16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspert
Tarix: 06-12-2022 10:26 | Bölmə: Slayd
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür

“Azərbaycanın avtomobil karvanı Ağdərədə ermənilərin hücumuna məruz qalıb. Bununla paralel olaraq rus sülhməramlı qüvvələrin məsuliyyəti altında olan ərazidə ordumuzun mövqeləri müntəzəm atəşə tutulur. Bu, 44 günlük müharibədən sonra praktiki olaraq daima baş verir. Amma çox vaxt belə məsələlər mətbuata çıxmır. İstisna etmirəm ki, indi belə hallara daha çox rast gəlinir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, hansısa humanitar karvan keçəndə də belə hallar yaşanıb. Sadəcə, danışıqlar prosesi getdiyi üçün bu cür hallar çox da şişirdilməyib. İndisə gərginlik bir qədər də artıb və biz belə hallarla tez-tez rastlaşırıq”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Qarabağdakı mövcud durumdan danışarkən deyib.

A. İsazadə əlavə edib ki, gərinliyin çoxalıb-azalmasından asılı olmayaraq, ən vacibi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır: “Sülh müqaviləsi bağlanmayana qədər bir-iki aydan bir döyüşlər bərpa oluna bilər. Sülhə məcburetmə anlayışı var. Məsələn, 2008-ci ildə Rusiya Gürcüstanda keçirdiyi əməliyyata belə ad qoymuşdu. Əgər ermənilər Azərbaycanla danışmaq istəmirlərsə, onda biz necə hesab ediriksə, elə də etməliyik. Ya da gəlib bizimlə danışıq aparmalıdırlar. Qarşı tərəf isə bunun əksini edir. Yəni danışmaq, hər hansı sənədə imza atmaq istəmir, “nə edirsinizsə, edin”,- deyirlər. “Nə edirsinizsə, edin”,- ifadəsinə indi Fransadan müəyyən qədər dəstək də alıblar. Əmindirlər ki, Azərbaycan genişmiqyaslı əməliyyat keçirməyəcəyik. Amma bizə heç genişmiqyaslı əməliyyat da lazım deyil. Çünki onların genişmiqyaslı əməliyyat üçün ordusu da yoxdur”.

Hərbi ekspert bildirib ki, Azərbaycan görməli olduğu işləri bu il və 2023-cü ildə başa çatdırmalıdır. Onun sözlərinə görə, sonra ermənilər tədricən orduya diqqəti artıracaq, bu halda biz müəyyən müqavimət və ya çətinliklə üzləşə bilərik:

“İkincisi, bu gün və ya sabah rus ordusu onlara heç bir köməklik edə bilməyəcək. Ona görə də mən istisna etmirəm ki, qısamüddətli - maksimum beş günlük əməliyyat mümkündür. Sonra biz yenidən Brüsseldə və ya Moskvada görüşəcəyik, danışıqlar gedəcək. Ermənilər çalışacaq vaxt udsun, Azərbaycan isə çalışmalıdır ki, hər dəfə tədricən torpaqlarını nəzarətə götürsün”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}