“Yaşıl soyqırım” məmurları üz-üzə qoyub; Şəhər rəhbəri kömək istəyir
Tarix: 19-03-2016 14:53 | Bölmə: Slayd


Son illər Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi iş adamları və məmurlar nəinki bu yaşıllıqları, hətta təbii meşə massivlərini də doğratdırmaqdan çəkinmirlər. Bəzi məmurların göstərişi ilə müxtəlif park və xiyabanların əraziləri də "yaşıl soyqırım”a məruz qalır. Bunun nəticəsində Azərbaycanın ekologiyasına ciddi ziyan dəyir. Belə bir "soyqırım”ın İmişli şəhərində də baş verdiyi bildirilir.

İmişli şəhər sakinləri Reyting.az saytına müraciət edərək bildiriblər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişlidəki regional idarə rəisi Saleh Səmədov rayonda abadlıq işləri həyata keçirmək (?) məqsədi ilə, bir müddət əvvəl İmişlinin N.Nərimanov küçəsindəki ağacları kəsmək və budamaq işlərini yaxın adamı, 32-lər kəndinin icra nümayəndəsi Adil Kərimova tapşırıb. Adil Kərimov isə abadlıq bəhanəsi ilə əndazəni aşaraq, İmişli şəhərinin ekologiyasına ciddi ziyan vurub. Məhz A.Kərimovun göstərişi ilə şəhərin müxtəlif park və xiyabanlarındakı yaşıllıqlar məhv edilib.

Sakinlərin bildirdiyinə görə, bu özbaşınalıqlar İmişli rayonunun icra başçısı Vilyam Hacıyev məzuniyyətdə olarkən baş verib. Bundan bir qədər gec xəbər tutan V.Hacıyev isə İmişli Şəhər İnzibati Ərazi Dairəsı üzrə nümayəndəsi Məmi Atakişiyevə zəng edərək, bu özbaşınalığa son qoyulmasını tələb edib. Amma Məmi Atakişiyevin bu işə qarışması onun Adil Kərimovun yumruqları ilə üzləşməsinə səbəb olub. Üstəlik, əks tərəf onun tələbinə məhəl qoymayıb.

Bu səbəbdən də Məmi Atakişiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi idarəsinin rəisi Nəvaşir Bəşirova müraciət edib (Müraciətin bir nüsxəsi Reyting.az-ın redaksiyasına təqdim edilib-red.).

M.Atakişiyev müraciətində bildirir ki, 32-lər kənd icra nümayəndəsi Adil Kərimov 20-25 sentyabr 2015-ci il tarixlərində, İmişli şəhəri, N.Nərimanov küçəsində olan 240 ədəd 5-20 illik ağacları kəsdirdərək onları odun kimi satdırıb:

"Bununla yanaşı, 32-lər kənd icra nümayəndəsinin sədri Adil Kərimov başının dəstəsi ilə, gizli şəkildə, Xocalı soyqırımı abidəsinin ətrafında olan 16 ədəd 20 yaşlı şam ağaclarını da kəsdirb.

O, 20 yanvar küçəsində olan 11 ədəd 20 yaşlı şam ağaclarını da məhv etdirib. Eyni zamanda, Şəhidlər Xiyabanında – abidənin arxa tərəfində, Şadlinski küçəsi tərəfdə 8 ədəd 20 illik şam ağaclarını da kəsdirib”.

M.Atakişiyev öz müraciətində N.Bəşirovun diqqətinə çatdırıb ki, A.Kərimova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq etsə də, buna əhəmiyyət vermir: "O, başının dəstəsi ilə özbaşına hərəkətlərini daha fəal şəkilə davam etdirir. Xahişim edirəm, onun barəsində tədbir görəsiniz”.

Sakinlər bildiriblər ki, şəhər rəhbərinin etdiyi müraciətin müsbət nəticəsi olmayıb. Yəni, istənilən vaxt İmişlidə "yaşıl soyqırım” təkrarlana bilər. Bu səbəbdən də müvafiq qurumlardan kömək istəyirlər.

Reyting.az





Bölməyə aid digər xəbərlər