Türk dünyası ilə bağlı yeni planı Qarabağdan reallaşdırmağa başlayırlar - Politoloq
Tarix: 14-06-2021 18:54 | Bölmə: Slayd
Türk dünyası ilə bağlı yeni planı Qarabağdan reallaşdırmağa başlayırlar

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri bəzilərində “soyuq duş” təsiri yaradacaq. Çünki bu, Türkiyənin böyük gövdə nümayişidir. Həm də qeyri-ənənəvi metodlara əl atılacaq. Məsələn, Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında hərbi strateji əməkdaşlığın bütün məqamlarını özündə ehtiva edən sənədin imzalanacağı gözlənilir. Bu sənədin Şuşa şəhərində imzalanması isə xüsusi məna daşıyır”.

Bu fikirləri Reyting.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə Şuşa şəhərindən başlamasını şərh edərkən deyib.

Q. Hüseynli bildirib ki, Ərdoğan bu səfəri ilə bütün dünyaya, eləcədə bu bölgədə uzun illər hökmranlıq etmiş super güclərə “Türkiyə artıq Cənubi Qafqazdadır, 100 ildən sonra bölgəyə qayıdıb və irəliyə gedən siyasi məqsədlər güdür”,- mesajını verəcək. Onun sözlərinə görə, bu məqsədlər təkcə Azərbaycanı deyil, bütün türk dünyasını əhatə edir: “Türkiyə dünyanın güc mərkəzlərindən birinə çevrilmək imkanlarını sürətlə reallaşdırmağa başlayıb. Bu imkanların reallaşması dünya siyasətinə təsir edəcək yeni güc mərkəzinin yaranmasına gətirib çıxaracaq”.

Politoloq əlavə edib ki, söhbət Cənubi Qafqazda Türkiyənin hərbi hava qüvvələri bazasının yaranmasından gedə bilər. Q. Hüseynlinin fikrincə, Ərdoğanın səfəri çərçivəsində belə bir razılaşmanın əldə olunması mümkündür: “Ola bilsin, bu, Füzuli bölgəsində baş verəcək. Ölkəmizin digər bölgələrində də strukturu formalaşdırılan Türkiyə güclərinin mövcudluğunun saziş bazası üzərinə qoyulma prosesi Şuşa sənədi ilə bir növ başa çatdırılacaq. Bu, həqiqətən də heç kəsin gözləmədiyi plan olacaq”.

Politoloq sonda diqqətə çatdırıb ki, Ərdoğanın Azərbaycan səfəri əhəmiyyətli olmaqla yanaşı iki ölkə arasında dost və qardaşlığın növbəti təzahürüdür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}