Deputat: “Ərdoğanın mesajı təkcə cılız ermənilərə deyil...”
Tarix: 15-06-2021 13:58 | Bölmə: Slayd
Deputat: “Ərdoğanın mesajı təkcə cılız ermənilərə deyil...”

“Hər bir səfər əhəmiyyətlidir. Səfərin əhəmiyyətini sözsüz ki, nəticəsinə əsasən demək mümkün olur. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyənin birinci şəxsləri ildə 5-6 dəfə Ankara və ya Bakıda görüşüb fikir mübadiləsi aparır, bu baxımdan Türkiyə prezidenti Ərdoğanın ölkəmizə bu səfəri həm də dünya üçün Azərbaycan və Türkiyə müttəfiqliyinin və qardaşlığının təsdiqlənməsidir”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin başlanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə prezidentinin səfər çərçivəsində Şuşaya getməsi göstərir ki, Şuşa təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün əhəmiyyətlidir: “Bu həm də o mesajdır ki, əgər kimlərsə Qarabağın taleyini ayrı cür düşünürsə, anlamalıdır ki, ortada təkcə Azərbaycan deyil, onun müttəfiqi olan qardaş Türkiyənin də iradəsi mövcuddur. Bu olduqca vacib və əhəmiyyətlidir. Bu mesaj təkcə cılız ermənilərə deyil, həm də Ermənistanı alət kimi istifadə edən dayılarınadır”.

Deputat əlavə edib ki, Ərdoğanın Şuşa səfəri həm də ilk xarici ölkə başçısının işğaldan azad edilən ərazilərə səfəri kimi tarixə düşəcək:

“Şuşada Azərbaycan və Türkiyə arasında sazişlər imzalanmalıdır. Düşünürəm ki, bu sazişlər hərbi sənaye kompleksini ciddi şəkildə əhatə edəcək. Sözsüz ki, ayrı layihələr də ortaya çıxacaq. Cənab Ərdoğanın səfəri olduqca böyük əhəmiyyətə malikdir. Sazişlər imzalanacaq, mesajlar olacaq. Prezident Ərdoğan sabah Azərbaycan parlamentində də çıxış edəcək. Hesab edirəm ki, hadisələri qabaqlamamaq lazımdır”.

R. Musabəyov xatırladıb ki, Ərdoğan Brüsseldə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısı çərçivəsində mətbuata verdiyi açıqlamada Qarabağ məsələsinə də toxunub: “Prezident Ərdoğan harada hesab edirsə ki, bunu demək lazımdır Azərbaycana dəstəyini açıq ifadə edir. Ərdoğanın olmadığı yerdə prezident İlham Əliyev olursa və Türkiyə ilə bağlı hansısa məsələ ortaya çıxdığı təqdirdə buna çox sərt reaksiya verir. Bu, əslində bizim müttəfiqliyimizin və qardaşlığımızın ənənəsidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}