsdir:

«Mən əminəm ki, Rusiya vasitəsiylə aparılan danışıqlar münaqişənin həllinə səbəb olmayacaq.

90-cı illərin əvvəlində də tərəflər bir-birləri ilə düşmən kimi idi, Rusiya arada söz aparıb gətirirdi. Elə təkliflər irəli sürürdü ki, tərəflər razılaşmasın. İnd idə həmin oyun davam edir.

Azərbaycan və Ermənistan sülhə nail olmaq istəyirsə, vasitəçilərsiz - Fransa, Amerika, Rusiya olmadan - sakitcə oturub müzakirə aparmalıdır. Bu müzakirələrə xalqı da dəvət eləsinlər. Açıq bildirsinlər ki, münaqişə davam edərsə nə olacaq, həll olunarsa, nə baş verəcək. O zaman problemi həll etmək mümkündür».

Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə gəlincə, Z.Əlizadə belə bir çözüm variantının mümkün olmadığını diqqətə çatdırıb.

«Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Bu, silah satmaq üçün uydurulmuş bir şeydir.

Ermənistan tərəfdən hərb variantı nədir? Erməni ordusu hücuma keçir. Azərbaycanın ərazisi də, əhalisi də, iqtisadiyyatı da bir neçə dəfə ondan böyükdür. Hücum edirlər, ilk manevrdə uğur qazanırlar, amma sonra darmadağın olunurlar və Rusiya müharibəni saxlayır.

Azərbaycan tərəfi müharibəyə başlayır, uğur qazanır, Rusiya müdaxilə edib deyir ki, Ermənistan müttəfiqimdir, ona dəstək verir. Ya rus donanması Bakı limanına daxil olur, ya şimaldan qoşunlar ölkə ərazisinə girir, ya da rus aviasiyası Azərbaycanı bombalayır. Beləliklə, Azərbaycan münaqişəni dondurmaq məcburiyyətində qalır.

Yəni, müharibə variantının nəticəsi budur. Ona görə də müharibə deyən adam siyasətdən və gerçəklikdən xəbərsizdir, özü müharibə görməyib, dünya müharibələrinin tarixini bilmir.

Amma sülh potensialından istifadə eləmək olar. Əsas odur ki, cəmiyyətin fikrini dəyişəsən, ümumi düşüncəni düşmənçilikdən barışa yönəldəsən.O zaman nəyəsə nail olmaq mümkündür», - deyə politoloq fikrini tamamlayıb.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər