09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Tarix: 06-11-2025 16:49 | Bölmə: Slayd
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir

“Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək məqsədilə erməniləri Orta Şərqdən qədim Azərbaycan torpaqlarına - İrəvana, Qərbi Azərbaycan ərazilərinə köçürüb, üstəlik, onların bir qismini də Qarabağda yerləşdirib. Heç kimə sirr deyil ki, indiki Ermənistan dövlətinin qurulduğu ərazilər Azərbaycan torpaqlarıdır. Bunun üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. Rusiyanın arxivlərində cəmi qısa müddət işləməklə bu həqiqətləri üzə çıxarmaq və yenidən təqdim etmək mümkündür. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley mərasimində səsləndirdiyi fikirlər tarixi həqiqətlərə əsaslanır və bunu kimsə, xüsusilə də ermənilər, inkar edə bilməz”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

A. Mollazadə qeyd edib ki, bu faktlar tarixi reallıq olduğundan, mübahisə doğuracaq heç bir məsələ yoxdur:

“Bəli, Çar Rusiyası tərəfindən tərtib edilən xəritələr mövcuddur və həmin xəritələrdə Qərbi Azərbaycandakı toponimlər məhz Azərbaycan dilində göstərilib. Sonradan ermənilər tərəfindən saxtalaşdırılan və dəyişdirilən toponimlərin bu torpaqların tarixi ilə heç bir əlaqəsi yoxdur. Odur ki, tarix olduğu kimi təqdim edilməli və bütün tərəflər bunu qəbul etməlidir”.

Deputatın sözlərinə görə, bu gün əsas məqsəd bir zamanlar Qərbi Azərbaycandan deportasiya edilən və zorla qovulan soydaşlarımızın ata-baba yurdlarına qayıdışını təmin etməkdir:

“Söhbət həmin torpaqlara tankla, topla qayıtmaqdan getmir. Bu proses sivil şəkildə həyata keçirilməli, insanlar üçün münasib şərait yaradılmalıdır”.

A. Mollazadə hesab edir ki, Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın tarixi torpaqlarına qayıdışı və orada yaşaması mümkündür:

“Əminəm ki, bu, baş verəcək. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər