Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma riski artır
Tarix: 02-12-2022 10:49 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma riski artır

“Regionda hərbi qarşıdurma riski var. Açığı, bizə mane olan Rusiya faktoru tədricən zəifləyir. Rus faktoru aradan qalxdıqca Moskva maraqlıdır ki, regionda gərginlik, hərbi qarşıdurma riski artsın, təki biz barışmayaq və sülh sazişi bağlamayaq. Rus faktoru zəifləyir deyə təxribat və gərginlik yaratmaqla döyüşlərin tədricən qızışmasında maraqlıdırlar. Ehtimal edirəm ki, hərbi qarşıdurma və insidentlər olsa da, bu, genişmiqyaslı müharibəyə çevrilməyəcək. Sadəcə, ona görə ki, Ermənistan ordusunun hazırda böyük müharibə aparmaq imkanı yoxdur”.

Bu fikirləri Reyting.az-a hərbi analitik Azad İsazadə bildirib.

A. İsazadə deyib ki, hansısa təxribatlar, qısa müddətli insidentlər gözləniləndir və bunda məqsəd razılaşmaya, sülh sazişi imzalanmasına mane olmaqdır. Onun sözlərinə görə, belə bir ssenari ermənilərlə yanaşı rusların da marağındadır:

“Belə orta vəziyyət bizim marağımızda deyil. Niyə? Çünki nə sülh, nə də müharibə bizə imkan vermir ki, məsələni birdəfəlik həll edəcək. Bizə ya sülh, ya da müharibə lazımdır ki, məsələni kökündən həll edəcək. Bu baxımdan deyirəm ki, rus amilinin zəifləməsi bizə imkan verir ki, siyasi təzyiqləri gücləndirməklə sülh sazişinə nail olaq və nəzarətimizdə olmayan torpaqlarımızda müharibə yolu ilə suverenliyimizi bərpa edək”.


A. İsazadə

Hərbi analitik diqqətə çatdırıb ki, Azərbaycanın bunu həyata keçirmək imkanları var: “Mən hərbi imkanlarımızı nəzərdə tuturam. Azərbaycan qarşısına belə bir məqsəd qoyarsa, buna nail ola bilər. Amma siyasi-diplomatik imkanlar haqqında heç kim dəqiq bir söz deyə bilməz. Nəzərə almaq lazımdır ki, söhbət rus faktorunun zəifləməsindən getmir”.

A. İsazadə əlavə edib ki, müsbət faktor Türkiyədir, onun regionda nüfuzu getdikcə artır, üstəlik, Azərbaycanın müttəfiqidir: “Mənfi amil isə Fransa faktorudur. Bilirik ki, Böyük Britaniya bizim əleyhimizə çıxmayacaq. Lakin ABŞ-ın göstərəcəyi münasibət məlum deyil, göz yuma da, yummaya da bilər”.

Hərbi analitik sonda Türkiyənin Suriyada quru əməliyyatı keçirməyə hazırlaşdığına diqqət çəkərək deyib ki, bu, hər an başlaya bilər: “İki yerdə eyni vaxtda əməliyyatın başlamasının müsbət və mənfi tərəflərini daha çox məlumatı olan şəxslər bilir. İki istiqamətdə eyni anda başlamaq, ardıcıllıqla başlamaq və ya ümumiyyətlə başlamamaq dövlət başçılarının qərarı ilə ola bilər. Çünki onlar daha çox məlumatlıdırlar və şəraitin nə zaman daha münasib olduğunu bilirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}