Tayvan böhranı: Çinin döyüş təyyarələri havaya qalxır, hərbi gəmiləri adanı mühasirəyə alır
Tarix: 02-08-2022 14:07 | Bölmə: Slayd
Tayvan böhranı: Çinin döyüş təyyarələri havaya qalxır, hərbi gəmiləri adanı mühasirəyə alır

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu gün Tayvana mümkün səfəri ilə əlaqədar Sakit okeanda gərginlik daha da artıb. Çinin döyüş təyyarələri və hərbi gəmiləri bu gün səhər saatlarından etibarən Tayvan adasını mühasirəyə alıb. İddia olunur ki, Çin Tayvana raket zərbələri endirə bilər.

Reyting.az
xəbər verir ki, Tayvan mediasının diplomatik qaynaqlara əsaslanaraq, Pelosinin Tayvana səfər edəcəyindən yazdığı bir vaxtda, Çin hökuməti adaya döyüş təyyarələrini göndərməklə yanaşı, ABŞ-a sərt xəbərdarlıqlar da edir.

"Royter” xəbər agentliyinə danışan mənbələr Çinin döyüş təyyarələrinin Tayvan adası ətrafında uçduğunu və gərginliyin çox yüksək olduğunu bildirir. Çinin döyüş gəmilərinin də bölgəyə yerləşdirildiyi iddia olunur.



Mənbələr Çin təyyarələrinin davamlı olaraq taktiki manevrlərlə adanın ətrafında dövrə vurduğu, Tayvan ordusunun isə onları müşahidə etdiyi bildirilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib ki, Çin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək və Çin ordusu Pelosinin səfərini "oturaraq" izləməyəcək: "Biz istənilən gözlənilməz vəziyyətə hazırıq. Əgər cəsarət edərlərsə, gözləsinlər, görək nə edəcəyik”.

Zhao məsələ ilə bağlı ABŞ ilə təmasda olduqlarını da diqqətə çatdırıb.

Sərt açıqlamalar davam edərkən, Çinin Tayvana raket zərbələri endirə biləcəyi ilə bağlı iddialara da ara verilmir.

Tayvan Müdafiə Nazirliyi bu səhər verdiyi açıqlamada hərbçilərin hazırlıq vəziyyətində olduğunu bildirib.

Yerli mənbələrin məlumatına görə, zirehli texnikalar Çinin Tayvan yaxınlığındakı Syamen şəhərinə yerləşdirilib.

Daha əvvəl açıqlanmışdı ki, ABŞ Hərbi Dəniz Qüvvələri də “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə istiqamətləndirib.

Pelosiyə yaxın bir mənbə Asiya turunu Malayziyada davam etdirən ABŞ-ın əsas şəxslərindən olan Nümayəndələr Palatası sədrinin Tayvan lideri Tsai İnq-ven ilə görüşünün gözlənildiyini bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi dünən keçirdiyi mətbuat konfransında Pelosinin Tayvana səfər etmək hüququna malik olduğunu deyib.



Xatırladaq ki, Pelosi, ABŞ-ın diplomatik əlaqələr qurmadığı, lakin dəstəklədiyi Tayvana səfər edərsə, sonuncu dəfə 1997-ci ildə ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nyut Qinqriç tərəfindən ziyarət edilən Tayvana səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisi olacaq.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və “dinc yolla birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürməyə çalışır. Bundan əlavə, digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlaması Çin tərəfindən "suverenliyin pozulması" kimi qiymətləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}