Deputat: “Daxildəki qüvvələr İranı dünyaya qarşı qoymaqda maraqlıdırlar”
Tarix: 28-01-2023 20:29 | Bölmə: Slayd
Deputat: “Daxildəki qüvvələr İranı dünyaya qarşı qoymaqda maraqlıdırlar”

“Tehrandakı səfirliyimizdə baş verənlərlə bağlı fikrimizi ifadə etmişik. Bu gün eşitdiyimə görə, İran xarici işlər naziri bildirib ki, birgə istintaq aparmağa razıyıq. Üzürxahlıq da ediblər, səfirliyin mühafizəsini gücləndiriblər və birgə istintaqın aparılmasına razılaşıblar. Məncə, tələsmək lazım deyil. İranla münasibətlər onsuz da gərgindir. Düşünürəm ki, münasibətləri sıfırlamaq nə İranın, nə də Azərbaycanın xeyrinə olar”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, Azərbaycanın Naxçıvanla əlaqəsi İran üzərindəndir: “Eləcə də dəyişmə yolu ilə Azərbaycan İrandan Naxçıvana təbii qaz verir. Bunlar müsbət işlərdir və bu amilləri nəzərə aldıqda, deyə bilərik ki, süni şəkildə münasibətləri gərginləşdirmək bu işlərin ziyanına olardı”.

Müsahibimiz əlavə edib ki, İranın dünyada onsuz da düşməni çoxdur, indi özünə yeni düşmən qazanmaqla müsbət nəsə əldə edə bilməz.

R. Musabəyovun iddiasına görə, Tehrandakı Azərbaycan səfirliyinə terror hücumunda bu ölkənin hakimiyyət daxilindəki müəyyən qüvvələrin də əlinin olması mümkündür:

“Bəzən deyirlər ki, İranın dini rəhbəri xəstədir, Rəisi isə startda durub. İndiki prezident Rəisi eyni zamanda İrandakı mühafizəkar təbəqənin təmsilçisidir, ancaq ali dini rəhbərin öz oğlu var. Üstəlik, dini rəhbərin ətrafındakıların da mümkündür ki, öz namizədi olsun. Həmçinin SEPAH, İslam Keşikçiləri Qvardasiya var və onlar dövlət içində dövlətdirlər. Yəni elə qruplar var ki, İranın dünyadan tam təcrid olunmasını istəyirlər. Həm də mümkündür ki, Azərbaycanla üz-üzə durmaq və daxildə qan tökməklə hakimiyyəti saxlamaq istəyirlər. Yəni fərqli fərziyyələr səsləndirmək mümkündür”.

Deputat xatırladıb ki, İran şahı devriləndən sonra dəstəsini başına toplayaraq İranı tərk edib: “Amma mollalar bunu edə bilməz. Yəni İranda hakimiyyət dəyişikliyi baş verərsə, mollaların qaçmağa yeri olmayacaq. Onlar İranın yarısını qurban verməyə hazırdırlar, təki hakimiyyəti əldə saxlasınlar. Bu baxımdan İranın hakim qurumları, ilk növbədə güc strukturları daxilində elələri var ki, belə süni təxribatlarla İranı dünyaya qarşı qoymaqda maraqlıdırlar”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}