16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Moskva görüşündə Azərbaycan diktə edən tərəf olacaq
Tarix: 06-01-2021 13:52 | Bölmə: Slayd
Moskva görüşündə Azərbaycan diktə edən tərəf olacaq

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün dəqiq vaxtı açıqlanmasa da, belə bir görüşün keçirilməsi vacibdir. Çünki Azərbaycanla Ermənistan arasında hələlik saziş yoxdur. Yalnız noyabrın 10-da imzalanan üçtərəfli bəyanat var. Fikrimcə, bu bəyanat ikitərəfli sazişlə hüquqi cəhətdən asaslandırılmalıdır. Əgər həmin saziş müqavilə olacaqsa, bunu həm Azərbaycan, həm də Ermənistan imzalamalıdır. Odur ki, hər iki dövlətin rəhbərinin görüşünü vacib hesab edirəm”.

Bunu Reyting.az-a keçmiş deputat, siyasi şərhçi Cümşüd Nuriyev Azərbaycanın dövlət başçısı İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada gözlənilən görüşdən danışarkən deyib.

C. Nuriyev qeyd edib ki, bu görüşdə Xankəndi və ətraf ərazilərin hər hansı bir statusundan söhbət gedə bilməz: “Görüşdə Azərbaycanın Xankəndidə yaşayan ermənilərə zəmanət verməsi məsələsi gündəmə gələ bilər. Biz də bu zəmanəti onsuz da veririk, amma separatçı cinayətkarlar oranı tərk etməlidir. Bunun kənarında hər hansı bir məsələ müzakirə mövzusu ola bilməz”.


C. Nuriyev

Siyasi şərhçi əlavə edib ki, üçtərəfli görüşdə Xankəndi və ətrafda dağılmış evlərin bərpası, infrastruktur, orada yaşayanların maliyyələşdirilməsi məsələləri də diqqət mərkəzində ola bilər: “Məncə, Ermənistan tərəfi də anlayır ki, Azərbaycanın marağına uyğun olmayan məsələləri qaldırıb hər hansı uğur qazana bilməz. Bu mənada düşünürəm ki, belə bir görüş olacaqsa, orada Azərbaycan diktə edən tərəf olacaq”.

Xatırladaq ki, Rusiya kütləvi informasiya vasitələri Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də görüşəcəyi haqda məlumat yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}