16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Son 73 ilin ən pis ssenarisi işə düşüb
Tarix: 20-09-2022 18:04 | Bölmə: Slayd
Son 73 ilin ən pis ssenarisi işə düşüb

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranının Avropaya ciddi təsirləri davam edir. Kreml isə Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacağı təqdirdə, “Şimal axını-1” boru kəməri ilə Avropaya qaz tədarükünü tam bərpa etməyəcəyini təkrarlayır.

Reyting.az
xəbər verir ki, Ukrayna müharibəsi və Rusiyanın təbii qazı kəsməsindən sonra Avropa son dövrün ən sərt qışına hazırlaşır. İngiltərənin “The Telegraph” qəzeti enerji böhranından ən çox təsirlənən ölkələrdən birinin Almaniya olduğunu yazır.

Alman sənayesinin 1949-cu ildən bəri ən böyük şoku yaşadığı bildirilən məqalədə qeyd olunur ki, qiymət artımları son 73 ilin ən yüksəyidir.

“Tim Wallace”nin təhlilində isə yazılır ki, təbii qaz paylama qiymətləri ildə 209 faiz artıb. Yaranmış vəziyyəti Rusiyanın təbii qazı kəsməsi ilə əlaqələndirən “Tim Wallece”nin qiymətləndirməsi belədir:

“Artan inflyasiya artıq tənəzzüldə ola biləcək Almaniya iqtisadiyyatı üçün artan təhlükədir”.

Almaniyanın enerji bazarını tənzimləyən “Bundesnetzagentur” (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları tələbatı maksimum 2,5 ay ödəyə bilər.

“Bloomberg” nəşri isə Almaniyanın Rusiya qazına alternativ axtardığını yazıb. Kansler Şolzun şənbə günündən etibarən Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gedəcəyi xatırlanır, “Kansler yəqin ki, bu həftə sonu çatdırılma müqavilələri imzalayacaq”,- proqnozu verilir.

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu vəziyyətin yoxsul insanların və xüsusilə ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, bu yaxınlarda iqtisadiyyat naziri Robert Habek sabiq kansler Angela Merkelin 2011-ci ildə elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış edib.

Habeck bildirib ki, ölkədə qalan üç atom elektrik stansiyasından ikisi, hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcək.

Almaniyanın bu qərarı xarici mətbuatda “dönüş” kimi şərh olunur.

Yaponiyada Fukusima nüvə fəlakətindən sonra Merkel atom enerjisindən tamamilə imtina etmək qərarına gələrək ölkədəki 6 elektrik stansiyasından 3-nü bağlayıb.

Xatırladaq ki, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən “GasTerra”-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

“GasTerra” isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, “Qazprom”un Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

“Qazprom” bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya da qaz nəqlini kəsmişdi.

Onu da diqqətə çatdırırıq ki, Rusiya prezidenti Putinin imzaladığı fərmanla “dost olmayan ölkələr” siyahısı hazırlanıb. Rusiya hökumətinin “qara siyahı”sına ABŞ və bütün Avropa İttifaqı ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}