Məhkəmə keçmiş komitə sədri haqqında sərt qərar verdi: “...məcburi qaydada gətirilsin!”
Tarix: 15-04-2016 16:20 | Bölmə: Slayd


Bir neçə il bundan əvvəl Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən yazıçı və şairlərə mənzillərin verilməsi zamanı başlayan qalmaqal hələ də bitməyib. Qalmaqal hazırda məhkəmə salonlarında davam edir.

Məhkəməyə verilən isə şair-dramaturq, Prezident təqaüdçüsü, vaxtiylə Naxçıvanda idman komitəsinin sədri vəzifəsində işləmiş Ramiq Muxtardır (Ramiq Muxtar oğlu Nağıyev).

"Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyeslərin müəllifi olan, sözlərinə 120-dən artıq mahnı bəstələnmiş nəğməkar şairə qarşı məhkəmə iddiasını isə AYB sədri Anarın müşaviri, Birliyin Mənzil Komissiyasının sədri Rauf Kərim oğlu Aslanov Nərimanov Rayon Məhkəməsində qaldırıb.

Rauf Aslanovun iddiasına görə, Ramiq Muxtar "Reytinq” qəzetinin 28 Sentyabr 2014-cü il tarixli sayında dərc etdirdiyi "Saxtakarlıqdan əl çəkin!” başlıqlı məqaləsində ona qarşı təhqir və böhtana yol verib. Bu səbəbdən də, R.Muxtardan 50.000 manat (əlli min) təzminat və təkzib verməyi tələb edirdi.

R.Aslanovun iddiasını qismən təmin edən birinci məhkəmə instansiyası 03 Mart 2015-ci il tarixdə qərara gəlib ki, R.Muxtar vurulmuş mənəvi ziyana görə R.Aslanovun xeyrinə 500 (beş yüz) manat təzminat ödəməli və təkzib verməlidir.

Kasassiya prosesində Ali Məhkəmə qərarı qismən qüvvədə saxlasa da, R.Muxtarın tələbi icra etməməsi Nərimanov rayon icra şöbəsinin şikayəti ilə ona qarşı sərt qərarın verilməsinə səbəb olub.

Reyting.az saytının əldə etdiyi məlumata görə, 30 Mart 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara alıb ki, borclu Nağıyev Ramiq Muxtar oğlu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilsin.

Reyting.az





Bölməyə aid digər xəbərlər