16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistan KTMT sıralarını tərk edə biləcək?
Tarix: 22-11-2022 14:21 | Bölmə: Slayd
Ermənistan KTMT sıralarını tərk edə biləcək?

22-23 noyabrda Ermənistanda Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti Sammiti keçiriləcək. Sammit çərçivəsində liderlər, xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katibləri səviyyəsində iclasların keçiriləcəyi gözlənilir.

Politoloq Fuad Çıraqov Reyting.az-a deyib ki, Sammitin gündəliyində duran əsas məsələlər təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi, sədrliyin rotasiya qaydasında yeni nümayəndəyə ötürülməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsidir.

F. Çıraqov əlavə edib ki, tədbirdə Kollektiv Təhlükəsizlik Şurası Bəyannaməsinin və Sülhməramlı Qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması ilə bağlı sıra sənədlərin qəbulu da gözlənilir.

Amma F. Çıraqov iddia edir ki, Ermənistanın destruktiv siyasəti səbəbindən bu Sammit daxili parçalanma ilə müşaiyət olunacaq: “Dəfələrlə KTMT-ni Azərbaycanla müharibəyə sövq etməyə çalışan Ermənistan son cəhdini sentyabr təxribatından sonra etmişdi. Ermənistan Rusiyaya KTMT nizamnaməsinin 4-cü maddəsinə uyğun hərbi yardım məqsədilə müraciət etsə də, təşkilat vəziyyəti qiymətləndirmək üçün regiona monitorinq missiyası göndərməklə kifayətlənmişdi”.

Politoloq xatırladıb ki, 44 günlük Vətən müharibədən sonra Azərbaycan KTMT üzvü Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında”, Qazaxıstanla isə “Strateji Münasibətlərin Möhkəmləndirilməsi və Müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” bəyannamələr imzalayıb. Qazaxıstanla imzalanan son Bakı Bəyannaməsində isə Zəngəzur dəhlizi Orta dəhlizin perspektiv hissəsi kimi dəyərləndirilib. Qazaxıstan və Qırğızıstan daxil, KTMT-nin 6 üzvündən - Belarus da daxil olmaqla, üçü Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.

F. Çıraqov diqqətə çatdırıb ki, Sammitdə Azərbaycan əleyhinə qərar qəbulu real görünmür: “Buna rəğmən, Ermənistanın ittiham və təkliflərlə çıxış edəcəyi gözləniləndir. Sammitə qədər Paşinyan 1991-ci il sərhədlərinə uyğun olaraq qoşunların geri çəkilməsi, şərti sərhəddə demilitarizasiya zonasının yaradılması, mühafizəni ordu birləşmələrindən sərhəd qoşunlarına ötürməyi, vəziyyətin monitorinqi məqsədilə KTMT missiyasından istifadəni təklif etmişdir”.


F. Çıraqov

Politoloqun fikrincə, qəbul olunmayacaq təkliflərlə çıxış etmək İrəvana təşkilatı diskreditə etmə və ölkənin üzünü Qərbə çevirmək baxımından faydalıdır:

“Ermənistanın baş naziri N. Paşinyan KTMT-nin mövqeyindən məyus olduğunu, A. Qriqoryan KTMT-yə daha ümidlərinin olmadığını deyib, A. Simonyan isə təşkilatı güllə atmayan tapançaya bənzədib. Sentyabr ayında ölkəyə səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə dolayısı ilə Ermənistanı KTMT-dən çıxmağa çağırıb”.

Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistan KTMT-dən çıxmaq istiqamətində artıq bir neçə addım atıb:

“Fransa, Hindistan, İran və Yunanıstanla hərbi və hərbi-texniki əməkdaşlıq, ABŞ və Fransanın təhlükəsizlik strukturlarının vəzifəli şəxslərinin Ermənistana səfərləri və hərbi diversifikasiya Ermənistanın tənha olmadığını göstərmək məqsədinə xidmət edir”.

Politoloq bütün bunlarla yanaşı Ermənistanın KTMT-dən çıxmasına üç faktorun mane olduğunu bildirir:

“Birinci, ATƏT-in 1992-ci il qərarına görə, Qərb “münaqişə” davam etdiyi müddətdə Azərbaycan və Ermənistana silah sata bilməz. Yəni, Ermənistanla hərbi əməkdaşlıq üçün sülh sazişi imzalanmalıdır.

İkinci, Ermənistanın Rusiyanın təhlükəsizlik sisteminin bir hissəsi kimi qaldığı müddətdə ona Qərb istehsalı olan müasir silahların verilməsi doktrinal prinsiplərə ziddir.

Üçüncüsü, Ermənistan KTMT-dən savayı Avrasiya İqtisadi Birliyinin üzvüdür. Üzvlük Ermənistana idxal-ixrac və birbaşa xarici investisiya məsələlərində üstünlük verir. Rusiyanın sanksiyalar altında olduğu şəraitdə bu üstünlüklər özünü daha qabarıq formada göstərir. İranla Avrasiya Birliyi arasında imzalanan azad ticarət zonası sazişi isə Ermənistanın təşkilat daxilində perspektivlərini daha da artırır. Ermənistan anlayır ki, KTMT-dən çıxmaq onun Avrasiya İttifaqına üzvlüyünə təsir göstərib, hərbi risklərlə yanaşı iqtisadi risklər də yaradacaqdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}