










Tarix: 30-03-2016 18:28 | Bölmə: Slayd
Son bir neçə ay ərzində ölkədə həyata keçirilən bir sıra struktur dəyişikliyi ciddi nəticə verməsə də, islahatların başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mənada, prezident İlham Əliyev ötən ilin sonunda vəd etdiyi struktur islahatlarını davam etdirir. Milli Təhlükəsizlik Nazirliyinin iki dövlət qurumuna ayrılmasından sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinin ləğv edilməsi də diqqət cəlb edir.
Qeyd edək ki, dövlət başçısının fərmanı ilə DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək, «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu» adlandırılıb.
Fərmanda qeyd olunur ki, bu islahatın bir hədəfi də əmək pensiyaları və digər sosial ödənişlərin təyinat baxımından «Bir pəncərə» prinsipi ilə təşkilinin təmin edilməsinə yönəlib. Yəni, ekspert və qeyri-hökumət təşkilatlarının illərdir səsləndirdiyi təklif gerçəkləşdirilir.
Xatırladaq ki, sözügedən təklif İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 6 il öncə təqdim etdiyi struktur islahatları konsepsiyasında da əksini tapıb.
Mərkəzin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov DSMF-nin nazirliyə birləşdirilməsinə təkcə büdcə vəsaitinə qənaət kimi yanaşmır. V.Bayramov "Reytinq”ə deyib ki, bununla, həm də, bu sahədə idarəetmənin səmərəliliyi artacaq, üstəlik, sosial siyasətin idarə edilməsi əlaqələndiriləcək.
V.Bayramovun qənaətincə, bununla, pensiya siyasəti hökumətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər.
Mərkəz rəhbəri onu da nəzərə çatdırıb ki, sözügedən nazirliyə Səlim Müslümovun rəhbərlik etməsini və onun bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda, DSMF-nin nazirliyə birləşdirilməsi institusional islahat olmaqla yanaşı, çevik idarəçiliyə də imkan yaradacaq:
«Xatırladım ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin 2010-cı ildə hazırladığı institutsional təkliflər paketində bu islahat təklif olunurdu. Əslində, DSMF-nin nazirlikə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həm də bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və sosial siyasətdə menecmentin əlaqələndirilməsinə səbəb ola bilər. Bununla da, pensiya siyasəti hökümətin sosial siyasətinin daha sıx elementinə çevrilər. Digər tərəfədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun rəhbərlik edəcəyini və eləcə də bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda, DSMF-nin bu nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı, həm də çevik idarəetməyə imkan yarada bilər».
"İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı da DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsinin müsbət tərəfləri olduğunu düşünür. M.Talıblı "Reytinq”ə deyib ki, bu addım strtuktur islahatları kimi təqdim olunan addımların nəticəsidir: «Nazirlik və komitələr birləşdirilir ki, dövlət büdcəsinin xərclərinə həm qənaət edilsin, həm də daha mobil idarəetmə formalaşdırılsın. Bunun müsbət tərəfi ondan ibarətdir ki, dövlət büdcəsinə qənaət ediləcək, bəzən çaşqınlıq yaradan sosial təminatla bağlı vətəndaşların müraciət edəcəyi ünvan dəqiqləşəcək.
Çoxsaylı vətəndaşlarımız sosial təminatla bağlı bəzən bilmirdilər ki, müraciət üçün Sosial Müdafiə Fonduna, yoxsa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsinlər. Belə qeyri-müəyyənliklərin aradan qaldırlmasında bir qurumun konkret ünvan ifadə etməsi daha rasionaldır”.
Mənfi tərəfinə gəldikdə, M.Talıblının fikrincə, bu, ondan ibarətdir ki, uzun illər bu sahədə təcrübə toplamış mütəxəssislər işsiz qalacaq:
"Onların bilik və bacarıqlarından istifadə üçün təminat olmadığından, bu, əmək bazarında əlavə gərginlik yaradacaq».
Tanınmış iqtisadçı Mayis Güləliyev isə həyata keçirilən struktur dəyişikliyi barədə danışarkən qeyd edib ki, iki qurumun birləşdirilməsinin müsbət nəticələri olacaq:
«Azərbaycanda dövlət idarəçiliyi xərcləri, eyni zamanda bir-birini təkrarlayan və ya lüzumsuz işlərlə məşğul olan orqanlar çoxdur. Dövlət idarəçiliyinin səmərəliliyinin mühüm elementlərindən biri də onun maliyyə xərclərinin azaldılmasıdır.
Digər tərəfdən, kadrların çoxluğu diqqəti cəlb edir. Bu mənada nə qədər mümkünsə, dövlət orqanlarının təsir dairəsinin azaldılmasına və onların fəaliyyətinin səmərəliliyinin artırılmasına çalışmaq lazımdır. Başqa sözlə, dövlət idarəçiliyində "dövlətin gücü" anlayışı ilə "dövlətin nüfuz dairəsi" anlayışlarını fərqləndirmək lazımdır. Demokratik ölkələrdə nə qədər mümkünsə "dövlətin nüfuz etdiyi" sahələrin azaldılmasına, lakin "dövlətin gücü”nün artırılmasına çalışılır. Bu fəaliyyət isə tələb edir ki, dövlət iqtisadiyyata, insanların həyat və fəaliyyətinə daha az qarışsın. Lakin dövlət üçün prioritet olan sahələrdə daha güclü olsun. Məsələn, müdafiə məsələlərində. Beləliklə, son devalvasiya prosesləri göstərdi ki, Azərbaycanda dövlət idarəçilik və icra sistemində bir-birini təkrarlayan və o qədər də səmərəli olmayan qurumlar var. Onlardan biri də DSMF idi. Onun nazirliyin tərkibinə verilməsi dövlət xərclərinin müəyyən qədər azalmasına səbəb olacaq”.
Ekspert vurğulayıb ki, bu, digər sahələrdə işləmək qabiliyyətində olan əlavə kadrların yaranmasına kömək edəcək. "Amma dediklərim o halda baş verə bilər ki, iki qurum arasındakı təkrar fəaliyyət sahələri ixtisar olunsun. Mən DSMF-nin nazirliyə birləşdirilmə mexanizmini bilmirəm. Sadəcə mexaniki birləşdirmə olacaqsa, müsbət bir hal baş verməyəcək. Əgər birləşdirmə iqtisadi səmərəlilik baxımından idarəçilik sisteminin təkmilləşdirilməsi yolu ilə olacaqsa, onda ciddi nəticələr ola bilər», - deyə M.Güləliyev əlavə edib.
Onu da nəzərə çatdıraq ki, DSMF-nin ləğv edilərək ƏƏSMN-nin balansına verilməsindən sonra ekspertlər başqa təkliflər də irəli sürməyə başladılar.
Belə ki, sabiq deputat, iqtisadçı ekspert Nazim Məmmədov islahatın davam etdirilməsini vacib sayaraq, bildirib ki, sosial sığorta haqqını və gəlir vergisini birləşdirib, 20 faizlik sosial vergi tətbiq etmək və onun yığımını Vergilər Nazirliyinə vermək lazımdır. Eyni zamanda, Gömrük Komitəsini xidmətə çevirərək,Vergilər Nazirliyinə birləşdirmək də təklif olunur.
Təbii ki, həm sahibkarların, həm də cəmiyyətin bir neçə qurum qarşısında hesabatlılığı mənfi tendensiya kimi qiymətləndirilir. Çünki müəssisələrin, sahibkarların, eləcə də fərdi şəxslərin fəaliyyəti ilə bağlı həm vergi orqanlarına, həm DSMF-yə, həm də Dövlət Statistika Komitəsinə hesabat vermələri əlavə zaman və enerji itikisinə səbəb olur. Bu səbəbdən də, bütün hesabatların vahid mərkəzə verilməsi təklifi səslənir.
M.Talıblı bu məsələni şərh edərkən deyib ki, bütün vergi formasında ödənən növləri birləşdirmək daha doğru olardı. Onun fikrincə, bu, ünvanlılığı da təmin edər:
«Fiziki şəxslərin hesabatlarının verilməsində iki quruma müraciəti yumşaltmaq lazımdır. Bu, hər iki qurumun işini asanlaşdırmaq və hər iki dövlət qurumunun yığımlarının sərhədini dəqiqləşdirməkdir. Amma sonradan bu yığımları təsnifatlaşdırmaq müəyyən problemlər yaratdığı üçün, bu, vətəndaşların əziyyəti hesabına edilir. Əslində isə elə etmək lazımdır ki, insanlar iqtisadi fəaliyyətlə məşğul olmağa daha çox vaxt ayırsın, nəinki idarəetmə qurumlarına etdikləri haqqında hesabat verməyə.
Vergilər və DSMF üzrə hesabatların elektron qaydada verilməsi yaxşı haldır. Amma DSMF hesabatlarının standartları nisbətən çətindir. Bunu nisbətən daha asan formaya salmaq lazımdır ki, istənilən vergi ödəyicisi online qaydada özü hesabatını verə bilsin».
Mayis Güləliyev də sahibkarların işini yüngülləşdirməyin tərəfdarıdır. Onun sözlərinə görə, iqtisadi inkişafa nail olmağın əsas yollarından biri sahibkarlığa hərtərəfli şəraitin yaradılmasıdır:
«Sahibkar daha az ödənilən və daha asan başa düşülən vergi sistemi ilə işləyəndə öz işində daha çox etibarlılıq əldə edir. Sahibkar qoyduğu vəsaitə görə, yaratdığı işə görə, əldə etdiyi mənfəətə görə qorxmamalıdır. Sahibkarlar dövlətin bel sütunudur. Onların azad fəaliyyəti cəmiyyətin rifah halının əsas mənbəyidir. Sahibkar qorxan cəmiyyətdə inkişaf olmaz. Odur ki, sahibkarların fəaliyyətinə birbaşa və ya dolayısı ilə nəzarət edən qurumların sayı azaldılmalıdır. Onların hesabatlılıq sistemi daha asan başa düşülməlidir. Belə olmazsa, sahibkar vergiləri gizlətməkdə və ya ödəmələri gecikdirməkdə maraqlı olacaq”.
M.Güləliyev də düşünür ki, eyni vaxtda həm DSMF-yə, həm də Vergilər Nazirliyinə hesabatların verilməsi əlavə vaxt itkisidir:
"Digər tərəfdən, bütün sahibkarlar vergi qanunvericiliyi ilə tanış deyillər. Odur ki, vergilərin vaxtında və düzgün ödənilməsi əlavə problem yaradır. Vergi qanunvericiliyinin tez-tez dəyişdirilməsi və daha abstrakt və akademik ifadələrlə zənginləşdirilməsi də yaxşı deyil. Bu halda onun başadüşülənliyi çətinləşir və insanlar məmurlardan asılı vəziyyətə düşürlər».
Reyting.az
Bölməyə aid digər xəbərlər