Hərbi cani siyasi rəqiblərini şantaj edir
Tarix: 11-06-2021 17:59 | Bölmə: Slayd
Hərbi cani siyasi rəqiblərini şantaj edir

“Robert Köçəryan canidir, qaniçəndir, Azərbaycan xalqı ilə yanaşı erməni xalqının da qanını töküb. O, Qarabağda başlanılan separatçı hərəkatın fəallarından olub. Bu hərəkatın nəticəsində onlar Azərbaycan xalqının qanını tökdülər, sonra Qarabağdakı erməni rəqiblərini aradan götürdülər. Daha sonra özləri üçün cinayətkar klan qurdular. Bundan sonra klan hesabına Ermənistanda yuxarı başa keçdilər. 10 il hakimiyyətdə oturdu, erməni xalqının sərvətini talan etdi, milyardlar qazandı. İndi də çirkli pullarını sakit şəkildə xərcləmək, həbsə düşməmək üçün siyasətə qayıdıb”.

Bu fikirləri Reyting.az-a siyasi şərhçi, “Ayna-zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı Ermənistanda revanşist xəttin başında duran sabiq prezident Robert Köçəryan haqqında danışarkən deyib.

Elçin Şıxlı xatırladıb ki, Robert Köçəryan təkcə azərbaycanlıları öldürməyib: “Bu cani eyni zamanda əlini öz xalqının da qanına batırıb. Bununla bağlı ortada təkzibedilməz faktlar var. Məsələn, 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamenti gülləbaran edildi, bir neçə erməni siyasətçisi qətlə yetirildi. Əlbəttə, bu proses Ermənistandan kənarda hazırlanmışdı, ancaq bu anti-erməni əməliyyatında Robert Köçəryanın da əli vardı. Bu şəxs parlamentdəki rəqiblərinin öldürülməsinə nail oldu. Bundan sonra faktiki Ermənistanda hakimiyyəti bütövlükdə ələ keçirdi və 10 il müddətinə prezident oldu. Onun prezidentliyi dövründə “Qarabağ klan”ı deyilən siyasi qruplaşma Ermənistanda bütün strukturlara soxuldular və erməni xalqının sərvətlərinin talan edilməsinə start verildi. Köçəryan 10 il müddətində Ermənistanı taladı, onun sərvətlərini mənimsədi. Əlbəttə, həmin dövrdə Ermənistanda korrupsiya, rüşvətxorluq, insan hüquqlarının pozulması pik həddə çatmışdı”.


Elçin Şıxlı

Müsahibimiz qeyd edib ki, Robert Köçəryanın prezidentlik müddəti başa çatdıqda özünə yaxın olan Serj Sarksiyanı hakimiyyətə gətirmək üçün addımlar atdı: “Bu zaman Köçəryan erməni xalqının qanını tökdü. Mən 2008-ci ilin mart hadisələrini nəzərdə tuturam. 10 minlərlə erməni buna etiraz əlaməti olaraq küçələrə axışdı. Bu zaman Köçəryan orduya öz xalqına atəş açmaq göstərişi verdi. 2008-ci ilin mart hadisələri zamanı onlarla mülki erməni güllələndi, yüzlərlə insan həbs edildi. Beləcə, Köçəryan erməni xalqının hüquqlarına, seçmək haqqına tüpürdü. Yəni dinc nümayişçilərə güllə atmaqla, erməni xalqının hüquqlarını tanımadığı mesajını verdilər. Bununla da, onlar 20 il ərzində Ermənistanda hakimiyyətlərini qoruya bildilər. Bu, həm də erməni xalqının sərvətlərini, imkanlarını talamaq demək idi. Onlar bu illər ərzində öz ciblərini yaxşıca doldurdular. Amma dövləti elə həddə gətirdilər ki, onun sərhədlərini Rusiya qorumalı oldu”.

E. Şıxlı əlavə edib ki, Köçəryan və dəstəsi Ermənistanla yanaşı işğal altında qalan Azərbaycan torpaqlarını da tar-mar ediblər:

“Eşitdiyimə görə, Zod qızıl yatağı uzun illər Köçəryana işləyib. Eləcədə Azərbaycanın digər rayonlarında olan sərvətləri mənimsəyiblər. Bu əraziləri həm də darmadağın edibər. İşğaldan azad edilən torpaqlara baxdıqda görürük ki, bunlar hansı təfəkkürün sahibləridir. Bunlar Qarabağdakı torpaqlarımızı əkiblər, taxılını isə Ermənistana satıblar. Beləcə, Xankəndində ayda 200-300 rubl alan bu küçə adamları milyardlara sahibləniblər. Bunun üçün də kifayət qədər qan töküblər, cinayətlər törədiblər”.

Sonda E. Şıxlı iyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidə edilən kompromat savaşlarına da diqqət ayırıb:

“Bəli, Ermənistanda kompromat savaşı başlayıb. Köçəryan Ermənistanın uduzduğunu yaxşı anlayır. Sözsüz ki, uduzmuş ölkədə yükün altına girmək istəməzdi. Ancaq Köçəryan öz canını xilas etmək üçün siyasətə girişib. Bilir ki, onu həbs edə bilərlər. Çünki çoxsaylı cinayətləri var. İndi siyasətə gəlməkdə bir məqsədi də deputat mandatı almaqdır. Parlamentdə özünə yer edəcək. Onun bu gün Ermənistanda ortaya düşüb “xalq naminə ağlaması” da saxtakarlıqdan o yana deyil. Onu erməni xalqı deyil, canını həbsdən xilas etmək düşündürür. Ya hakimiyyətə gəlib təmsiçilik, ya da parlamentə düşüb toxunulmazlıq almaq istəyir. Erməni xalqını uzun illər soyduğu üçün yaxşı pulu var. Ancaq cinayətkardır. Zamanı gələndə bütün bunlara görə cavab verəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}