Peyvəndlənmədən sonra da koronavirusa yoluxma riski var
Tarix: 02-03-2021 12:21 | Bölmə: Cəmiyyət
Peyvəndlənmədən sonra da koronavirusa yoluxma riski var

ABŞ-ın Şimali Karolina şatatının Dyuk Universiteti xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Beki Smit koronavirus infeksiyası, yoluxmalar, peyvəndlənmə ilə bağlı CNN kanalına açıqlama verib. Reyting.az-ın məlumatına görə, doktor Smit pandemiya başlanandan bəri öyrəndiklərini bölüşüb və virusa yoluxmuş insanları maraqlandıran əsas sualları cavablandırıb.

Yenidən yoluxma riski nə qədərdir?

Beki Smitin sözlərinə görə, peyvəndlənmədən sonrakı 90 gün ərzində infeksiyaya yenidən yoluxma riski çox aşağıdır: “Ancaq yenə də risk mövcuddur. Ona görə tədbirli olmaq məsləhət görülür.

COVİD-19 infeksiyası digər viruslar kimi zamanla dəyişir və bu mutasiyalar nəticəsində virusun yeni növləri ortaya çıxır.

Koronavirusun dəyişməsi və inkişaf etməsi alimləri təəccübləndirmir. Çünki virusların mutasiyaya uğrama xüsusiyyəti var. Virusun mutasiyaya uğraması onun nəzarətdən çıxmasına şərait yaradır.

İndiyə qədər koronavirusun daha çox diqqət çəkən üç yeni növü müəyyən edilib: ilk dəfə Böyük Britaniyada meydana gələn B.1.1.7, Cənubi Afrikada aşkarlanan B.1.351 və Braziliyada təsbit olunan P.1 variantları.

ABŞ-ın baş infeksionisti Entoni Fauci koronavirus variantlarının yaz aylarında daha çox fəallaşacağını proqnozlaşdırıb.

Yenidən yoluxma riskinin qeyri-müəyyənliyinin səbəblərindən biri də koronavirusa qarşı antitellərin insan orqanizmində neçə müddət qalmasına dair məlumatın olmamasıdır”.

Antitellər orqanizmdə nə qədər qala bilər?

Antitellər - virusa yoluxduqdan sonra orqanizmin özünün yaratdığı zülallardır. Onlar infeksiya ilə mübarizə aparmağa və insanı bu xəstəlikdən qorumağa yardım edir. Ancaq hazırkı araşdırmalar nəticəsində müəyyən olunub ki, koronavirusun bəzi variantları antitellərdən yayına bilir. Bu, koronavirus xəstəliyi keçirmiş insanın yenidən potensial yoluxucuya cevirilməsinə imkan verir.

Beki Smit bildirib ki, Oksford Universitetinin minlərlə səhiyyə işçisi üzərində apardığı geniş tədqiqat göstərib ki, orqanizmində COVİD-19 antiteli yaranmış insanların 0,5 faizi altı ay ərzində ikinci dəfə infeksiyaya yoluxub.

Beki Smitin sözlərinə görə, virusa qarşı immuniteti olan insanlar onu burnunda və ya boğazında daşıyaraq başqalarına ötürə bilərlər.

Koronavirusa yoluxmuş insan peyvənd olunmalıdırmı?

Səhiyyə nümayəndələri və həkimlər COVİD-19 xəstəliyindən sağalmış insanları peyvəndlənməyə çağırırlar. Klinik tədqiqatlardan əldə olunan son məlumatlar vaksinlərin təhlükəsiz olduğunu və koronavirus xəstəliyi keçirmiş insanları təkrar yoluxmadan qoruduğunu göstərir.

Doktor Smit koronavirus infeksiyasına yoluxub sağalmış insanın hər ehtimala qarşı peyvənd olunmasını tövsiyə edir: “Peyvənd müdafiəni daha yüksək səviyyədə təmin edə bilir. COVİD-19 xəstəsi olan pasiyentin infeksiyanın simptomları aradan qalxana və təcriddən çıxana kimi peyvənd olunması isə məsləhət görülmür”.

Beki Smit bəzi peyvəndlərin koronavirusun yeni formalarına qarşı müəyyən dərəcədə effektli olduğunu da qeyd edir.

Sağalandan sonrakı problemlər hansılardır?

Doktor Smitin sözlərinə görə, koronavirusdan sağalanların çoxu həftələr və ya aylar ərzində xəstəliyin simptomlarını yaşaya bilərlər: “Pasiyentlər davamlı yorğunluq, baş ağrısı, beyin dumanlanması, konsentrasiya pozuntusu, oynaq ağrıları, öskürək, təngnəfəslik, qızdırma, dad, qoxu dəyişikliyi və digər simptomlarla qarşılaşa bilərlər. COVİD-19 simptomlarının davamlı olub-olmaması xəstəliyin şiddətindən asılıdır”.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}