Partiya sədri: “İran Azərbaycandan üzr istəməlidir”
Tarix: 31-01-2023 15:33 | Bölmə: Slayd
Partiya sədri: “İran Azərbaycandan üzr istəməlidir”
Q. Əlibəyli

“Səfirliklərin, diplomatik korpusların mühafizəsi və təhlükəsizliyinin təmin olunması üçün bir sıra beynəlxalq qanunlar və konvensiyalar qəbul edilib. İran da bu sənədlərin əksəriyyətini qəbul edib və üzərinə öhdəliklər götürüb. Digər tərəfdən, səfirliklərin yerləşdiyi ərazinin xarici hissəsi əslində yerləşdiyi dövlət tərəfindən mühafizə olunur və bu, bir öhdəlikdir. Hamı tərəfindən bu dəyərlər qəbul olunur və ona əməl edilir. Odur ki, İranda Azərbaycan səfirliyinə hücumun məsuliyyəti rəsmi Tehranın üzərindədir”.

Bu sözləri Reyting.az-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri xatırladıb ki, ən kritik məqamlarda belə müharibə aparan ölkələr öz daxillərində səfirliklərin mühafizəsini təmin edib. Onun sözlərinə görə, II Dünya Müharibəsi başladıqdan sonra Almaniya Berlində olan rus diplomatları İsveçrə vasitəsilə SSRİ-yə göndərib, SSRİ isə alman diplomatları Finlandiya vasitəsilə Almaniyaya yola salıb: “Yəni məsələ üçüncü ölkələr üzərində həll edilib. Başqa sözlə, ən totalitar cəmiyyətlərdə belə səfirliklərin və diplomatların təhlükəsizliyi əsas kimi götürülür. Amma İran indiyə qədər dəfələrlə göstərib ki, belə öhdəliklərə əməl etmir. Məsələn, 45 il əvvəl ABŞ-ın Tehrandakı səfirliyinə hücum olub, bəzi diplomatlara zərər vurulub”.

Q. Əlibəyli əlavə edib ki, İran özünü terrorçu dövlət kimi aparmaq istəyir və bu, qəbuledilməzdir: “İndi Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumunu bütün dünya pisləyir və lənətləyir. Normalda İran bundan nəticə çıxarmalıdır”.

Partiya sədri diqqətə çatdırıb ki, İran-Azərbaycan münasibətləri gərgin olsa da, danışıqlar və dialoq da olmalıdır:

“Əvvəla, nə qədər qanunlara tabe olmasa da, İran bizim qonşumuzdur, orada 40 milyona yaxın soydaşımız yaşayır. Üstəlik, orada baş verənlərin bizim ölkəyə təsirləri olur. Təbii ki, İranın səhvləri göstərilməli, Tehran Azərbaycandan üzr istəməli, bu ölkə ilə münasibətlər tənzimlənməlidir. Amma bütün hallarda İran bir dövlət kimi Azərbaycandan üzr istəməlidir”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}