ATƏT nümayəndələri Azərbaycan və Ermənistan nazirlərinin Vaşinqton görüşü barədə bəyanat yayıb - Foto
Tarix: 21-06-2019 02:43 | Bölmə: Siyasət
ATƏT nümayəndələri Azərbaycan və Ermənistan nazirlərinin Vaşinqton görüşü barədə bəyanat yayıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüşdən sonar ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

Reyting.az xəbər verir ki, bəyanatda həmsədrlərin nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşdükləri bildirilir.

Qeyd olunur ki, onlar ABŞ Dövlət katibinin Avropanın və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki hazırki vəziyyət barədə məlumatlandırıblar.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

"Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər", - deyə bəyanatda bildirilir.

ATƏT nümayəndələri Azərbaycan və Ermənistan nazirlərinin Vaşinqton görüşü barədə bəyanat yayıb

Vasitəçilər bəyanatlarında cəbhə zonasında baş verən insan itkisindən təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Son vaxtlar cəbhədə insan itkisi ilə nəticələnən insidentlərdən təəssüfləndiklərini bildirən həmsədrlər, tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etmək və təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar.

XİN rəhbərləri həmçinin yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşınqton görüşünün nəticələri barədə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir.

"Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.

3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.

Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}