16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokurorluq komada olan hüquq müdafiəçisi ilə bağlı müraciətə cavab vermək istəmir
Tarix: 21-01-2021 10:29 | Bölmə: Slayd
Prokurorluq komada olan hüquq müdafiəçisi ilə bağlı müraciətə cavab vermək istəmir

2019-cu ilin oktyabr ayında avtomobil qəzası nəticəsində zərər çəkmiş və hazırda komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi yanvarın 6-da Baş prokuror Kamran Əliyevə müraciət edib.

Reyting.az
xəbər verir ki, Baş prokurorun cavab vermədiyi məktub “Turan” agentliyinin saytında paylaşılıb. Ancaq həkimlərin əməllərinin araşdırılacağına and içən prokurorluq bundan sonra da susmaqda davam edir. Bu, prokurorluğun səmimiyyətinə və qanuna əməl etməyə hazır olduğuna şübhə etməyə əsas verir.

Sentyabr ayında həkimlərin işinin ayrıca icraata götürüldüyünü bildirən Nəsimi Rayon Prokurorluğu susur. Həkimlərə qarşı işin qaldırılmadığı və bütün bu müddətdə ictimaiyyətin çaşdırılması barədə məlumatlar var.

Ailə üzvləri hesab edirlər ki, yol-nəqliyyat hadisəsindən dərhal sonra O. Gülalıyevin aparıldığı tibb müəssisələri (1 saylı Kliniki Tibbi Mərkəz və City Hospital) və həkimlər lazımi yardım göstərilmədiyinə və bunun ağır fəsadlara – koma vəziyyətinə düşməsinə, huşunu itirməsinə, dayaq-hərəkət aparatının sıradan çıxmasına səbəb olduğuna görə məsuliyyətə cəlb olunmalıdırlar. Möcüzə sayəsində ölüm baş vermədi.

O. Gülalıyev komaya düşdükdən dərhal sonra həyata keçirilməli olan əməliyyat 17 saatdan sonra, həm də siyasi rəhbərlik səviyyəsində göstərişdən sonra həyata keçirilib.

O. Gülalıyevin yaxınları hesab edirlər ki, hüquq müdafiəçisinin indiki vəziyyətdə olmasında həkimlərin günahı var, lakin hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb etmək istəmir. «Biz yanvarın ilk həftəsində Baş Prokurorluğa məktub ünvanladıq, müraciət etdik ki, atamın bu duruma düşməsinə səbəb olan 1 saylı Kliniki Tibbi Mərkəzin və «City Hospital»ın həkimləri məsuliyyətə cəlb olunsunlar», - Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev “Azadlıq” radiosuna bildirib.


O. Gülalıyev

T. Gülalıyev deyir ki, hadisədən bir ildən çox keçməsinə baxmayaraq, həkimlər dindirilməyib və istintaqa cəlb olunmayıblar: «Düzdür, hazırda qəza işi ilə bağlı davam edən məhkəmə prosesi zamanı 1 saylı Kliniki Tibbi Mərkəzin bir-iki həkimi ifadə verdi. Bizə dedilər ki, «City Hospital»ın həkimləri ilə bağlı ayrıca istintaq proseduru başlayacaq, amma bu məsələdə hələ ki irəliləyiş yoxdur».

Təbriz Gülalıyev qeyd edib ki, onlara dolayı yolla həkimlərin günahsız olduğu deyilib: «Prokurorluğun müstəntiqləri bizə dolayısı yolla deməyə çalışırdılar ki, «City Hospital»ın həkimləri günahsızdırlar. Biz bu sözləri absurd hesab edirik. Hər halda həkimlər məhkəmə önünə çıxmalıdır və məsuliyyətə cəlb olunmalıdır. Bu məsələdə kimin əli varsa və yaxud da hansı həkimlər sifarişi yerinə yetirib və ya məsuliyyətsizlik edibsə onlar cəzalandırmalıdır».

Hüquq müdafiəçisinin yaxınları onunla bağlı baş verənləri «sifariş» hesab edirlər: «Biz düşünmürük ki, bu, həkim səhlənkarlığıdır. Biz hesab edirik ki, bu, hansısa sifarişin yerinə yetirilməsidir. Çünki hamıya məlumdur ki, atam saatlarla əməliyyat olunmayıb, sadəcə, boş otaqda heç bir həkim nəzarət olunmadan gözlətdirilib və ailənin israrına baxmayaraq, əməliyyata alınmayıb».

T. Gülalıyev həmçinin qeyd edib ki, keçən il noyabrın 8-dən ev şəraitində müalicə alan atasının dərmanları aidiyyatlı qurumlar tərəfindən verilmir: «Atamın müalicəsi evdə davam etdirilsə də Türkiyədən gələrkən gətirdilən dərmanlar və ləvazimatlar artıq xeyli müddətdir bitib. Heydər Əliyev Fondundan atamla bağlı gərəkənlərin görülməsi üçün Səhiyyə Nazirliyinə tapşırıq verilməsinə baxmayaraq, nazirlikdən və TƏBİB-dən dərmanlarla bağlı indiyənə qədər heç bir yardım edilməyib».

T. Gülalıyevin sözlərinə görə, atasının dərmanları onun üçün həyatı əhəmiyyət kəsb edir: «Dərmanların çatışmazlığı yaranarsa atamın vəziyyəti çox kritik duruma düşə bilər. Türkiyədən gətirilən təkcə bir ayın dərmanları 8000 manatdan çox pul edir. Ləvazimatları öncədən sifariş verməli olduğumuzdan, artıq ödənişi dostların köməyilə özümüz etmək məcburiyyətindəyik».

Təbriz Gülalıyev qeyd edib ki, TƏBİB yalnız O. Gülalıyevə tibbi xidmət göstərmək üçün tibb bacılarının gəlməsini təmin edib: «Tibb bacıları ancaq gündüz vaxtlarında, yəni səhər saat 09:00-dan axşam saat 18:00-dək gəlir. Müraciət edərək digər vaxtlar üçün tibb bacılarının lazım olduğunu, atamın hər saat nəzarətə ehtiyacı olduğunu və dərman tələbatının ödənilməsinin vacibliyini bildirsəm də müsbət cavab verilməsi bir kənara, heç cavab da verilmədi. Bu səbəbdən axşam və gecəboyu atama mən və əmim baxırıq».

O. Gülalıyevin yaxınlarının dediklərinə görə, hələlik «Baku City Hospital»dan münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl ölkənin Səhiyyə Nazirliyindən bildirilmişdi ki, O. Gülaliyevin əməliyyatı ailəsinin tərəddüdləri səbəbindən bir müddət yubanıb.

Keçən il noyabrın 13-də qəza ilə bağlı keçirilən məhkəmə prosesində isə 1 saylı Kliniki Tibbi Mərkəzin həkimləri də demişdilər ki, onlar O. Gülalıyevin baş nahiyəsində olan xəsarətlərin fəsadlarını aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görüblər.

Vəkil Fuad Ağayev “Azadlıq” radiosuna bildirib ki, Oqtay Gülalıyevə keyfiyyətli tibbi yardımın göstərilməməsi ilə bağlı materiallar ötən ilin sentyabrında Nəsimi Rayon Prokurorluğuna göndərilib. «Qəza ilə bağlı cinayət işin materialları məhkəməyə göndəriləndə Gülalıyevə keyfiyyətli tibbi yardımın göstərilməməsi ilə bağlı materiallar Nəsimi Rayon Prokurorluğuna göndərilib. Çünki bu tipli cinayətlər prokuror orqanları tərəfindən araşdırılır», - o bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Turan”-a bildirilib ki, prokurorluğa daxil olan bütün şikayətlər fərq qoymadan araşdırılır: «Bütün şikayətlər araşdırılır və Oqtay Gülalıyevin ailəsinə də baxılma müddəti ərzində cavabın verilməsi təmin olunacaq».

Hüquqşünas Xalid Bağırov “Azadlıq” radiosuna bildirib ki, həkimlərin etməli olduğu ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş protokollar var: «Hər bir xəstəliklə, müalicə üsulu ilə bağlı protokollar var. Səhiyyə xarakterinə görə elə bil elmdir ki, tam olaraq öyrənilməyib və inkişafı davam edir. Hər insanın orqanizm xüsusiyyətləri üzə çıxa bilir. Yaşadığımız pandemiya da göstərdi ki, insan orqanizmi ilə bağlı hələ bilmədiyimiz çox şeylər var. Ona görə də bəzi hallarda həkimlər qərar verəndə səhv qərar verə bilərlər, amma bu, bilmədən baş verir».

Lakin ekspert qeyd edib ki, belə məsələlər var ki, onlar səhiyyədə dəqiqdir. «Məsələn, xəstə daxil olan kimi dərhal onu tomoqrafiya etmək. Bunun üçün elmə ehtiyac yoxdur, bunlar protokolda göstərilib. Əgər bu, edilməyibsə və ya tomoqrafiya edilib, amma daxili qanaxma ortaya çıxarılmayıbsa və bu qanaxma ciddi fəsadlara gətirib çıxarıbsa, sual yaranır ki, xəstə saatlarla buradadır, niyə tomoqrafiya aparılmayıb, daxili qanaxma müəyyən edilməyib və bununla bağlı tədbir görülməyib. Bu, artıq konkret məsələdir və həkim məsuliyyətə cəlb oluna bilər. Ona görə protokollar ən vacib sənəddir. Bu protokollar üzrə hər hansı hərəkət nəzərdə tutulubsa və həkimlər onu etməyibsə onda həkimin səhlənkarlığından danışmaq olar.

Səhiyyə Nazirliyindən və TƏBİB-dən Oqtay Gülalıyev üçün dərman məsələsi ilə bağlı Turan-a bildirilib ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.

Xatırlatma

Hüquq müdafiəçisi O. Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobil vurub. O, başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

O. Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə aparılıb. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı “Avrasiya” Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika xəstəxanasında davam etdirilib.

Bu günlərdə isə Bakıya gətirilib.

O. Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlamaya və sürücünün dediklərinə şübhə ilə yanaşırlar. Bu müddətdə hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}