“Minsk qrupunun formatı dəyişdirilməlidir”- Qarabağ münaqişəsinin 7 maddəlik həll planı şübhə doğurur
Tarix: 11-04-2016 15:29 | Bölmə: Slayd


Aprelin 2-dən etibarən Qarabağ cəbhəsində baş verən gərginlik münaqişənin danışıqlar yolu ilə həlli üçün yeni təklifləri gündəmə gətirdi.

Bir neçəgün öncəAlmaniyanın Xarici İşlər Nazirliyindəki diplomatik mənbəyə istinadən Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etdiyi barədə xəbər yayıldı.

Almaniya XİN-dən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 7 maddəlik plan təklif etməsi barədə xəbərlərə aydınlıq gətirərkən bildirilib ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer münaqişəilə bağlı "status kvo"nun uzun müddət davam edəcəyini düşünmür:

"Münaqişə davam etdiyi üçün təmas xəttində və iki ölkə sərhəddində zorakılığın təkrarlanması və daha böyük intensivlik alması riski artır. Buna görə də xarici işlər naziri Ştaynmayer münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəqqiyə nail olmaq üçün ATƏT-ə sədrliyi dövründə bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur”.

Məlumatda qeyd edilir ki, Almaniyanın 7 maddəlik planı zorakılığın artması potensialının qarşısını almağa yönəlib vəDağlıq Qarabağ münaqişəsinin davamlı, sülh yolu ilə həllinə dair yol göstərməkdən ibarətdir. "Bunun əsasında atəşkəsin stabilləşdirilməsi və danışıqlar yolu ilə həllə nail olmaq üçün dialoq, etimad yaradılması tədbirlərindən istifadə etmək dayanır. Bu, Minsk qrupunun işinin intensivləşdirilməsi, potensial kompromis nöqtələrinin araşdırılması və yekun olaraq uzunmüddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir",- deyə Almaniya XİN-dən bildirilib.

"ATƏT-ə müvəqqəti rəhbərlik faktı azdırıcı xarakter daşıya bilər”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə "Reytinq"ə deyib ki, aşkarlanan məlumatlar hələlik ümumi xarakter daşıyır.          Onun sözlərinə görə, Almaniya XİN-dən verilən açıqlamada şərtlər bilinmir: "Bu baxımdan, konkret olaraq təklifləri şərh etmək çətindir. Lakin situasiyaya səthi qiymət vermək mümkündür.

Əvvəla, Almaniyanın önə verilməsi maraqlıdır. Burada ATƏT-ə müvəqqəti rəhbərlik faktı azdırıcı xarakter daşıya bilər. Müharibənin bərpa olunduğu dönəmdə Almaniya xarici işlər naziri Ştaynmayerin Rusiya rəhbərliyi ilə kontaktları mətbuatda işıqlandırılmışdı. Almaniyanın nəplanlaşdırmasından, beynəlxalq aləmin nə düşünməsindən asılı olmayaraq, öz çıxarlarımızı hesablamalıyıq. Bizim dövləti maraqlarımız problemin ərazi bütövlüyümüz çərçivəsində həllini tələb edir. 7 rayonun qayıtması, azərbaycanlıların yurdlarına dönməsi, Dağlıq Qarabağın statusunun müzakirəsi çərçivəmizdir. Yalnız bu çərçivə daxilində olan beynəlxalq təkliflər müzakirə oluna bilər. Hər tərəf problemin həllini öz qlobal çıxarlarından dolayı qiymətləndirir".

Ə.Əliyev nəzərə çatdırıb ki, son günlər cəbhədə baş verənlər xeyrimizədir. Onun fikrincə, danışıqlarda təmsilçilərimizin imkanlarını gücləndirmək üçün dövlətimizin imicinə pozitiv təsir göstərəcək addımlar atılmalıdır:

"Deyə bilmərəm tam olaraq nələri etmək lazımdır. Lakin ilk ağıla gələn siyasi məhbusların dərhal azad edilməsi, Qarabağ məsələsi ətrafında siyasi spektri tam təmsil edənlərin iştirakı ilə yığıncağın təşkili, siyasi açılımı ehtiva edən pozitiv hərəkətlər və s. Cəmiyyətimizin demokratikliyi və ədaləti danışıqlarda erməni separatçılarını tərksilah edə biləcək ən təsirli arqument ola bilər".

Türkiyə vəUkrayna Minsk qrupuna cəlb edilsin

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, Azərbaycan tərəfi münaqişənin dinc yolla nizamlan-masının tərəfdarıdır. Onun fikrincə, bizim üçün önəmli olan torpaqlarımızın azad edilməsi, bütün ərazilərimizdə dövlət suverenliyimizin bərpasıdır:

"Atəşkəs rejiminin təmas xətti bizim üçün dövlət sərhəddi deyil. Çünki təmas xəttinin hər iki tərəfi Azərbaycan torpağıdır. Ərazilərimizin istənilən yolla azad edilməsi, həm beynəlxalq hüquq normalarına, həm Azərbaycan Konstitusiyasına, həm də ədalət prinsiplərinə uyğundur.

Təbii ki, bizim üçün sülh yolu prioritetdir. Qeyd edilən təkliflərin mahiyyəti hələ tam aydın deyil. Lakin son hadisələr də göstərdi ki, Minsk qrupu həmsədrlər institutu indiki formatda və indiki konsepsiya əsasında səmərəli fəaliyyət göstərə bilmir. Ona görə də bu format dəyişdirilməli, həmsədrlər institutunun tərkibi müyyənləşərkən qarşıduran tərəflərin maraqları nəzərə alınmalıdır. İndiki halda isə balans pozulub. Bu qrupda Rusiya Ermənistanı təmsil edir. Amma Azərbaycanı təmsil edən ölkə yoxdur. Məncə, Minsk qrupunun fəaliyyətinin səmərəsizliyinin əsas səbəbi budur".

Müsavat başqanı konkret təkliflər də verib. Deyib ki, diplomatik təşəbbüskarlığı artırmaq, başqalarının irəli sürdükləri təklifləri müzakirə etməkdənsə, öz təkliflərimizi müzakirəyə çıxarmaq, ilk növbədə Minsk qrupu həmsədrlər institutunun formatının dəyişdirilməsini şərt kimi irəli sürmək lazımdır:

"İndi münaqişənin həlli xeyli dərəcədə xarici siyasət sahəsindəki çeviklikdən, bu sahədə qəbul olunan qərar-lardan asılıdır. Hakimiyyət bunu nəzərə almaq zorundadır.

İşğal olunmuş ərazilərimizin azad edilməsi üçün bu məsələyəRusiyanın təsir imkanlarını azaltmaq, bizədost olan dövlətlərin, məsələn, Türkiyənin, Ukraynanın imkanlarının artmasına nail olmaq lazımdır. Biz bunu necəetməyi bilirik və deyirik. Hakimiyyət bunu bacarmırsa və ya etmək istəmirsə, bu artıq başqa məsələdir".

Minsk qrupu Rusiya və Fransanın girovluğundan azad olunmalıdır

Borçalı Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli isə düşünür ki, ATƏT kimi ölü bir qurumun mövcudluğu və ona yenidən etimaddan danışılması faktik olaraq zaman qazanaraq işğalı rəsmiləşdirmək məqsədi daşıyır. Odur ki, Azərbaycan bu cür spekulyativ "tənzimləmələrdən" imtina etməlidir:

"ATƏT-in Minsk qrupu Azərbaycanınəleyhinə olan Rusiya və Fransa girovluğundan azad olunmalıdır. Hökmən Türkiyənin bu tənzimləmə prosesinə cəlb olunmasına nail olmaq lazımdır. Mənəvi-psixoloji üs-tünlüyü hərbi və diplomatik üstünlüyə çevirmək Azərbaycanın xarici siyasətinin əsasını təşkil etməlidir".

Z.Məmmədlinin fikrincə, ən yaxın zamanlarda rəsmi kürsülərdə ehtimal olunan "5-ci kalon"un mahiyyəti üzə çıxacaq: "Bu vəziyyət və təklif olunan həm də hakimiyyətin varlığına təminatdır. Əgər "5-ci kalon"un əli ilə davranırlarsa, bu, həm hakimiyyəti, həm də istiqlalımızı ciddi təhlükələrlə üz-üzə qoya bilər. Ona görə də hakimiyyətin cəsarətsiz davranmaq haqqını görmürəm".

Reyting.az





Bölməyə aid digər xəbərlər