Korrupsiya faktı aşkarlanan rayon rəhbərlərinə təhlükə yarandı
Tarix: 11-04-2016 12:30 | Bölmə: Slayd


Hesablama Palatası bir neçə şəhər və rayon icra hakimiyyətlərində, onların tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirib.

Hesablama Palatasının hesabatında qeyd olunur ki, Bakı şəhərinin Səbail, Xətai, Xəzər rayonları, Sumqayıt, Mingəçevir, Lənkəran şəhərləri, eləcə də Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir və Qobustan rayonlarında aparılan yoxlamalar zamanı ciddi korrupsiya halları üzə çıxıb.

Sənədə əsasən, audit tədbirlərinin həyata keçirildiyi qurumlarda bəzi hallarda büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi də müəyyən olunub.

Qurumlar tərəfindən mənzil fondunun gəlirlərinin az hesablandığı aşkar edilib. Mənzil fondu göstəricilərinin, o cümlədən əhalinin sayının tam nəzərə alınmaması, qeyri-yaşayış sahələri üzrə müqavilələrin bağlanmaması və digər bu kimi səbəblərə görə mənzil və xidmət haqqı, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi haqqı, qeyri-yaşayış sahələrində istismar yığımı üzrə mənzil fondunun gəlirləri az hesablanılıb:

"Həmçinin, mənzil fondu evlərində liftlərə xidmətdən yaranan zərərin müəyyənləşdirilməsi prosesində əhalinin azaldılması hesabına lift haqqı az hesablanılıb. Audit sübutları ilə mənzil fondunun zərərinin artırıldığı müəyyən olunub. Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan məcburi ödənişlərin bəzi hallarda təmin olunmadığı müəyyən edilib".

Həyata keçirilən tədbirlərin nəticələri ilə bağlı Hesablama Palatasına təqdim edilən məlumata görə, Səbail Rayon İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat vahidi ləğv edilib və təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan 7 ştat vahidinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda, 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Hesabatda bildirilir ki, Xətai Rayon İcra Hakimiyyətində yol verilən korrupsiyaya görə 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq olunub.

Xəzər Rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şiddətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad olunub, 4 məsul işçiyə isə ciddi xəbərdarlıq edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətində 17 işçiyə töhmət verilib.

Tovuz Rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.

Sabirabad Rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Ağstafa Rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

Ucar Rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2-nə xəbərdarlıq olunub.

Bərdə Rayon İcra Hakimiyyətində 3 məsul əməkdaşa töhmət verilib, 5-nə xəbərdarlıq edilib.

Kürdəmir Rayon İcra Hakimiyyətində 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət, Qobustan Rayon İcra Hakimiyyətində 4 məsul işçiyə xəbərdarlıq elan olunub. Eyni zamanda, Sumqayıt Şəhər İcra Hakimiyyəti üzrə nöqsanlara yol vermiş şəxslərlə bağlı intizam tənbeh tədbirləri görülüb, o cümlədən 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 1 məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3 məsul işçiyə xəbərdarlıq olunub.


Məlumatda o da qeyd olunur ki, Hesablama Palatasının korrupsiya aşkarlanan rayonlarla bağlı hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

"Reytinq"ə verilən məlumata görə, icra başçılarının yol verdiyi korrupsiya faktlarının müzakirəyə çıxarılması adıçəkilən rayon rəhbərlərinin böyük əksəriyyətinin karyerasına böyük zərbə olacaq.

Bu sırada Səbailin icra başçısı Eldar Əzizovla Sumqayıtın icra başçısı Zakir Fərəcovun bu prosesdən rahat çıxacaqları iddi edilir. Ona görə ki, sözügedən icra başçıları Hesablama Palatasının yoxlama dövrünü əhatə edən tarixlərdə həmin rayonların rəhbəri olmayıblar. Yəni bu rayonlar üzrə yoxlama onlardan əvvəlki rəhbərliyin dövrünə təsadüf edir.

Lakin digər icra başçıları haqda bunu demək çətindir. Xüsusiylə son illər barələrində daha çox şikayət edilən Kürdəmir, Ağstafa, Bərdə, Mingəçevir, Sabirabad və Ucarın icra başçılarını təhlükə gözləyir.

Bu sıraya Tovuzun icra başçısı Tofiq Zeynalovun da adını əlavə edilib.

Məlumatda bildirilir ki, Tofiq Zeynalovun Baş Dövlət Yol Pollisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşı olmasına baxmayaraq, çox güman ki, o da icra başçısını sığortalaya bilməyəcək.

Məlumatlı şəxs deyib ki, vəzifəsini itirmək təhlükəsiylə üzləşən icra başçılarından bəzilərinin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması da istisna edilmir. Ələlxüsus da Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun haqqında belə demək olar.

C.Cəfərovun karyerasını təhdid edən digər ciddi səbəblərin olduğu da iddia edilir. Bunlardan biri korrupsiyadırsa, digəri siyasi çalarla bağlıdır: "Ceyhun Cəfərovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovla qohum (yeznə-qayın) olması isə onun karyerasını aylardır təhdid edən əsas səbəb sayılır".

Reyting.az





Bölməyə aid digər xəbərlər