Zülfüqarov: Prezident doğru qərar verib, əsgərlərimizi təhlükəyə ata bilmərik
Tarix: 14-01-2026 17:27 | Bölmə: Slayd

Zülfüqarov: Prezident doğru qərar verib, əsgərlərimizi təhlükəyə ata bilmərik

“İlk olaraq Misirdə irəli sürülən sülh təşəbbüsünün uğurla nəticələnib-nəticələnməyəcəyi hələlik bəlli deyil. Proses başa çatmayıb. Yəni Qəzza ilə bağlı sülh təşəbbüsü hazırda sual altındadır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Qəzzaya sülhməramlı hərbi kontingent göndərməməsi ilə bağlı qərarını şərh edərkən deyib.

O, bir şərqşünas kimi qeyd edib ki, ərəblərin türklərə münasibəti hər zaman müsbət olmayıb və bunun tarixi kökləri Osmanlı dövrünə gedib çıxır:

“Bu məqamlar bizə də aid ola bilər. Həmçinin məlumdur ki, HƏMAS müəyyən qüvvələrin təsiri altındadır. Bu amildən istifadə edən, Azərbaycanı sevməyən qüvvələr ölkəmizə qarşı kampaniyalar apara bilərlər. Zaman-zaman bu cür cəhdlərin şahidi olmuşuq. Sözsüz ki, Azərbaycan Qəzza ilə bağlı sülh təşəbbüslərində iştirak edərkən həm deyilən, həm də deyilməyən məqamları diqqətlə nəzərə alır”.

Zülfüqarov əlavə edib ki, Azərbaycan indiyədək hər zaman Fələstinlə həmrəy olub və beynəlxalq təşkilatlarda onunla bağlı qəbul edilən qərarları dəstəkləyib:

“Eyni zamanda, Azərbaycan Fələstinlə, Fələstinin Qarabağ məsələsində Azərbaycanla həmrəy olduğu qədər həmrəy ola bilər. Yəni bu məsələlər qarşılıqlıdır. Sözsüz ki, biz əsgərlərimizin həyatını təhlükə altına ata bilmərik. Buna heç bir ehtiyac da yoxdur. Əgər kimsə bu problemin həllini istəyirsə, buyurub ortaya çıxsın. Dünyada iyirmidən çox ərəb dövləti var və onlar bu məsələyə daha çox diqqət yetirməlidirlər”.

Sabiq nazir bildirib ki, Fələstin prosesinə diqqətlə baxdıqda aydın olur ki, əslində, HƏMAS-ın ilk rəqibi Fələstin administrasiyası olub. Zülfüqarov xatırladıb ki, vaxtilə HƏMAS Qəzzaya nəzarəti ələ keçirərkən ilk olaraq Fələstin administrasiyasının nümayəndələrini bu ərazidən çıxarıb:

“Əlbəttə, bu məsələlər son dərəcə mürəkkəbdir, çətindir və sadə həll yolları yoxdur. Lakin problemin həlli istiqamətində atılan addımlar yüksək qiymətləndirilməlidir. Biz də bu təşəbbüsləri dəstəkləyirik. Ancaq hərbçilərimizin taleyini risk altına ata bilmərik. Bu baxımdan hesab edirəm ki, əsgərlərimizin taleyi ilə oynamaq olmaz və Azərbaycan prezidentinin qərarı son dərəcə müdrikdir”.

Nemət ORUCOV

Reyting.az





Bölməyə aid digər xəbərlər