Ölkə təhsilinin ciddi problemləri… - Ekspertlər nə düşünür?
Tarix: 19-06-2019 17:11 | Bölmə: Slayd
Ölkə təhsilinin ciddi problemləri… - Ekspertlər nə düşünür?

Artıq 2018-2019-cu tədris ili başa çatıb. Ali məktəblərə daxil olmaq istəyən abituriyentlər həm buraxılış, həm də qəbul imtahanlarında iştirak ediblər. Belə demək mümkündürsə, artıq qəbul imtahanları ilə bağlı ilkin nəticə də var.

Görəsən, bu ilin nəticələrinə əsaslanıb, ötən tədris ilini, orta təhsilin keyfiyyətini necə qiymətləndirmək olar?

Ölkə təhsilinin ciddi problemləri… - Ekspertlər nə düşünür?
Etibar Əliyev

Bu barədə fikirlərini Reyting.az-la bölüşən təhsil eksperti Etibar Əliyev deyib ki, orta təhsilin bir sıra istiqamətlərində inkişaf var, amma əvvəlki problemlər də qalır:

“Bir neçə fənn üzrə beynəlxalq olimpiada qaliblərimiz oldu. Yeni imtahan modelinin tətbiqinə baxmayaraq, bu il 600-dən yuxarı bal toplayan abituriyentlərin sayında elə də ciddi dəyişiklik olmadı. Baxmayaraq ki, 700 bal toplayan hələlik yoxdur, ümumi nəticələrdə ciddi fərq də qeydə alınmayıb. Aşağı bal toplayanların nisbətinə görə isə, hələlik təhlil aparmaq mümkün deyil. Çünki orta təhsilin keyfiyyətinin qiymətləndirilməsi daha çox aşağı ballıların sayı ilə müəyyənləşir. Yəni, bu, birbaşa funksional savadsızlığa təsir göstərən amildir. Söhbət 0-200, yaxud 200-300 bal toplayan abituriyentlərin faiz nisbətindən gedir. Ancaq indiki nəticələr deyir ki, nə sıçrayışlı inkişaf var, nə də ciddi geriləmə”.

Müsahibimiz orta məktəblərdə tətbiq olunan kurikulumlarla bağlı problemlərə də toxunub: “Kurikulumlar yeni tətbiq olunmağa başlayanda, biz, bunun fəsadlarının olacağını demişdik. Həmin dövrdən xeyli vaxt keçib. Artıq kurikulumlar 11-ci sinifləri əhatə edir. İlk vaxtlar kurikulumlardakı çatışmazlıqları diqqətə çatdırmışdıq. Lakin Təhsil Nazirliyinin keçmiş rəhbərliyi bu tövsiyələrə əməl etmədi.

Bəs, yeni kurikulumlar məktəblərə nə verdi?

Bir sıra bacarıqların ölçülməsində yetərsizlik müşahidə olunmağa başladı. Müəllimlər və şagirdlər tərəfindən standartların dərk olunmaması mənfi fəsadlara yol açdı.

Bu müddətdə yeni nəsil dərsliklərin yazılması da müşahidə olunmadı. Köhnə proqramlar əsas götürülərək kosmetik dəyişikliklər edildi və dərsliklərdəki məzmun olduğu kimi saxlanıldı. Bu isə yeni bacarıqların ölçülməsinə mənfi təsir göstərdi”.

E. Əliyev qeyd edib ki, ən ciddi məsələlərdən biri də müəllim hazırlığı ilə bağlıdır: “Yəni, yeni proqram və standartları əxz edib, bunu şagirdlərə aşılaya biləcək müəllim ordusu yetişə bilmədi. Bu imtahanların nəticələri də göstərdi ki, müəllimlər açıq tipli test tapşırıqlarının həllini və buna uyğun olaraq şagirdlərdə bacarıqların formalaşmasının öhdəsində gələ bilmir. Düşünürəm ki, növbəti mərhələlərdə bu məsələlər yenidən təhlil olunmalı, vəziyyətdən çıxış, problemlərin həlli üçün təkliflər hazırlanmalıdır”.

Ölkə təhsilinin ciddi problemləri… - Ekspertlər nə düşünür?
Elşən Qafarov

Digər təhsil eksperti Elşən Qafarov isə Reyting.az-a açıqlamasında bildirib ki, 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin 11-ci siniflərini bitirən 81 minə yaxın məzundan 61 mininə bir qədər yaxını 1-ci mərhələdə, 52 mini isə ikinci mərhələdə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət ediblər. Onun sözlərinə görə, 20 min məzunun təhsilini davam etdirmək istəməməsi və ya təhsillərini davam etdirmək üçün xarici ölkələrə üz tutması bu sahədə ciddi problemin olduğunu göstərir: “Orta ixtisas təhsili pilləsinin ləğv edilərək, ali təhsilin ilk səviyyəsinə çevrilməsi, qəbul imtahanlarının sadələşdirilməsi, qəbul imtahanlarının qruplar üzrə deyil, ixtisaslar üzrə aparılması istiqamətində ciddi işlər görülməlidir. Əks tədqirdə, biz hər il, qəbul imtahanlarından sonra ali və orta ixtisas məktəblərimizdə boş qalan yerləri necə “doldurmağı” düşünməyə məcbur olacağıq”.

E. Qafarov qeyd edib ki, təhsili idarə edənlərin 2013-cü ildən başlayaraq təhsil işçilərini kütləvi şəkildə nazirlikdən “təmizləməsi”, bu sahədən anlayışı olmayanların nazirlikdə əsas vəzifələrə gətirilməsi, təhsilin qanunvericilik, hüquqi normativ sənədlər, təlimatlar əsasında deyil, sosial şəbəkə üzərindən və telefon zəngləri əsasında idarə olunması, digər tərəfdən, təhsili idarə edən şəxslərin biri-birinin ardınca buraxdığı kobud səhvlərin acı nəticələri ümumtəhsil müəssisələrində özünü açıq şəkildə biruzə verir: “Ən acınacaqlı hal isə müəllimin və məktəbin nüfuzunun aşağı düşməsidir. Bu, çox ciddi fəsaddır və buna görə Təhsil Nazirliyinin aparıcı şəxsləri məsuliyyət daşıyırlar”.

Ekspert onu da vurğulayıb ki, məktəblərdə dağıdılmış tədris mühitini “kölgə təhsili”nin, yəni repetitorluğun “arxasında” gizlətmək mümkün olsa da, bərbad hala salınmış tərbiyə mühitini, bu prosesin acı nəticələrini gizlətmək mümkünsüzdür. E. Qafarovun qənaətincə, yaranmış acınacaqlı vəziyyətdən ən çox əziyyət çəkən elə müəllimlərimizdir.

Z. ƏHMƏD

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}