09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
Tarix: 28-11-2025 13:09 | Bölmə: Slayd
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq

“ABŞ-ın Ukraynada müharibəyə son qoymaq məqsədilə hazırladığı sülh planı naməlum sənəd idi və ABŞ Dövlət Departamentinin rəsmi saytında yox idi. Əslində 28 maddəlik sənədin çiy, qeyri-peşəkar hazırlandığına dair iddialar mövcuddur. Rusiya isə bu sənədi müdafiə edirdi. Hətta iddialara görə, sənəd ilk olaraq rus dilində yazılıb, sonra ingiliscəyə çevrilib. Odur ki, onda kobud, ziddiyyətli və bir-birini təkzib edən müddəalar var idi. Ən əsası, əvvəlcədən bilinirdi ki, bu sənəd işləməyəcək”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ tərəfindən Ukraynada müharibəni dayandırmaq məqsədilə hazırlanmış sülh sənədini müzakirə edərkən deyib.

“Həmin sənəddə qeyd edilir ki, Ukraynada sülh əldə edildikdən sonra qırıcı təyyarələr Polşaya yerləşdiriləcək. Halbuki bu məsələdə Polşanın razılığı alınmayıb. Digər tərəfdən, qırıcılarla yanaşı bombardmançı təyyarələr, helikopterlər var. Onlar harada yerləşdiriləcək? Və ya Ukraynadamı qalacaq?

Yeri gəlmişkən, 2022-ci ildə ruslar tələb edirdi ki, Ukraynanın 85 minlik ordusu olsun. Səhv etmirəmsə, İstanbul danışıqlarında da belə tələb və ya şərt irəli sürülürdü. Amma bu sənəddə qeyd edilir ki, sülh əldə edildikdən sonra Ukrayna 600 minlik ordu saxlaya bilər. Maraqlıdır, sülh əldə edilirsə, bu halda 600 minlik oruduya nə ehtiyac var? Yəni belə ziddiyyətli məqamlar var. Həm də bu, sülh sənədindən daha çox təkliflərə oxşayır”,- A. İsazadə izah edib.


Azad İsazadə

Ekspert vurğulayıb ki, bu sənədə nə Rusiya, nə də Ukrayna imza atacaq:

“Belə bir sənədin qəbul edilməsinə Avropa da imkan verməz. Odur ki, bu sənədin taleyi qaranlıqdır”.

A. İsazadə əlavə edib ki, sənəddə Ukraynanın yenidən qurulması məsələsi də var: “Qeyd edilir ki, bunun üçün Rusiya kapitalından 100 milyard Ukraynaya yönəldilir, daha 100 milyard da Avropa yatırır. Əvəzində ABŞ heç nə etmir, ancaq qazanır. Bu, əslində, alveri nəzərdə tutan sənəd idi”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər