










Tarix: 15-04-2016 14:50 | Bölmə: Slayd
Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2015-ci illə bağlı hesabatını təqdim edərək bildirib ki, 98 təklif, 15 tövsiyənin yer aldığı hesabatda bir sıra qanun pozuntuları əksini tapır.
V.Gülməmmədovun sözlərinə görə, "Azərenerji” ASC-də dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb.
Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95 faizi olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 faizi birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6 faizi satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə "Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.
Palataya təqdim edilmiş məlumata görə, "Azərenerji” ASC tərəfindən 29,7 min manat dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.
Bakı Şəhər İcra Hakimiyyətində də maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-ə ayrılmış vəsaitin 12,7 faizinin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib. Tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da müqavilələr bir neçə aydan sonra bağlanıb. Nəticədə 2014-cü ildə Bakı Şəhər İcra hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9 faizi səviyyəsində satınalamalar birbaşa müqavilə metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi aşkarlanıb. Audit tədbirləri nəticəsində qurumun daha bir neçə sahələr üzrə vəsait ödənişində nöqsanları aşkarlanıb.
V.Gülməmmədovun sözlərinə görə, yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.
Palataya təqdim olunan məlumata görə, BŞİH-dən cəmi 106,4 min manata vəsait dövlət büdcəsinə bərpa edilib, 2 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qaydada rəsmiləşdirildiyi qeyd olunub.
Bundan sonra Hesablama Palatasının 2015-ci il üzrə hesabatı üzrə müzakirələr aparılıb.
Deputat Qənirə Paşayeva Hesablama Palatasının apardığı auditlərdə ortaya çıxarılan nəticələrin ciddi olduğunu bildirərək deyib ki, səhiyyə müəssisələrində çoxlu sayda vakant iş yerləri var:
"Rayonlar üzrə də bu göstərilib. Nəzərə alsaq, səhiyyə sahəsində yüzlərlə iş yeri var və bu sahədə iş gözləyənlər var. Səhiyyə müəssisələri işçi almaqdansa vakant ştatları tibb heyətləri arasında bölüşdürməyə üstünlük verir. Bu, ciddi məsələdir. Əslində iş yükü normanın yuxarısında da deyil, daha da azalır. Buna baxmayaraq vakant iş yerləri tibb heyəti arasında bölüşdürülür. Səhiyyə sahəsində bu qədər iş yeri gözləyən ali məktəbi bitirən gənclər var. Onlara işləmək üçün şərait yaradılmalıdır”.
Xanım deputat Hesablama Palatasının valideyn himayəsindən məhrum olunmuş uşaqların təhsil haqqından azad olunması məsələsi zamanı qanunlarda ortaya çıxan boşluğa da diqqət çəkərək qeyd edib ki, burada müəyyən ziddiyyətli məqamlar ortaya çıxır: "Qanundan məlum olur ki, təhsil haqqından azad olunma 18-23 yaşındakı şəxslərə tətbiq olunur. Hər kəs birinci il ali mətkəbə daxil ola bilmir. Elələri var ki, ikinci il tələbə adını qazanır və 23 yaşında ali məktəbi bitirmir. Nəticədə son 3 və ya 4-cü kursda özləri təhsil haqqını ödəməyə məcbur olurlar. Qanunvericilikdə bu məslələrlə bağlı çıxılmaz vəziyyət yaranır”.
Deputat Tahir Kərimli Hesablama Palatası sədrinin hesabatı ilə bağlı bildirib və sonda azərbaycançılıq ideyasının təbliğini vacib sayıb: "Bakıya baxın, bir az ruspərəstik, bir az farspərəstik, bir az türkpərəstik. Gəlin özümüz olaq, Azərbaycanpərəst olaq!”
Deputat Əflatun Amaşov Hesablama Palatasının hesabatını müsbət dəyərləndirərək, Beynəlxalq Bank ətrafında baş verən olayların təkrarlanmaması üçün konkret təkliflər səsləndirib. Daha sonra isə Mətbuat Şurasının sədri media ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, 4 günlük hərbni əməliyyatlar zamanı media özünü kifayət qədər yaxşı aparıb:"Çox təəssüf ki, bəzi hallarda bəzi media nümayəndələri baş verən olaylara kiçik prizmadan baxdı, bu da çox təəssüf doğurur. Milli Məclis haqqında dərc olunan yazıların da qərəzli olduğunu bildirdi. Mən də həmin yazıları qınayıram. Biz çalışmalıyıq ki, nəinki Milli Məclis barədə, heç bir qurum barədə belə yazılar getməsin”.
Deputatim Əli Məsli Hesablama Palatasının fəaliyyətində antikorrupsiya tədbirlərinin geniş yer aldığını deyərək, Azərbaycanın xarici borcunun 20 faiz ətrafında olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə,bu da yaxşı göstərici deyil: "Çünki Azərbaycanın xarici borcu 10 faiz ətrafında olub”.
Ə.Məsimli həm də diqqət çatdırıb ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan kənarda qalıb: "Bu, nə insanlığa yaraşır, nə Azərbaycan Konstitusiyasına uyğundur. Ona görə də təhsil kreditləri haqqında qanun nə qədər tez qəbul olunsa, biz həmin ailələri pis vəziyyətdən daha tez çıxara bilərik”.
Deputat Vahid Əhmədov deyib ki, 2015-ci ildə Palata büdcə vəsaitlərinin yalnız 10 faizini yoxlayıb ki, bu da çox aşağı göstəricidir:"Milli Məclisdə dəfələrlə bildirilib ki, dövlət büdcəsinin yerlərdə xərclənməsində ciddi qüsurlar var. Yoxlamalar nəticəsində cəmi 10 milon manat dövlət büdcəsinə vəsait keçirilib ki, bu vəsait də çox azdır. Ona görə də nəzarət ciddi şəkildə həyata keçirilməlidir. Bu 83 yoxlama göstərdi ki, elə bir yoxlama yoxdur ki, orada ciddi nöqsanlar aşkar edilməsin. Bütün sahələrdə çox ciddi problemlər aşkar edib. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər aşkar edilib”.
V.Əhmədov qeyd edib ki, Hesablama Palatasının səlahiyyətləri ciddi şəkildə genişlənməlidir.
Deputat Zahid Oruc isə neqativlərin aradan qaldırlmasına kompleks yanaşmağı vacib sayır: "Biz nə qədər ki, tenderləri, satınalmaları şəffaf şəkildə həyata keçirə bilməyəcəyik, Hesablama Palatası orada neqativləri araşdırıb ortaya qoyacaq. Biz formaları tapmalıyıq ki, necə edək rayon icra hakimiyyətləri yerlərdə aparılan işlərə müdaxilə etməsinlər, maliyyə vəsaitləri təyinatı üzrə xərclənsin. Bağçadan uşaqlardan daha çox böyüklər bəhrələnir. Bunlar bağça işçiləri deyil. Tibb ocaqlarında da oxşar vəziyyət hökm sürür. Bağçasını, səhiyyəsini özəlləşməyə açmayan ölkədə bir qurum bütün neqativlərin qarşısını ala bilməz”.
Bundan sonra Palatanın hesabatı səsə qoyularaq qəbul edilib.
Bölməyə aid digər xəbərlər