










Tarix: 30-03-2016 19:25 | Bölmə: Slayd
Artıq qış fəsli arxada qaldı. Havaların istiləşməsi siyasi proseslərdə aktivliyə şərait yaradır. Nəzərə alsaq ki, Azərbaycanın müxalifət nümayəndələri siyasi passivliklərini bəzən havaların soyuq keçməsi ilə əlaqələndirirdilər, o zaman baharın gəlişi ilə müxalifətin aktiv fəaliyyətə start verəcəyini ehtimal etmək olar.
Qeyd edək ki, manatın məzənnəsinin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. Demək olar ki, ölkə iqtisadiyyatının əksər sahələrində ciddi böhran yaranıb. Həm paytaxtda, həm də bölgələrdə iş yerlənin bağlanması sosial vəziyyəti ağırlaşdırıb. Qiymətlərin artması isə maddi durumu ağır olan vətəndaşların vəziyyətini daha da çətinləşdirib. Buna etiraz olaraq, ilin əvvəlində bir neçə lokal etirazlar baş versə də, hazırda ümumi sakitlik hökm sürür. Amma mövcud vəziyyət bu süstlüyün davamlı olmayacağını, narazılığın kütləvi etirazlara gətirib çıxaracağını qaçılmaz edir. Müxtəlif siyasi təşkilatların rəhbər şəxslərinin «Reytinq»ə verdikləri açıqlamadan da görünür ki, siyasi partiyalar aktiv fəaliyyətə başlayaraq, ölkədə dəyişikliklərə nail olmaq üçün mübarizəyə start vermək fikrindədir.
Bu barədə fikirlərini bizimlə bölüşən AXCP sədrinin müavini Nurəddin Məmmədli siyasi fəallığı iqlim və fəsil şərtləri ilə bağlamağın əleyhinədir. Onun fikrincə, siyasət ölkədə baş verən ictimai proseslərə adekvat olmalıdır:
«Konkret olaraq AXCP və onun təmsil olunduğu Milli Şuranın fəaliyyəti haqqında deyə bilərəm ki, ölkədə ciddi iqtisadi böhran yaşansa da kütləvi aksiyalara start verilməməsi düzgün yanaşmadır. Bəziləri devalvasiya mərhələsində rayonlarda baş verən spontan etirazlara qatılmamağımızı doğru saymırlar. Əslində isə əyalətlərdə baş verən spontan qalxınmalarla iğtişaş törətmək olar ki, bu da hakimiyyətin maraqlarına cavab verir. Rejimi islah etmək və dəyişmək üçün aksiyalara yüksək səviyyədə siyasi təşkilatlanma şəraitində başlamaq lazımdır. Hazırda biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə pisləşdiyini deyən N.Məmmədli bildirib ki, hakimiyyət anti-böhran proqramları ilə reallaşacaq islahatlarla ölkəni xilas etmək əvəzinə, epizodik addımlarla talançılıq siyasətini davam etdirir:
"Hiss olunur ki, iqtidarın yaşanmaqda olan fəlakəti aradan qaldırmaq üçün nə siyasi iradəsi, nə də səriştəsi yoxdur. Partiyamızın sədri Əli Kərimlinin hakimiyyətə ünvanlanan anti-böhran konsepsiyasını isə gözardı edirlər. Təbii ki, bu da ölkədə rejimə qarşı etirazları artırır. Məhz bunun nəticəsidir ki, AXCP sürətli təşkilatlanma mərhələsini yaşayır, Demək olar ki, hər gün onlarla insan partiyaya daxil olur. Kütləvi aksiyalara hazırlıqlarımız isə davam edir. Hazırda həm Milli Şurada, həm də AXCP-də mitinq müzakirələri aparırıq. Lakin bir şeyi unutmaq olmaz ki, xalqın geniş qatılımı olmazsa uğur qazanmaq mümkün deyil. Ölkədə rejim dəyişikliyini müxalifətin vəzifəsi hesab etmək isə nəticəsi acı olacaq yanlışlıqdır. Ümid edirik ki, xalqımızın dəstəyi ilə yaranmış vəziyyəti ölkəmizdə ciddi islahatlar aparmaq üçün fürsətə çevirəcəyik».
Müsavat Partiyasının başqanı Arif Hacılının fikirlərinə gəldikdə, deyib ki, Azərbaycanda siyasi fəallığın müxtəlif fəsillərə düşdüyü zamanlar olub. Onun sözlərinə görə, siyasi hərarət adətən havanın hərarəti ilə bağlı olmur və indiki məqamda siyasi fəallığın artma ehtimalı çoxdur:
"Ölkədə və regionda baş verən son hadisələr, siyasi və iqtisadi böhranın dərinləşməsi siyasi fəallığa stimul verəcək. Bu il seçki ili olmasa da, siyasi fəallığın ötən ildən daha çox olacağına şübhə etmirəm. Bu məsələlər indi Müsavat Partiyasında ətraflı müzakirə olunur. Cəmiyyəti hüquq və azadlıqlar uğrunda fəallaşdırmaq üçün ciddi işlər görmək niyyətindəyik".
Borçalı Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli də hesab edir ki, siyasi aktivliyi fəsillə bağlamaq doğru deyil. Onun fikrincə, siyasi qüvvələr hər zaman aktiv olmalıdır:
«Fikir verdinizsə, çox ciddi siyasi proseslər məhz, soyuq aylarda baş verdi. Dünyada, Orta Şərqdə, ölkəmizdə, Suriyada və s.
Təəssüf ki, Azərbaycanın siyasi sistemi müstəqil, demokratik dövlət quruculuğu dəyərləri əsasında formalaşmadı. Çoxpartiyalı sistem isə görüntü xarakteri daşıyır və idarə olunandır. Hər şey bir partiyanın əlindədir.
Amma artıq yeni nəsil formalaşıb və tələblər dəyişib. Ölkəmizdə siyasi sistem Azərbaycanı ağ günə çıxardacaq siyasi quruluşdan - demokratik dünyadan uzaqlaşdırılır.
Müxalifət 23 ildir ki, əzilir, fəaliyyət sferası məhdudlaşıb, orta səviyyəli fəaliyyət üçün də olsa, heç bir şərait yoxdur. Köhnə komanda, posionar yük daşıyıcıları bir az yaşlaşıb, yorulub. Gənclikdə də siyasi proseslərə meyl sadaladığımız səbəblər ucbatından çox zəifdir.
Maliyyə və digər rıçaqlarla zənginləşmiş hakimiyyətlə müflisləşdirilmiş müxalifət arasında böyük boşluq yaranıb. Klassik oliqarxik cəmiyyət formalaşıb. Bu boşluq ən qorxulu yerimizdir. Bütün düşmənlər bu məkana can atmaq istəyir. Əbədi və əzəli düşmənlərimiz müstəqilliyimizi təhdid edirlər. Odur ki, millətimiz boş qalmış orta meydanı tutmağa çalışmalıdır. Sosial, mənəvi, psixoloji durumun ciddiliyi ilə zədlənməsi kütləvi etirazları qaçılmaz edir və bundan bəhrələnmək istəyən xarici düşmən qüvvələrin bu meydana girmə şansı çoxalır”.
Z.Məmmədli qeyd edib ki, indiki zamanda ən böyük hədəf boş olan meydanı yad ünsürlərdən qorumaq və istiqlalımızın keşiyini çəkmək olmalıdır: "Mən partiya funksioneri deyiləm. Bir vətəndaş olaraq düşünürəm ki, əsas vəzifələr maksimum mənəvi səfərbərlik, siyasi uzlaşma və başvermə ehtimalı çox olan ciddi təlatümlərdən dövlətimizi sığortalamaq olmalıdr. Hakimiyyətin dəyişmə və ya ciddi islahatlara getmə ehtimalı daha çoxdur. Bunun yerinə irticanın gəlməsini önləmək və xalqın iradəsini hakim etmək də milli görəvlərdən olmalıdır».
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə düşünür ki, siyasi proseslərin sürəti və aktivlik ilin fəsilərindən, yaxud da hansısa mövsümlərlərdən asılı deyil. Onun qənaətincə, bu aktivlik daha çox cəmiyyətin fəallaşmasına stimul verən seçkilərdən və siyasi həyatdakı canlamalardan asılıdır. Eyni zamanda dünyada və regionda cərəyan edən proseslərlə, yaxud da böyük güclərin regional planlarına bağlıdır:
"Nəzərə alsaq ki, bu il Azərbaycanda hər hansı bir seçki gözlənilmir, əhalinin siyasi fəallığı da istənilən səviyyəyə yüksəlməyib, onda düşünmək olar ki, regional və beynəlxalq aktyorların ölkəmizlə bağlı planlarında ciddi dəyişiklik görsənmir.
Bildiyiniz kimi, uzun illərin siyasəti Azərbaycan müxalifətinin sıradan çıxmasına, zəifləlməsinə yönəldiyindən artıq bu, öz "bəhrəsini" verib. Siyasi müxalifət nə siyasi proseslərə təsir edə bilmir, nə də təsirli güc mərkəzi kimi hadisələri öz xeyrinə dəyişmək imkanlarına malikdir. Lakin bu heç də o demək deyil ki, Azərbaycanda hər şey sakit və axıcı olacaq. Beynəlxalq terrorizmin tüğyan etməsi, terrorun sərhədlərimizə dirənməsi təhlükələri daha da artırıb. Bu baxımdan, müxalifətin özü də separatçılıq və terrorizm kimi qorxunc probleməri gələcək fəaliyyətlərində diqqətə almalıdır. Çünki Azərbaycan istər-istəməz Qərb-Rusya qarşıdurmasının keçdiyi cəbhə xəttinə çox yaxın məsafədə yerləşir, təhlükələr və təhdidlərdən sığortalanmamışıq”.
Siyasi Şura üzvü hesab edir ki, sosial, iqtisadi, siyasi və digər sahələrdə getdikcə dərinləşən böhran Azərbaycan müxalifətinin də üzərinə böyük yük və məsuliyyət qoyur: "Çalışılmalıdır ki, ölkədə ciddi qarşıdurmalara, ədavətə, düşmənçiliyə və idarə olunan xaosa, anarxiyaya yol verilməsin».
Bölməyə aid digər xəbərlər