Deputat: “İran vətəndaşlarının Qarabağa hansı məqsədlə gəldikləri məlumdur”
Tarix: 06-12-2022 10:00 | Bölmə: Slayd
Deputat: “İran vətəndaşlarının Qarabağa hansı məqsədlə gəldikləri məlumdur”

“Azərbaycan və Türkiyə ordusunun ölkəmizin cənub sərhədində təlimlər keçirməsi planlıdır. Azərbaycan Türkiyə ilə birlikdə ildə yüzə qədər təlimlər keçirir. Bunun böyüyü, kiçiyi var. O cümlədən silah növündən, iştirakçıların tərkibindən, ordu növündən asılı olaraq müxtəlif və mütəmadi təlimlər olur. Amma elə təlimlər var ki, spesifik və məhduddur, onlarla bağlı mətbuata da məlumatlar verilmir. Böyük təlimlər isə diqqət cəlb edir. Bu təlimlərin cənub sərhədlərində keçirilməsi müəyyən mənada İranda çərçivələri keçən qüvvələrə mesajdır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat diqqətə çatdırıb ki, İran-Azərbaycan münasibətlərində gərginliyin təbii axarına düşməsini müşahidə etmir:

“Adətən hansısa hadisələr, xoşagəlməyən bəyanatlar olduqdan sonra görüşlər keçirilir, xarici işlər nazirləri və yaxud digər səviyyələrdə hansısa tədbirlərdə məsələlər ayaqüstü də olsa, danışılır və münasibətləri qaydaya salmaq üçün addımlar atılır. Hələlik mən belə bir prosesi müşahidə etmirəm. Əksinə, İran tərəfindən Azərbaycana qarşı iyrənc təbliğat davam edir”.

R. Musabəyov əlavə edib ki, 14 İran vətəndaşı olan terrorçunun Qarabağa keçməsi haqda xəbərlər var və bununla əlaqədar Azərbaycan İrana müvafiq nota təqdim edib: “Əslində bu, heç xəbər də deyil, konkret olaraq həmin iranlıların adları, şəxsiyyət vəsiqələri ilə bağlı məlumatlar Telegram kanallarında yayılıb. Bunların kim olması, hansı məqsədlə Qarabağa gəldikləri məlumdur. Sözsüz ki, Ermənistan və İran bu şəxslərin diversant olmasını ört-basdır etməyə çalışacaq. Amma İran vətəndaşlarının Azərbaycanın xəbəri olmadan onun torpaqlarına qanunsuz daxil olmasından boyun qaçırmaq mümkünsüzdür. Artıq ifşa olunublar. İran vətəndaşları Azərbaycanın xəbəri və razılığı olmadan onun torpaqlarında nə qələt edir? Odur ki, hələlik İran-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qalxmasını müşahidə etmirik. Ən azından indiki gəginliyin artmasının qarşısını almaq üçün real addımlar atılmır”.

Musabəyov düşünmür ki, bu gərginliyin qalması və artması İranın xeyrinədir: “İndiki vəziyyət Azərbaycanın da seçimi deyil. Azərbaycan heç zaman belə gərginliyin yaranması üçün addımlar atmayıb. Əksinə, Azərbaycanın addımları ənənəvi olaraq cavab xarakterli olub”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}