










Tarix: 08-04-2016 13:02 | Bölmə: Slayd
Prezident Vladimir Putin hərbi işlərə o qədər aludə olub ki, Rusiyanın iqtisadi çöküşünü sanki görmür. Artıq Rusiyanın ənənəvi müttəfiqləri ilə strateji əhəmiyyətli layihələri də əldən çıxır.
Hələ 2007-ci ildə Rusiya ilə Hindistan arasında birgə çoxfunksiyalı nəqliyyat təyyarələrinin istehsalı ilə bağlı müqavilə imzalananda Moskvada bunu iki ölkə arasında münasibətlərin gələcəyini müəyyən edə biləcək razılaşma adlandırırdılar. Ancaq imzalanan müqavilənin üzərindən illər ötsə də, bu sahədə irəliləyiş olmadı.
İndi isə Ukrayna Rusiyanı Hindistandan çıxarmaq istiqamətində ciddi addım atıb. "Defexpo India –2016” Silah və Texnika Sərgisində Ukrayna ilə Hindistan arasında çoxfunksiyalı nəqliyyat təyyarəsinin yaradılması ilə bağlı razılaşma əldə edilib. Ümumilikdə isə, silah və texnika sahəsində əməkdaşlıqla bağlı 15 bəyannamə imzalanıb.
Moskvada
hesab edirlər ki, "Defexpo India –2016” sərgisində Ukrayna nümayəndə heyəti
inadlı şəkildə Hindistan bazarını Rusiyanın əlindən almağa çalışıb və əldə edilən
razılaşmalar rəsmi Kiyevin bu sahədə ilk qələbəsidir.
Qeyd edək ki, Hindistan Rusiyanın silah və hərbi texnikasının əsas alıcılarından biridir. Bundan başqa, Hindistan iqtisadi artım tempinə görə Çini ötüb keçməkdədir və yaxın illərdə bu ölkə iqtisadi cəhətdən daha cəlbedici olacaq. Elə bu səbəbdəndir ki, artıq böyük dövlətlər iqtisadi əlaqələrinin ağırlıq mərkəzini Çindən Hindistana keçirirlər.
Böyük dövlətlərin Hindistanla əlaqələrinə yenidən baxdığı br zamanda Rusiya ənənəvi tərəfdaşını itirir. Özü də bu dəfə şimal qonşumuza iqtisadi zərbəni ABŞ, Avropa Birliyi və Çin kimi böyük dövlətlər deyil, Moskvanın dövlət belə hesab etmədiyi Ukranya vurur.
Ekspertlər hesab edirlər ki, Hindistanla Ukrayna arasında ümumi dəyəri 5,3 milyard dollar olan və 15 illik müddəti əhatə edən birgə çoxfunksiyalı nəqliyyat təyyarəsi istehsalı Rusiyanın iqtisadi maraqları ilə yanaşı, siyasi maraqlarına da zərbə vuracaq. Çünki Hindistan Ukrayna ilə birgə istehsal edəcəyi çoxfunksiyalı nəqliyyat təyyarələrindən əsasən hərbidə istifadə etmək istəyir. Elə buna görə də, Ukranya nümayəndə heyəti əsas danışıqları Hindistanın Müdafiə Nazirliyi və silahlı qüvvələrin təmsilçiləri ilə aparıblar.
Moskvada isə ehtiyat edirlər ki, bu, ilk və son olmaya bilər. Yəni Hindistan bu günə kimi Rusiya ilə silah və hərbi texnika sahəsində olan əməkdaşlığını bundan sonra Ukrayna ilə davam etdirər. Bu isə Rusiya üçün yalnız iqtisadi deyil, həm də böyük siyasi məğlubiyyət olardı.
Ekspertlərin fikrincə, Myanmada son prezident seçkilərindən sonra Hind-Çin yarımadasında ABŞ-ın mövqeləri güclənib. Rusiyanın bu regionun ikinci dövləti ilə əlaqələrinin qırılması isə regionda rəsmi Moskvanın təsirini azalda bilər.
Ukraynanın bu addımı göstərir ki, Rusiyanın dünyadakı rəqiblərinin sırası indi daha da genişlənib və Kiyev Moskvanın əlindən hətta Vaşinqtonun ala bilmədiyi sahələri və ölkələri də almaq iqtidarındadır. Hindistanla çoxfunksiyalı nəqliyyat təyyarəsi istehsalı ilə bağlı razılaşmanı Rusiyanın əlindən alan Ukrayna, başqa sahələrdə də şimal qonşumuzu sərt rəqabətlə üzləşdirə bilər.
Xəqani CƏFƏRLİ,
Politoloq
Bölməyə aid digər xəbərlər