15 İyun - Milli Qurtuluş Günüdür
Tarix: 15-06-2021 00:08 | Bölmə: Slayd
15 İyun - Milli Qurtuluş Günüdür

15 İyun - Azərbaycanda Milli Qurtuluş Günüdür.

1993-cü ilin iyununda ölkədəki mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradırdı.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənir və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsinin, Azərbaycanın parçalanması üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən və edəcək uğurlu mərhələ başlayıb.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki bu tarixdən etibarən Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda böhranlı, xalqın maraqlarına uyğun olmayan vəziyyətin qarşısı alınmağa başlayıb. Məhz H. Əliyev Azərbaycanı böyük təhlükələrdən xilas edib.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı çox mühüm əhəmiyyətə malikdir. Onun hakimiyyətə qayıdışından qısa zaman sonra həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin edib, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirib, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə dirçəliş baş verib. Qısa bir zamanda xaosa son qoyulub, ölkədə vətəndaş həmrəyliyi yaradılıb, dövlət idarəetmə sistemi formalaşdırılıb, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar qurulub.

Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilib. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənib, iqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edilib. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrilib. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verib. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtarıb, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz edib. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. Məhz bu siyasət sayəsində Azərbaycan həm də müasir və güclü ordu qura bilib və illər sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi böyük qələbəyə - işğal altındakı ərazilərimizin düşmən tapdağından azad olunmasına gətirib çıxarıb.



Hazırda Azərbaycan dünyada öz mövqeyi ilə seçilən bir dövlətə çevrilib. Artıq Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətdir, ötən dövr ərzində hərbi sahə ilə yanaşı həm də bir çox möhtəşəm iqtisadi uğurlara imza atıb.

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlər qazanmaqdadır.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}