Çörək istehsalçıları və yanacaqdoldurma məntəqələri alıcılara kələk gəlir
Tarix: 21-09-2021 15:07 | Bölmə: Slayd
Çörək istehsalçıları və yanacaqdoldurma məntəqələri alıcılara kələk gəlir

"Ölkəmizdə çörəyin keyfiyyəti və qiyməti ilə bağlı hər gün telefon vasitəsilə şikayətlər olur. Çörəklə bağlı problemlər yaşanır".

Bunu Reyting.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, alıcıların daha çox narazılığı xalq arasında “zavod çörəyi” kimi tanınan məhsulla bağlıdır: "Hökumət zavod çörəyinin qiymətini sabit saxlanmaq üçün iş aparır. Lakin həmin növ çörəyin istehsalçıları məhsulun keyfiyyətini və çəkisini aşağı salır”.


Eyyub Hüseynov

E. Hüseynov bildirib ki, çörəyin qiyməti sərbəstdir və çəkisinin nə qədər olması ilə bağlı standart tələb yoxdur: “Amma hökumətin qiyməti stabil saxlamaq istəyi nəticəsində istehsalçılar çörəyin çəkisi və keyfiyyətində manipulyasiyalar edirlər. Digər tərəfdən, qiymətə təsir edən ciddi amillərdən biri də marketlərin çörək istehsalçılarından yerləşdirmə üçün əvvəldən xeyli pul almasıdır. Bu da çörəyin qiymətinə təsirsiz ötüşmür".

AİB sədri qeyd edib ki, Nazirlər Kabineti və digər dövlət orqanları marketlər üçün qaydalar hazırlamalıdır: "Marketlərdə çörək istehsalçılarından yerpulu alınmamalıdır. Son 2-3 ayda zavod çörəyindən başqa digər çörəklərin qiyməti 10-15 qəpik artıb".

E. Hüseynov benzinin qiyməti, həmçinin keyfiyyəti ilə bağlı narazılıqlara da münasibət bildirib. Deyib ki, benzinin keyfiyyəti ilə bağlı bəzən AİB-ə telefon vasitəsi ilə şikayətlər daxil olur: “Düşünürəm ki, benzin vuran aparatların tənzimlənməsində problemlər var. Çox güman ki, müvafiq qurumların nəzarəti qənaətbəxş deyil, bu səbəbdən də müəyyən narazılıqlar yaranıb".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}