17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyə niyə xarici mafiozları özünə cəlb edir?
Tarix: 30-01-2023 12:59 | Bölmə: Slayd
Türkiyə niyə xarici mafiozları özünə cəlb edir?

Türkiyədə əcnəbi quldurlar arasında qanlı hesablaşmalar və atışmalar getdikcə artmaqdadır və bu, zəif qanunvericilik və yerdəki qeyri-adekvat tədbirlərin ölkəni regiondan və ondan kənarda olan cinayətkarlar üçün təhlükəsiz sığınacaq halına gətirdiyinə dair tənqidləri alovlandırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Al Monitor” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Daxili işlər naziri Süleyman Soylu hesab edir ki, türk polisi mafioz qruplara qarşı, o cümlədən Balkan və Qafqaz quldur dəstələrinin Türkiyədə baza qurmaq cəhdlərinin qarşısını almaqda çox uğurlu olub. Soylu bu həftə bildirib ki, 2016-cı ildən 2022-ci ilə qədər təhlükəsizlik qüvvələri 16-sı regional olmaqla 550 mafiya qruplarını dağıdıb. Bununla belə, skeptiklər hesab edirlər ki, bu qruplar əsasən “kiçik balıqlar”dır, çünki ölkədə böyük əcnəbi cinayətkarların olması çox vaxt polis təqiblərindən daha çox dəstə müharibələri nəticəsində ortaya çıxır.

Ən səs-küylü qətllərdən birində Monteneqronun məşhur “Skaljari” narkotik dəstəsinin lideri Yovan Vukotiç sentyabr ayında İstanbulun mərkəzində avtomobilində motosiklet sürən iki adam tərəfindən güllələnib. Qətldə rəqib klanın üzvləri “Kavaç” və onların türk işbirlikçiləri ittiham olunur.

“Skaljari” və “Kavac” klanları arasında 2015-ci ildən bəri Balkanlarda ən azı 50 nəfərin həyatına son qoyduğu və Vukotiçin Monteneqrodan Türkiyəyə köçməsinə səbəb olduğu güman edilir. Vukotiç 2018-ci ildə Türkiyənin Aralıq dənizi sahilində yerləşən Antalya şəhərində həbs olunub, əvvəl Serbiyaya, oradan da Çernoqoriyaya deportasiya edilmişdi və burada bir müddət dəmir barmaqlıqlar arxasında yatmışdı.

Soylu Vukotiçin tutulması ilə öyünürdü, lakin məlum oldu ki, o, 2021-ci ilin oktyabrında saxta pasportdan istifadə edərək Türkiyəyə qayıda və yaşayış icazəsi ala bilib.

Onun qətli ilə bağlı aparılan istintaq İstanbulda Kavac klanının üzvü olduğu iddia edilən dörd nəfərin, o cümlədən iki yüksək vəzifəli şəxsin həbsi ilə nəticələnib. Onlardan biri, Radoje Zivkoviç 2018-ci ildə Serbiyaya deportasiya edilmişdi, lakin Türkiyəyə yenidən daxil olmaq üçün saxta pasportdan istifadə edib. Onun mobil telefonunda 2020-ci ildə İstanbulda oğurlandıqdan sonra işgəncələrə məruz qalaraq öldürüldüyü iddia edilən “Skaljari” üzvünün şəkillərinin ortaya çıxdığı bildirilir. Cəsədin İstanbulda dəbdəbəli villanın bağçasında basdırıldığı, lakin Türkiyə polisi araşdırmaya başlamazdan əvvəl çıxarıldığı güman edilir. Villa sakininin 2019-cu ildə saxta Makedoniya pasportu ilə Türkiyəyə daxil olduqdan sonra noyabr ayında həbs edilmiş serb narkotik alverçisi Zeljko Bojaniç axtarışda olduğu üzə çıxıb. Bojaniçin Balkan kokain kralı ləqəbli Darko Sariçin ortağı olduğu və dəstə müharibələrindən qaçmaq üçün İstanbula köçdüyü bildirilir.

Cəza aləminin vendettaları haqqında kitab yazan araşdırmaçı türk jurnalist Timur Soykan üçün hadisələr “Kavaç” liderlərinin İstanbulda özlərini təhlükəsiz hiss etdiyini göstərir. “Onların [Vukotiçin] qətlindən əvvəl Türkiyəni tərk etməmələri onu göstərir ki, onlar tutulmayacaqlarına əmin idilər”, - deyə o, son məqaləsində yazıb.

Yanvarın ortalarında gürcü cinayətkarı olduğu iddia edilən Revaz Lordkipanidze Qara dənizin Trabzon vilayətində güllələnərək öldürülüb. Qətlə görə Bolqarıstan nömrə nişanlı avtomobildən istifadə edən iki rusiyalı həbs edilib.

Məsələni yaxından izləyən türkiyəli jurnalist Cengiz Erdinç “Al-Monitor”a bildirib ki, İstanbul və Antalyadakı dəbdəbəli restoranlar təkcə mühüm qərarları müzakirə etmək üçün deyil, rus, gürcü, azərbaycanlı və digər quldur dəstələrinin də iştirak etdiyi rusdilli mafiyanın görüşmə nöqtəsinə çevrilib. Həm də böyük mafiozların “vor v zakone” və ya “qanuni oğru” kimi “tac qoyma” ritualları üçün.

Lordkipanidze altı il idi ki, Trabzonda belə ayinlər keçirmişdi.

Erdinçin sözlərinə görə, bir vaxtlar müttəfiq olan Qafqaz bandaları arasında davam edən vendetta 2003-cü ildə İstanbulda baş tutan görüşdə rəhbər vəzifələrlə bağlı mübahisədən qaynaqlanır. O, Türkiyədə 2016-cı ildə İstanbulda güllələnən Rövşən Canıyev və 2020-ci ildə öldürülən Nadir Səlifov da daxil olmaqla, o vaxtdan bəri Türkiyədə baş verən qətllərdə öldürülən ən azı dörd azərbaycanlı mafiozun siyahısını verir. Canıyevin ortağı oktyabrın sonunda İstanbulda öldürülüb.

Ötən ilin sentyabr və oktyabr aylarında İstanbulda izdihamlı ticarət mərkəzlərində iki ayrı insidentdə əcnəbi qanqsterlər bir-birlərinə silah çəkiblər. Bu ayın əvvəlində narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamı ilə axtarışda olan Yeni Zelandiya əsilli velosiped dəstəsinin başçısı Duaks Hohepa Nqakuru bir müddətdir yaşadığı Türkiyədə həbs edilib.

Türkiyə İşçi Partiyasının millət vəkili Ahmet Şık keçən həftə daxili işlər və ədliyyə nazirlərinə yazılı parlament sualları təqdim edərək, onları bu qədər xarici mafiozun Türkiyədə necə sığınacaq edə bildiyini izah etməyə çağırıb. “Daxili İşlər Nazirliyi və prokurorlar onları yalnız qətllər baş verəndə və yalnız bu qətllər çərçivəsində araşdırırlar?”,- deyə o soruşub.

İqtisadiyyatla bağlı yazısında Bahadır Özgürün fikrincə, Türkiyə cinayət başçıları üçün cazibədar olub, çünki onların ölkəyə daxil olması və yaşayış icazəsi alması, bürokratiya, polis və siyasətdəki insanlarla ucuz qiymətə əlaqələri gücləndirmək və onlarla şirkətlər qurmaq nisbətən asandır. O, Türkiyənin daşınmaz əmlaka cəmi 400 min dollar sərmayə qoyacaq əcnəbilərə vətəndaşlıq təklif etdiyini xatırladaraq, mənşəyi məlum olmayan pulların Türkiyəyə girişini asanlaşdıran bir neçə il əvvəl tətbiq edilən qanuna da işarə edib.

“Hökumətin xarakteri işləri asanlaşdırır”,- deyən Özgür “Al-Monitor”a əlavə edib ki, Türkiyənin bir çox ölkə ilə cinayətkarların ekstradisiyası ilə bağlı razılaşmaları yoxdur və çox vaxt özbaşına mövcud olanları həyata keçirir.

“Xüsusilə də rusdilli mafiya Türkiyəni təhlükəsiz bir sığınacaq olaraq görür”,- deyən Özgür, Avropada narkotik tacirlərinə qarşı gücləndirilmiş mübarizənin və Rusiyada cəzaların sərtləşdirilməsinin cinayət başçılarını Türkiyəyə sürüklədiyini qeyd edib: “Onlar burada baza tuturlar, amma burada fəaliyyət göstərmirlər, ona görə də ümumiyyətlə toxunulmaz qalırlar. Onların hesablaşmaları isə türk mafiyası ilə deyil”.

Özgür bildirib ki, 2021-ci ildə Şimali Makedoniyada polislərin də iştirak etdiyi pasport saxtakarlığının dağıdılmasından sonra da Balkanlardan olan cinayətkarlar saxta Makedoniya pasportları ilə Türkiyəyə daxil ola biliblər.

Erdincin fikrincə, mafiozlar Türkiyəyə “miqrasiya” deyil, daha çox “sığınacaq üçün qaçırlar”. Bunun əsas səbəbi Rusiyanın 2019-cu ildə mütəşəkkil cinayətkarlığa qarşı daha ağır cəzalar tətbiq etməsi və 2015-ci ildə Balkanlarda başlayan dəstələrarası müharibələridir. Qərbi Avropaya kokain qaçaqmalçılığı edən Balkan şəbəkələrinə ağır zərbə vuran beynəlxalq polis əməliyyatı da keçirilir.

“Türkiyənin qeyri-qanuni pullarla bağlı “gevşek” tənzimləmələri xarici cinayətkarları ölkəyə cəlb edən amildir, lakin bu, yeganə amil deyil”, - deyə Erdinç iddia edib. O qeyd edib ki, Avropada mafiozlara qarşı təzyiq son illərdə hakimiyyət orqanlarının cinayət dünyasının geniş şəkildə istifadə etdiyi “Encrochat” və “Sky ECC” kimi şifrəli kommunikasiya platformalarını sındırmasından və ya sökməsindən sonra başlayıb. “Nəticədə bəziləri Türkiyəyə qaçdı. Burada nisbətən rahat bir mühit var. Onlar burada sürgündədirlər, lakin bu köç deyil, onlar burada yalnız bir müddətlik sığınacaq tapırlar. Deməli, əməliyyatlarını Türkiyədən aparırlar və təbii ki, burada toqquşurlar”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}