Dünyanın neft oyunları: Səudiyyə və Rusiya növbəti dəfə üz-üzə gəlir
Tarix: 06-04-2020 13:56 | Bölmə: Slayd
Dünyanın neft oyunları: Səudiyyə və Rusiya növbəti dəfə üz-üzə gəlir

Dünyanı təsir altına alan yeni növ koronavirus epidemiyası bir çox qlobal bazarları “vurmaqla” dünyada neftə olan təlabatı da azaldıb. OPEK və ondan kənarda qalan neft istehsalçısı olan ölkələrin neftin hasilatını aşağı salmağa razılaşmaması xam neftin qiymətini son 17 ilin ən aşağı səviyyəsinə endirib.

Reyting.az
xəbər verir ki, OPEK və ondan kənardakı neft istehsalçısı olan ölkələr arasında razılığa gəlinməməsindən sonra Səudiyyə Ərəbistanı neft bazarında mövqeyini gücləndirmək məqsədilə cəhdlər edib. Səudiyyənin bu cəhdləri isə qlobal bazarda xam neftin qiymətinin ucuzlaşması ilə nəticələnib.

Moskva və ər-Riyad arasında martda yeni razılaşmanının əldə edilməməsinin ardınca Səudiyyə hökuməti neftin istehsalını artırmaq və alıcılara endirimlər etmək qərarı verib.

Mütəxəssislər hesab edirlər ki, neft bazarında stabillik yaranmazsa uzun müddətli böhran ABŞ-ın neft şirkətlərinə ölümcül zərbə vura bilər.

Mütəxəssis Roberto Ambrosioya görə, Səudiyyənin müttəfiqi ABŞ-ın Moskvaya təzyiqlər etməsinə nail olmaqla bu nəhəng ölkəni öz sırasına qatmağa çalışır. Onun fikrincə, Səudiyyə Ərəbistanı iqtisadiyyatının təhlükəsizliyinin qarantıdır: “Böhran uzun müddət davam edəcəyi təqdirdə dünyanın ən böyük neft hasilatçısı üçün böyük problemlər yaranacaq. Səudiyyə Ərəbistanında neftin çıxarılmasının maya dəyərinin ucuz olması da indiki vəziyyətdə ər-Riyada kömək etməyəcək”.

Neft mütəxəssisi əlavə edib ki, neft böhranı Səudiyyə Ərəbistanının zərbə almayacağı anlamına gəlmir: “Çünki bu ölkənin iqtisadiyyatı neft amilinə bağlıdır. Bu səbəbdən də sahib ola biləcəkləri hasilatı azaltması onlar üçün ciddi sual yaradır”.

Qeyd edək ki, neft bazarında müşahidə olunan sistemsizlik Rusiya üçün də ciddi problemlər vəd edir. Rəsmi Moskva əvvəl bəyan edirdi ki, neftin qiymətinin indiki vəziyyətdə olmasına minimum 3 il dözə bilərlər. Ancaq sonradan bu ölkənin lideri V. Putin OPEK ölkələri ilə hasilatın azaldılmasını nəzərdə tutan danışıqlara hazır olduğunu bəyan edib.

Beləliklə, aprelin birinci on günlüyündə OPEK-ə liderlik edən Səudiyyə Ərəbistanı və OPEK-dən kənar neft istehsalçılarına liderlik edən Rusiya arasında yeni danışıqlar olacaq. Dünya neft bazarında qiymətləri də bu danışıqların nəticəsi müəyyən edə bilər. Əgər danışıqlar növbəti dəfə nəticəsiz yekunlaşarsa, neftin qiymətində ucuzlaşma özünün pik nöqtəsinə çatacaq. Yox, əgər anlaşma saxlanılsa, neftin qiymətinin 45 dollara qədər artacağı istisna edilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}