AMEA ittihamlarla razılaşmır: Plagiat qalmaqalı böyüyür - Fotolar
Tarix: 16-05-2019 11:03 | Bölmə: Cəmiyyət
AMEA ittihamlarla razılaşmır: Plagiat qalmaqalı böyüyür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov İnstitutun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə mediaya açıqlamalar verdikdən sonra institutun direktoru, akademik Möhsün Nağısoylu tərəfindən təzyiq və təhdidlərlə üzləşdiyini açıqlayıb.

Reyting.az-ın məlumatına görə, bir müddət öncə Bizimyol.info-ya açıqlama verən İ. Ababsov bildirmişdi ki, həmin kitab M. İ. Adilov, Z. N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürülüb. Kitabın redaktorları AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoyludur.

AMEA ittihamlarla razılaşmır: Plagiat qalmaqalı böyüyür
M. Nağısoylu

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu İdris Abbasovun ittihamalrına cavab verib:

“İdris Abbasovun, əsasən, böhtan və iftiralarla dolu yazılarına uzun müddət dözmüş, onun səviyyəsinə enmək istəməmiş, daha doğrusu, belə bir insana baş qoşmaq niyyətindən çəkinmişəm. Ancaq İ. Abbasovun yazılarından da göründüyü kimi, artıq şər və böhtanlar həddini aşdığı üçün ona cavab vermək məcburiyyətindəyəm. Əvvəlcə İ. Abbasovun necə bir insan olmasının sübutu olaraq mənim haqqımda yazdığı aşağıdakı tərifləri sitat kimi diqqətə çatdırıram:

“Bir müddət əvvəl “Feysbuk”da “Dilçilik İnstitutu niyə düzəlmir?” başlıqlı kiçik bir status yazmışdım. Təbii ki, buna təkan verən səbəb institutda uzun illər kök salmış bəzi “işbaz”ların suyu bulandırması və yeni institut rəhbərinin humanizmindən öz bədxah niyyətləri üçün sui-istifadə etməyə köklənməyi oldu. Qeyd edim ki, uzun müddət institutda özbaşınalığı həyat tərzinə çevirmiş 2-3 “hiperaktiv”, neçə-neçə direktorlar yola salan və yeni “qiymətli miniatürlər” yaradan şöbə müdirləri və onların bir neçə züy tutanlarının dədə-baba vərdişinə çevirdikləri çirkin əməllərindən və şəxsi ambisiyalarından əl çəkməmələri, yeni direktora saxta sədaqət nümayiş etdirərək öz amplualarında qalmağa çalışmaları, əlbəttə, ən təcrübəli rəhbərin işini belə çətinə sala bilər.

Bu problemlərin həlli müəyyən vaxt, təmkin, prinsipiallıq, qətiyyət, vicdan və düzgün taktikanın seçilməsini tələb edir. Təbii ki, elmin sinəsində “xərçəng azarı”na çevrilən həmin ünsürləri təmizləmək işində vicdan, elmi təəssübkeşlik və qanunun aliliyi ən ümdə məsələlərdəndir. Şükürlər olsun ki, M. Nağısoyluda bu əzm və iradə, eyni zamanda vicdan, ədalət, səmimiyyət duyğusu var və hər şey müsbətə doğru dəyişməkdədir.

Nə qədər tənqidi tərifdən üstün tutan birisi olsam da, etiraf edək ki, Tofiq Hacıyevdən sonra Dilçilik İnstitutuna yeganə rəhbərlik edə biləcək şəxs varsa, o da elm təəssübkeşi Möhsün Nağısoyludur.

İndi nə oldu? Necə oldu ki, mən bu qısa zaman kəsiyində bu qədər dəyişdim. Necə oldu ki, məni bir vaxtlar tərifləyən İ. Abbasov indi ünvanıma özünün uydurduğu bu cür ağır ittihamlar irəli sürür?

Daha sonra ilk növbədə onu bildirmək istəyirəm ki, İ. Abbasovun yazısındakı bütün məlumatlar, o cümlədən aşağıdakılar uydurmadan başqa bir şey deyil:

“Faktik olaraq, institutda heç bir iş görülmür. Çünki direktoru iş maraqlandırmır. Onu ümummilli maraqlar naminə söz deyən, plagiat faktını təsdiqləyən İdris Abbasovu zərəsizləşdirmək və göz dikdiyi büdcədən əlavə vəsait mənimsəmək maraqlandırır. Qəfil iclas keçirir, izahatlar tələb edir, lüğətlərdə plagiat problemi ilə bağlı məqalə yazmış şöbə əməkdaşı elmi şurada ölümlə hədələnir və s.

“Bir sözlə, M. Nağısoylu “institut sirlərini yayan” hər kəsi zərərsizləşdirmək qərarına gəlib. O bu tapşırıqların akademik İsa Həbibbəyli tərəfindən verildiyini deyir və bundan sonra heç kəsdən çəkinməyəcəyini bildirir. Özü heç bir faydalı iş görə və ya gördürə bilməyən M. Nağısoylu dövlət vəsaitini mənimsəməsi ilə fəxr edir, əlinin altında olan işçilərə iş gördürmək əvəzinə, onlardan iş görənləri psixdirib uzaqlaşdırmaq üçün istifadə edir”.

Başdan ayağa yalan və iftiradır. Əvvəla, mən uşaq deyiləm ki, İdris Abbasov barədə kimdənsə, xüsusilə də hörmətli akademik İsa Həbibbəylidən tapşırıq alam.

İkincisi, İdris Abbasovun diqqətə çatdırıram ki, ondan fərqli olaraq mən Azərbaycan elmi ictimaiyyətində həm elmimlə, həm də humanistliyimlə tanınan bir insanam. Təvazökarlıqdan uzaq olsa da, qoy İdris Abbasov bilsin ki, mənim zəngin həyat təcrübəm var, ağır sınaqlardan ləyaqətlə çıxmış adamam. 1967-1970-ci illərdə hələ indiki BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi olarkən Əfqanıstanda tərcüməçi işləmiş və oradan Fəxri fərmanla qayıtmışam. 1972-1975 və 1982-1986-cı illərdə də Əfqanıstanda tərcüməçi işləmişəm. Bu sahədə çalışanlar yuxarıdakı faktların nə olduğunu yaxşı bilirlər. Buna görə də İnstitutda hər hansı bir hadisə ilə bağlı qərar verməkdə tam müstəqiləm. Buna ağlım da, iradəm də çatar. Bu məsələdə kimsənin tapşırığına, diktəsinə ehtiyacım yoxdur.

AMEA ittihamlarla razılaşmır: Plagiat qalmaqalı böyüyür
İ. Abbasov

İdris Abbasovun diqqətinə onu da çatdırıram ki, mən əmək fəaliyyətinə birbaşa Elmlər Akademiyasında başlamışam. 48 ildir ki, bu elm məbədində çalışır və bununla fəxr edirəm. 48 kitabın və 400-ə yaxın məqalənin müəllifiyəm.

Qaldı ki, Dilçilik İnstitutunda işlədiyim müddətdəki fəaliyyətimə (2016-2019) bu barədə həm institut əməkdaşlarının, həm də müvafiq orqanların kifayət qədər məlumatları var. 2016-cı ildən institutda tam sabitlik yaranıb ki, bu da normal elmi fəaliyyət üçün başlıca şərtlərdən biridir. İnstitut əməkdaşları ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun iki qrant layihəsinin qalibi olmuşlar. Bu müddətdə institutda 3 beynəlxalq elmi konfrans, onlarla respublika konfransı keçirilib. Hər il institutda onlarla kitab və monoqrafiya nəşr olunur. Bu qəbildən olan digər işlər haqqında məlumat verməyi məqsədəuyğun saymıram. Bütün bu görülən işlər, təbii ki, İdris Abbasovu qane etmir, çünki bu şəxs həyatda yaxşılıqları görə bilmir, onu əvvəlki bir neçə iş yerində olduğu kimi, yenə də yalnız və yalnız özünün subyektiv fikrinə görə mənfi saydığı hallar və “qalmaqallar” maraqlandırır. Sosial şəbəkə qəhrəmanı İdris Abbasov gününün və vaxtının çoxunu status yazmaqda, öz uydurmaları ilə aranı qızışdırmaqda keçirir. Özü də onu ən çox maraqlandıran sahə plagiat məsələsidir. Özünün dediyinə görə, bir nəfər məşhur alimin kitablarının plagiat olmasını sübut etmək üçün düz 6 ay işləyib, hətta buna görə gözlərini də korlayıb. Mən keçən il ona bir ağsaqqal kimi məsləhət gördüm ki, vaxtını belə işlərlə keçirməkdənsə, gəl sənə ərəbcə bir əlyazma qaynağı verim, onu dilimizə tərcümə et. Boyun olmadı, razılaşmadı. Çünki onu bu cür ciddi elmi işlərdən daha çox uydurmaları, böhtan və şərləri maraqlandırır. İdris Abbasov son bir neçə ildə institutda dövlət sərəncamlarının icrası ilə bağlı keçirilən tədbirlərdə, eləcə də institut əməkdaşlarının yubileylərində, demək olar ki, iştirak etməyib. İnstitut elmi şurasının iclaslarında da “fərqlənmək” istəyir. Gah yersiz atmacalar atır, gah da iclası pozmaq üçün şit hərəkətlərə yol verir. Bundan əlavə, öz əməllərini ört-basdır etmək üçün şantaja əl atır: guya o, “institutun maraqlarını nəzərə almamaqda və sirlərini yaymaqda” ittiham olunur. İnstitutun nə sirləri ola bilər? Bura elmi qurumdur və görülən işlərdən hamı xəbərdardır.

Məni 100 minlərlə dövlət vəsaitini mənimsəməkdə təqsirləndirən İdris Abbasova son cavabım belədir: Belə bir ağır ittihama görə siz yaxın zamanlarda məhkəmədə cavab verməli olacaqsınız. Siz özünüz məni belə bir addım atmağa məcbur edirsiniz.

P.S. İdris Abbasovun böhtan dolu yazıları ilə bağlı bəzi saytlara da iradımı bildirmək istəyirəm. Xahiş edirəm Abbasovun yoxlanılmamış ucuz məlumatlarını saytınıza yerləşdirməkdə tələsməyəsiniz. Bu, ilk növbədə sizin saytınızın nüfuzuna mənfi təsir edə bilər. Həm də bu məsələdə, yəqin ki, siz də müəyyən qədər məsuliyyət daşıyırsınız.”

İdris Abbasov institut direktorunun açıqladığı məsələyə mövqeyini bildirib.

Bizimyol.info saytına açıqlama verən İdris Abbasov deyib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu mətbuata verdiyi açıqlamada ünvanına əsassız ittihamlar səsləndirib:

“Bəzi yanlışlıqlara yol verməklə yanaşı, həm də məni məhkəmə ilə hədələyib. Direktorun hövsələdən çıxmasının əsas səbəbi ötən il dövlət vəsaiti hesabına çap olunmuş “İzahlı dilçilik terminləri lüğəti”nin (kitabın baş redaktorları akademiklər İsa Həbibbəyli və M.Nağısoyludur) başdan-ayağa plagiat olması və başqa mənbələrdən köçürülməsi ilə bağlı mətbuatda gedən diskussiyalardır. Mən apardığım araşdırmalara və dünyaşöhrətli lüğətşünas alimlərin tutarlı dəlillərinə əsaslanaraq həmin diskussiyalarda bu lüğətin həqiqətən plagiat olması və başqa kitablardan sözbəsöz (hətta misallar belə dəyişdirilmədən) köçürülməsi qənaətinə gəlmişəm, bu nalayiq plagiat əməlinin həqiqi alim vicdanı ilə bir araya sığmayan addım olduğunu demişəm və bunu bir daha təkrar edirəm.

M. Nağısoylu isə məsələyə elmi-əxlaqi prinsiplərdən yanaşmaq əvəzinə, plagiatçıları müdafiə etmiş, hətta tərtibçilərdən birini yüksək məbləğdə pulla mükafatlandırmışdır. Daha sonra “lüğətdə plagiat olmur” xoruna qoşulan direktor mətbuata verdiyi müsahibədə iddia etmişdir ki, guya Azərbaycan Əqli Mülkiyyət Agentliyi bu lüğətin plagiat olmaması barədə əsas tərtibçi S. Sadıqovaya sənəd vermişdir. Lakin adı çəkilən agentlik açıqlamasında kimsəyə belə bir sənəd verməməsini və “tərtib edilən istənilən lüğətdə plagiatın mümkünlüyü” barədə məlumat yaydıqdan sonra Dilçilik İnstitutunun rəhbərliyi və bu institutu yedəyində saxlayan akademik İsa Həbibbəyli taktikanı dəyişərək müxtəlif üsullarla məni susdurmaq qərarına gəliblər. Ona görə də mənim işə gəlib-getməyimin dəqiqəsini hesablayır, başqa ali məktəbdə dərsdə və AAK-da iclasda olduğum günlərdə iclas təyin edir, gəlməyəndə isə izahat tələb edir, kollektivi mənə qarşı qaldırır, psixoloji təzyiqlər göstərir, məni psikdirməyə çalışırlar. Mən anlayıram ki, bütün bu addımların, o cümlədən məni məhkəmə ilə təhdid etməyin arxasında biabırçı plagiat faktını ört-basdır etmək, ictimaiyyətin diqqətini bu ciddi məsələdən yayındırmaq məqsədi dayanır.

M. Nağısoylu açıqlamasında üç il əvvəl onun haqqında yazdığım müsbət fikirləri misal gətirib, guya məni “dəyişməkdə” ittiham edir. Bəli, bataqlığa düşmüş Dilçilik İnstitutunda problemlərin həlli üçün “müəyyən vaxt, təmkin, prinsipiallıq, qətiyyət, vicdan və düzgün taktikanın seçilməsinin” vacib olduğunu düşünürdüm. Həm də elm adı altında işbazlıq edən “ünsürləri təmizləmək işində vicdan, elmi təəssübkeşlik və qanunun aliliyinin ən ümdə məsələ” olması qənaətində idim və əvvəllər sadə və zəhmətkeş alim kimi tanıdığım “M. Nağısoyluda bu əzm və iradə, eyni zamanda vicdan, ədalət, səmimiyyət duyğusu”nun işləri müsbətə doğru dəyişəcəyini düşünürdüm. Təəssüf ki, Möhsün müəllim ümidləri doğrultmadı. Məlum oldu ki, onun idarəçiliyi də, alimliyi də çox məhdud səviyyə üçündür, institutu da, M. Nağısoylunun özünü də başqaları idarə edir.

Özünün də “Feysbuk”da profili olan M. Nağısoylunun məni “sosial şəbəkə qəhrəmanı” adlandırması onun ciddi təfəkkür problemi olması qənaətini yaradır. Eləcə də mənim, az qala xuliqan kimi təqdim olunmağım və guya elmi şuranın iclaslarını pozmaq cəhdim ucuz demaqogiyadan o yana keçmir. Axı institutda həqiqi alim dostlara bəllidir ki, mən Azərbaycan dilçilik elminin ayaqlar altına atılmasına, plagiatçılara bu qədər geniş meydan verilməsinə etiraz edirəm, dilçiliyimizin ən aparıcı problemlərinə həssaslıqla yanaşılmasına çağırıram. Bəs siz nə istəyirsiniz, Möhsün Nağısoylu?!

Siz və sizi idarə edənlər, mənə istədiyiniz qədər təzyiq edə bilərsiniz. Amma özünüzə də dediyim kimi, mən bir addım da geri çəkilməyəcəyəm. Mənimsənilən vəsait büdcəyə qaytarılmalıdır, plagiat kitab üçün xərclənən dövlət vəsaiti qəpiyinə qədər geri qaytarılmalıdır.

Hazırda Dilçilik İnstitutunun heç bir faydalı işlə məşğul ola bilməyən direktoru Möhsün Nağısoylu intriqaları körükləyir, şöbə müdirlərini, “institut çörəyi yeyənləri” məni “ifşa” üçün səfərbər edir. O, Azərbaycan Əqli Mülkiyyət Agentliyinin yanlış yolda olanlar üçün əlverişsiz açıqlamasının günahını kitabın plagiat olduğunu təsdiq edənlərdə və ictimailəşdirənlərdə görür. Faktik olaraq, institutda heç bir iş direktoru maraqlandırmır. Onu ümummilli maraqlar naminə söz deyən, plagiat faktını təsdiqləyən İdris Abbasovu zərəsizləşdirmək və büdcədən əlavə vəsait mənimsəmək maraqlandırır. Qəfil iclas keçirir, izahatlar tələb edir. Hətta qanunsuzluq o dərəcəyə çatıb ki, lüğətlərdə plagiat problemi ilə bağlı məqalə yazmış şöbə əməkdaşı elmi şurada ölümlə hədələnir və s.

Bir sözlə, M. Nağısoylu “institut sirlərini yayan” hər kəsi zərərsizləşdirmək qərarına gəlib. O bu tapşırıqların akademik İsa Həbibbəyli tərəfindən verildiyini deyir və bundan sonra heç kəsdən çəkinməyəcəyini bildirir. M. Nağısoylu dövlət vəsaitini mənimsəməsi ilə fəxr edir, əlinin altında olan işçilərə iş gördürmək əvəzinə, onlardan iş görənləri psikdirib uzaqlaşdırmaq üçün istifadə edir. M. Nağısoylu onları inandırıb və əsaslandırıb ki, İ. Abbasov plagiatı təsdiq etməklə dövlət vəsaitini mənimsəyənlərin hamısına ziyan edib. Ona görə də İdris Abbasov və lüğətin plagiat olmasını təsdiq edən hər kəs yerindəcə cəzalandırılmalıdır.

Onu da vurğulamaq istəyirəm ki, digər dövlət qurumlarını öz oğurluq işinə şərik etməyə çalışan, onların adından saxta bəyanatlar yayan M. Nağısoylu ilk növbədə özünü vicdan məhkəməsinə versin! Dövlətə sədaqətin “Möhsün Nağısoylu modeli” qəbul edilə bilməz!”

AMEA ittihamlarla razılaşmır: Plagiat qalmaqalı böyüyür
S. Sadıqova

Professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı İdris Abbasovun iddialarına münasibət bildirib. (Report)

“Çox təəssüflə qeyd etmək istərdik ki, Son zamanlar bəzi elektron nəşrlərdə İdris Abbasovun “İzahlı dilçilik terminləri lüğəti” (Bakı, 2018, 912 səh.) haqqında qeyri-peşəkar fikirləri tirajlanır. Artıq Dilçilik İnstitutunda sabitliyi pozmaqda onun hərəkətləri pik həddinə gəlib çatıbdır.. Lüğətin tərtibçilərinin təhqir edilməsi bir yana… Növbəti hədəfləri… yenə akademiklərdir. Əvvəllər olduğu kimi…

Öz elmi rəhbərinin akademik Vasim Məmmədəliyevin “Ərəb dilçiliyi” dərsliyi ilə bağlı “525-ci qəzet”ində yazılır:

“Paralel” qəzetində filologiya üzrə fəlsəfə doktoru İdris Abbasovun “Vasim Məmmədəliyevin ərəb dilçiliyi görüşləri: tədqiqat, yoxsa plagiat?” adlı davamlı (doqquz) məqaləsi dərc olunub. Qəzetin ilk nömrələri çıxar-çıxmaz İdris Abbasov poçtalyon kimi qapı-qapı düşüb onları paylamağa. Bununla ürəyi soyumayıb, yazılarını qəzetə verib və nəhayət, tamam rahat olmaq üçün onları “Facebook” səhifəsində yerləşdirib. Eyni zamanda ərəbşünaslar arasında tanınmayan İdris Abbasov birdən-birə nəzər-diqqəti özünə cəlb etmək üçün uğursuz bir yol seçib: oxucuların əksəriyyətinin dilçilikdən uzaq olmalarına arxayınlaşaraq, müxtəlif böhtanlarla Vasim Məmmədəliyevə “qarşı çıxmaq”. (Qəribə təfəkkürdür).

Amma o, ad qazanmaq əvəzinə nifrət qazandı və “nankor” tələbə kimi yaddaşlarda həkk olundu. Lakin həmin dərslik indi də tələbələrin stolüstü kitabıdır. Bu gün də bu əməlinin yenə də davamı kimi Nəsimi adına Dilçilik İnstitutunun professorlarını ya plagiat, ya da rüşvətxor adı ilə təhqir edir və nə isə əldə etmək istəyi ilə vuruşur. Necə ki, əvvəlki hərəkətlərinin davamı kimi…

Vaxtilə professor Fəxrəddin Veysəlli İdris Abbasov haqqında yazırdı:

“Azərbaycanda uşaqlar müxtəlif südlə böyüyürlər. Kimi ana südü ilə, kimi inək südü ilə, kimisi isə süni qidalarla. Bəlkə elə bu səbəbdən məmləkətimizdə halal süd əmmişlərin sayı azalır. Son zamanlar tez-tez qəribə bir məqamla rastlaşırıq. Sanki insanların bir çoxu şər-böhtan atmaqla böyüyürlər. Elə ki, boyları bir qarış artdı, iddiaları boylarını da keçir. Bəzən də bu iddiaların içində elə İdris Abbasov kimi yalanlar içində boğulurlar”.

İndi də həmin İdris Abbasov dayanmadan “İzahlı dilçilik terminləri lüğəti”ilə bağlı ictimaiyyəti çaşdıraraq guya plagiat terminlərin siyahısını verir”. Heç bir lüğət tərtib etməyən “alim”ə izah edə bilmirik ki, terminlər alimlərin apardığı tədqiqat prosesində yaranır, tərifi, izahı verilir. Lüğətlərdə isə onlar toplanır. Bir də ki, artıq dilçilik elminin inkişafı ilə bağlı olaraq yüzlərlə sabitləşmiş terminlər var. Onu necə dəyişmək olar? Məsələn, orta məktəbdə tədris olunan dərsliklərdə öz əksini tapan vurğu, heca, cümlə, isim, sifət və s. yüzlərlə terminin tərifini İ. Abbasov plagiat saymasın – deyə yenidən tərif verək? Məntiqə bax… Eləcə də müqayisə etdiyi lüğətlərdə verilən terminlərin mühüm bir hissəsi onlardan əvvəl tərtib olunmuş lüğətlərdə var. Bu lüğətin prinsipindən irəli gəlir. Əvvəlki terminləri saxlamaq şərti ilə yeni terminlər yarandıqca lüğətlər təkmilləşdirilir. Rus dilində dilçiliklə bağlı 5, türk dilində 12-yə qədər lüğət var. Yenə də heç bir lüğətdə terminlər tam şəkildə toplanılmayıb. Çünki bu olduqca ağır və çətindir. Lakin bu əziyyətin nə olduğunu bilməyən İ. Abbasovun fikirləri ictimaiyyəti çaşdırmağa xidmət edir. Hətta Əqli Mülkiyyət Agentliyinin sorğuya verdiyi cavab saxtalaşdırılır. Cavabda qeyd edilir ki, “Müəlliflik hüququnun pozulması o zaman yaranır ki, əgər digər şəxs tərtib olunmuş əsərdə verilən müəlliflik hüquqi əlamətlərini, o cümlədən tərtibat əsərinə daxil olan elementlərin və ya bu materialların düzümünü və ardıcıllığını təkrarlayır və mənbəyə istinad edilmir”. Lüğətdə isə bu halların heç birinə yol verilmir və istifadə olunmuş ədəbiyyatda bütün mənbələr öz əksini tapmışdır. Ancaq ictimaiyyət yenə də yalan məlumatla çaşdırılır ki, “guya lüğətin plagiat olması təsdiq olunub”.

Bu yalanlara nə vaxt son qoyulacaq. Lüğətin nəşr olunmasına küllü miqdarda vəsaitin xərclənməsini iddia edən “həmkarıma” çatdırmaq istəyirik ki, lüğətin nəşrinə cəmi 1200 manat pul xərclənib. İctimaiyyəti aldadaraq guya lüğət qrant layihəsi ilə tərtib olunub. Hansı layihədən söhbət gedir…açıqlasın… Guya külli miqdarda dövlət vəsaiti xərclənib. Yalanlar… insanları aldatmaq…Təhqir edənlər, yalan məlumat verənlər cəzalandırılmalıdır.

İdris Abbasovun nəzərinə çatdırırıq ki, lüğətin tərtibində məqsəd-dilçilik elminin müxtəlif sahələri, bölmələrini əhatə edən anlayışları toplayıb elmi ictimaiyyətə əhatəli geniş məlumat materialı vermək, elmi işçilərin, müəllimlərin, tələbələrin gündəlik təcrübi fəaliyyətinə kömək etməkdən ibarətdir. Bu baxımdan lüğətdə plagiatlıqdan danışmaq qeyri-mümkündür. Bununla bağlı məlumat dərc olunan kimi AMEA-nın Humanitar bölməsinin vitse-prezidenti, akademik İ. Həbibbəylinin rəhbərliyi ilə toplantı keçirildi və müvafiq qərar qəbul edildi. Lüğətin dəyərini bu sahə ilə bağlı çalışan mütəxəssislər verir. Dəfələrlə mətbuatda dərc olunan Mütəxəssislərin fikrinə görə lüğətdə plagiat yoxdur məqalələrinə İdris Abbasov məhəl qoymadan yazır. Çünki onun məqsədi yaradıcı insanların fəaliyyətini pozmaqdır. Ondan əlavə İ.Abbasovun nəzərinə çatdırırıq ki, İnstituta gələn qonaqlara – Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və s. lüğət təqdim olunanda niyə susurdu? 2018-ci ilin yanvarından dekabrına kimi təriflənən lüğəti İ.Abbasov niyə dekabr ayından guya jurnalist araşdırması kimi saytlarda plagiat kimi şantaj etməyə başladı… Çünki İnstitutda sabitliyi pozmaq üçün özünə həmkar axtarışına çıxanda professor S. Sadıqovadan rədd cavabı aldı. Bundan sonra lüğəti hədəf götürdü. Üstündə səs yazısı aparatı gəzdirən… İ. Abbasov saytlara insanları təhqir edən vasitə kimi baxır... Elmi Şuranın hər bir üzvü onun tərəfindən saytlarda plagiat alim kimi təhqir edilir. İllərlə qazanılan adlar, insan ləyaqəti alçaldılır. Lüğəti tərtib edənlərin hər biri 30-40 ildir ki, bu İnstitutda işləyir. İdris Abbasov isə birdən-birə ixtisasına uyğun olmayan “Dil nəzəriyyəsi” şöbəsinə müdir təyin olunur. Hesabatlarda Nəzəri dilçilik mənim üçün yaddır, niyə məni bura təyin ediblər- bilmirəm, hələ uyğunlaşa bilmirəm….mənə yaddır.. Bu sözləri deyən İ.Abbasov elmi iş görmək əvəzinə, əvvəlki işini- alimləri təhqir etmək, saytlarla hədələməklə məşğuldur. Vaxtilə Fəxrəddin Veysəlli (onun da əsərini cəfəngiyat adlandırırdı) yazırdı: Son zamanlar İdris Abbasovun adı mətbuatda çox hallanır. Onun Azərbaycan elmində “evcik-evcik” oynamaq həvəsi, nədənsə, məndə onu araşdırmaq hissi yaratdı. Kimisi dedi ki, İdris Abbasov yüksək vəzifəli şəxslərdən birinin qohumudur və ona arxalanır. Bu səbəbdən də istədiyi qəzetdə istədiyini dərc etdirir. Amma nədənsə, biz bunlara inanmaq istəmədik. Son vaxtlar mətbuatda İdris Abbasovun filan alim savadsızdır, filankəs plagiat yazır və s. kimi yazılarına çox rast gəlmək olur. Savadsızlıqda və ya plagiatlıqda ittiham olunan alimlər isə qəribədir ki, Azərbaycan dövləti, ölkə prezidenti tərəfindən fəxri orden və adlarla təltif olunmuş, Prezident təqaüdü almış, elmdə öz möhürlərini vurmuş dünya şöhrətli alimlərdir. Bütün bunları araşdırarkən fikirləşirəm ki, bu tanınmış alimləri qərəzli tənqid etməklə bəlkə İdris Abbasov prezident qərarlarına hörmətsizliyini nümayiş etdirmək istəyir?”. Doğrudan da ömrünü elmə həsr edib, elm aləmində öz möhürünü vurmuş akademikləri, professorları böhtan yazılarla təhqir etmək… Bu nə vaxta kimi davam edəcək?

İdris Abbasovun hücumunun motivi bəllidir.. Heç bir iş görmədən, işə gəlmədən, alimləri qorxutmaqla istədiyinə nail olmaq. Həmkarlar təşkilatının qeyd etdiyi kimi, iş saatları olduqca azdır. Bu da əmək müqaviləsini pozmaq deməkdir. Faktlar göz qabağındadır… Öz elmi rəhbəri olan “Şərəf” və “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin “Ərəb dilçiliyi” adlı dərsliyini plagiatlıqda qərəzli ittihamı, eləcə də akademiklər haqqında son yazıları bir daha sübut etdi ki, bu şəxs ölkə Prezidentinin təltif etdiyi adlara qeyri-ciddi yanaşır, öz şəxsi ambisiyalarına görə alimləri qərəzli ittiham edir. Bu cür “şanlı” keçmişə malik İdris Abbasovun özünü növbəti dəfə “isbatlamaq” üçün hədəfi isə AMEA Dilçilik İnstitutunun bir qrup əməkdaşlarının tərtibçiliyi ilə nəşr olunan “İzahlı dilçilik terminləri lüğəti”dir. Lüğətin rəyçiləri – akademik Nizami Cəfərov və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovdur. Lüğətin tərtibçilərindən biri olan Prezident Aparatı yanında Dil Komissiyasının üzvü, Tərəqqi medalı ilə təltif olunan, 20 monoqrafiyanın, 300-dən artıq məqalənin, 7 lüğətin tərtibçisi, o cümlədən 40-dan artıq lüğətin redaktoru və ön sözünün müəllifi professor Sayalı Sadıqovadır. İnstitutda iş görülmədiyi ilə bağlı saxta məlumat verilir. Təkcə Terminologiya şöbəsində 2018-ci ildə “Yeni terminlərin izahlı lüğəti”, (Bakı, “Elm”, 2018, 240 səh.), Şəlalə Hümmətlinin “Abdulla bəy Əfəndizadə Azaqbəylinin son türk əlifbası”, (Bakı, “Elm və təhsil”, 144 səh.), Aysel Qəriblinin “Türkologiya”, (həmmüəllif, Bakı, 2018, 292 səh.), “Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genetipologiyası, (Bakı, 2018, “Elm və təhsil”, 165 səh.) əsərləri və “Terminologiya məsələləri” toplusunun iki nömrəsi nəşr olunmuşdur. Terminologiya şöbəsində nəşr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)” (Bakı, “Elm”, 510 səh.) əsəri Azərbaycan Milli Elmlər Akademiyasının ilin mühüm nailiyyəti sırasına daxil edilmişdir. Bütün şöbələrdə də bu elmi fəaliyyət davam etdirilir. Biz tənqidlərə faktlarla, gördüyümüz işlərlə cavab veririk. Bəs İdris Abbasov hansı faktlarla cavab verəcək? Şöbəsində hansı əsərləri nəşr olunub….? Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun gördüyü işləri saytlarda saxtalaşdırmaqla…..? Elmi Şuranı telefona çəkərək professorları hədələmək və saytlara yalan məlumat verməklə…? İnsanların yaddaşından bəzi şeylər silinsə də, “Google” heç nəyi unutmur. Sadə bir araşdırma aparsaq görərik ki, İdris Abbasovun indiyə kimi neçə adamın üstünə “plagiat”lıq motivi ilə “şığıyıb”. Və ya dəyişən konyuktur altında dünən savadsızlıqlarından danışır, sonra onu tərifləyir. Bu psixoloji hücumlardan isə ləzzət alır… Yəqin ki, hər bir kəs öz vəzifəsini dərk etməlidir…”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}