Sahil Babayevin adı korrupsiya qalmaqalında - Nazirin kadr və yoxsullarla bağlı siyasəti narazılıqları artırıb
Tarix: 30-12-2018 09:07 | Bölmə: Slayd
Sahil Babayevin adı korrupsiya qalmaqalında - Nazirin kadr və yoxsullarla bağlı siyasəti narazılıqları artırıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması müqabilində xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar müxtəlif şəxslərin narazılığına səbəb olub.

Reyting.az-ın məlumatına görə, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edib. Elə ötən həftə ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev də Sahil Babayevin dostlarındandır. Deyilənə görə, S. Babayev vaxtilə H. Abdullayevin İqtisadiyyat Nazirliyində də karyera yüksəlişinə dəstək verib.

Məlumatda qeyd olunur ki, əvvəllər bank sektorunda işləyən Hidayət Abdullayev 2011-ci ildə Sahil Babayevin dəstəyi ilə İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə Beynəlxalq layihələr üzrə müdir müavini vəzifələrində çalışıb. S. Babayev nazir təyin ediləndən 4 ay sonra isə onu özünə müşavir təyin edib. Bir neçə gün əvvəl isə ƏƏSMN-nin Aparat rəhbəri təyin olunmasına imza atıb.

Nazirlikdəki mənbəmiz bildirir ki, S. Babayevin heç nəyə məhəl qoymadan, İqtisadiyyat Nazirliyi ilə biznes sektorundan gətirdiyi kadrları ƏƏSMN-də üstün mövqe qazanıblar. Həmin komanda isə nazirlikdəki “köhnə qvardiya”nı sıxışdırır, əksəriyyətini vəzifələrdən azad ediliblər, az bir qismini isə hələlik aşağı vəzifələrə keçirib, onların bilik və bacarığından müəyyən müddət yararlanmaq istəyirlər.

S. Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi ilə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirib. Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Amma Sahil Babayev Məmməd Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də nazirlikdə yaradılan DOST-da işlə təmin edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclasında Sahil Babayev Şuranın sədri olub. Məmməd Musayev isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevlə birlikdə 7 nəfərlik Şura üzvündən birinə çevrilib.

Sahil Babayevin adı korrupsiya qalmaqalında - Nazirin kadr və yoxsullarla bağlı siyasəti narazılıqları artırıb

Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan “inəkpaylama” aksiyasında əsas yeri tutur. Bu faktlar göstərir ki, Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolaysı ilə Fuad Musayevin nəzarətinə verib. İddia olunur ki, mal-qaranın alınmasına məsul MMC də F. Musayevin nəzarətindədir.

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşı isə deyir ki, narazılıqlara səbəb olmuş həmin MMC və onun rəhbəri haqqında cəmiyyətə ətraflı məlumat verilməlidir: “Kimindir bu MMC? Həmin MMC nə vaxt yaranıb və onun belə bir iş təcrübəsi varmı?”.

Mənbəmiz nazirliyin bu istiqamətdə ətraflı açıqlama verəcəyinə inanmır: “Bunun səbəbini hələlik açıqlamıram. Amma əminəm ki, bu MMC haqqında hər şeyi mümkün qədər gizlədəcəklər. Bu yöndə artan narazılıqlara isə yalnız ümumi cavab verməklə, həmişəki kimi vəziyyətdən çıxmağa çalışacaqlar. Necə ki, iqtisadçı Qubad İbadoğlunun açıqlamasından sonra məsələyə ətraflı aydınlıq gətirməkdən yayındılar”.

Məlumatlı şəxs bir neçə gün əvvəl iqtisadçı Qubad İbadoğlunun inəkpaylama aksiyasına toxunaraq, yazdığı və müxtəlif KİV-lərdə yer alan faktları da xatırladıb. Əlavə edib ki, Q. İbadoğlu haqlıdır:

“Yada salım ki, Qubad İbadoğlu nazirliyin ÜSY alan vətəndaşlara payladığı heyvanların sağlam olmadığını, onların dişsiz, qısır, bəzi hallarda qotur olmasının bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricisi olduğunu bildirib. Qubad İbadoğlu əlavə edib ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər.

İndi siz nazirliyin Qubad İbadoğlunun bu açıqlamasına verdiyi cavaba diqqət edin. Sahil Babayevin nazirlikdəki “Qara qutusu” sayılan nazir müavini Anar Əliyev mətbuata açıqlamasında vətəndaşlara qısır, dişsiz, şikəst, qotur heyvanların verilməsi hallarının olmasını dolayı da olsa, gizlədə bilməyib. Nazir müavini bildirib ki, verilən mal-qara ilə bağlı hər hansı problem yarananda, müvafiq aktivlərlə dəyişdirilib.

İndi kimsə xalqa başa salsın ki, nazir müavini “Problem yarananda dəyişdirlib”lə nə demək istəyib? Yəni bu, iqtisadçının iddia etdiyi heyvanların paylanılmasını təsdiq etmirmi? Əmin olun ki, fakt belədir”.

Qeyd edək ki, nazir müavini A. Əliyev bu məsələdə F. Musayevlə S. Babayevin ortaq anlaşdığı MMC-dən danışsa da, onun adını çəkməyib. Sadəcə, qeyd edib ki, “biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq: “Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir”.

Gördüyünüz kimi, nazir müavini ümumi şəkildə, detallara varmadan, məsələdən açıq yayınan sözlər işlədib. Əlbəttə, ondan fərqli izahat gözləmək də mümkün deyil. Çünki yuxarıda qeyd etdiyim səbəblərdən, bu, onun birbaşa nazirə, onun özəl və ümumi maraqlarına qarşı çıxması demək olardı”.

Məlumatlı şəxsin iddiasına görə, S. Babayev nazirliyin daxilində ehtiyat etdiyi şəxsləri demək olar ki, tam zərərsizləşdirib:

“Əlbəttə, Sahil Babayev bu sahədə yenidir. Bəzi məsələləri dərindən mənimsəmək üçün bir neçə ehtiyatlandığı köhnə kadrlara hələlik ehtiyacı var. Əminəm ki, müəyyən müddətdən sonra onlarla da yollarını ayıracaq”.

Mənbəmiz bildirib ki, hazırda Sahil Babayevin dostlarının təqdimatı ilə ƏƏSMN-də vəzifə gözləyən xeyli şəxs var: “Onların bəzilərinin təqdimatçıları qədər, özlərinin də tərcümeyi-halı maraqlıdır. Əmrləri verilən kimi, adlarını redaksiyanıza təqdim edərəm”.

Reyting.az nazirliyin də məsələyə münasibətinə hörmətlə yanaşır və qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}