Səlim Müslümov keçmiş nazirin əksər kadrları ilə vidalaşır
Tarix: 12-04-2016 14:29 | Bölmə: Slayd


Prezident İlham Əliyevin ötən ay imzaladığı "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova sıxıntılar yaradıb.

Xatırladaq ki, fərmana əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Daha dəqiqi, DSMF bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu olacaq.

"Reytinq"ə DSMF-dən verilən məlumata görə, fərmanla rəsmi təsir dairəsini genişləndirən nazir Səlim Müslümov hazırda tabeliyinə verilən DSMF-də məcburi ixtisar aparmalıdır. Bu isə nazir olanadək həmin quruma rəhbərlik edən S.Müslümova problemlər yaradıb.

Fərmana görə, S.Müslümov nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bu müddət isə aprelin 15-də başa çatacaq.

Yəni, Müslümov bu həftə işçilərin sayını müəyyənləşdirməli, kimlərin, hansı şöbələrin ixtisara salınması barədə qərarını verməlidir.

Mənbəmiz bildirib ki, uzun illər DSMF-yə rəhbərlik etmiş S.Müslümov şöbələr və onların işçiləri ilə bağlı seçim etməkdə çətinliklə üzləşib. O, keçmiş kadrlarının heç birini incik salmaq istəmir. Ancaq fərmanın tələbinə görə, o, bu addımı atmaq məcburiyyətindədir.

Məlumatlı şəxs deyib ki, DSMF-nin işini itirmək təhlükəsi ilə üzləşən işçiləri də analoji narahatlıqla üz-üzədir. Bu səbəbdən də, onlar, S.Müslümovun nazir təyinatından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutan həmkarlarının qapısını döymək məcburiyyətində qalıblar. Xahiş edirlər ki, ixtisara düşəcəkləri halda nazirlikdə normal işlə təmin olunsunlar. Məlumata görə, həmin şəxslər əsasən nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə şöbə müdiri Şəlalə Cəfərovanın qəbuluna düşməyə cəhd edirlər.

Xatırladaq ki, hər iki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifəyə təyin edilənə qədər DSMF-də yüksək vəzifə tutubalr. Ə.Cəbiyev DSMF-də nazirlikdə hazırki vəzifəsi kimi aparat rəhbəri, Ş.Cəfərova isə şöbə müdiri olub. Hər ikisi də S.Müslümova xüsusi yaxınlığı ilə seçilir.

DSMF-dəki mənbəmiz bildirib ki, işini itirmək təhlükəsi ilə üzləşən Fondun bəzi işçilərinə Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyində işlər təklif edilib və onlara narahatlıq üçün əsas olmadığı bildirilib. Yəni, DSMF-də işlərini itirsələr də, nazirliyin müvafiq şöbə və mərkəzlərində işlə təmin olunacaqlar. Bu isə o qənaəti yaradır ki, S.Müslümov nazirliyin struktur vahidlərini tamamilə DSMF-dəki kadrları ilə əvəzləmək planını reallaşdıra biləcək. Bu, həm də o deməkdir ki, keçmiş nazirin dövründən işləyən az sayda işçilər də postları ilə vidaşalaşmalı olacaqlar.

Məlumatda o da qeyd olunur ki, bu proseslər yaxın bir ay müddətində yekunlaşdırılmalıdır. Fərmana əsasən, Müslümov birləşdirmə prosesini 2 aya bitirməlidir. Artıq nazir mart ayının sonunda DSMF-də iclas da keçirib. İclasda Fondda bir sıra şöbələrin ləğv edilməsi ilə bağlı qərar da verib. Birləşdirmə prosesi tam yekunlaşdıqdan sonra isə ləğv edilən şöbələrin əməkdaşları nazirlikdə müxtəlif vəzifələrə təyin ediləcəklər.

Reyting.az





Bölməyə aid digər xəbərlər