










Tarix: 19-04-2016 14:01 | Bölmə: Slayd
Azərbaycan iqtidarının pambıqçılığı inkişaf etdirmək və mahlıc satışı ilə ölkəyə valyuta gətirmək planı bir neçə icra başçısının karyerasına son qoya bilər.
Reyting.az-ın məlumatına görə, buna səbəb bəzi rayonların icra başçılarının pambıq əkini üçün sahələrin üç dəfəyə qədər artırılması tapşırığına ilk olaraq ciddi yanaşmamalarıdır.
Məlumatda bildirilir ki, aprelin 1-də aparılan dəqiqləşdirmə zamanı ölkədə cəmi 20 min hektar ərazidə pambıq əkini üçün hazırlığın getdiyi məlum olub. Bundan sonra isə işinə məsuliyyətsiz yanaşan icra başçılarına son xəbərdarlıq edilib. Onlara bildirilib ki, aprel ayının sonunda pambıq əkini ilə bağlı aparılacaq növbəti dəqiqləşdirmə zamanı qarşıya qoyulan planı yerinə yetirməyən icra başçısı vəzifədən azad olunacaq və barəsindən sərt tədbirlər görüləcək.
Bu sahədə ən böyük nöqsanın Saatlı, Kürdəmir, İmişli və Bərdə rayonlarında olduğu bildirilir. İddia edilir ki, adıçəkilən rayonların icra başçıları yuxarı dairələrin tapşırığını vaxtında yerini yetirməyiblər.
Hökumətdə təmsil olunan şəxslərdən biri isə deyib ki, bu xəbərdarlıqdan təşvişə düşən icra başçıları dərhal əməli fəaliyyətə başlayıblar. Hətta iş o yerəçatıb ki, Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərov boş sahələri gecə ilə şumlatdırmaq göstərişi verib. Torpaq sahiblərindən isə xahiş ediblər ki, onlardan soruşan olsa, sahəni bir neçə ay öncədən şumlatdırdıqlarını desinlər:
"Deyəsən,icra başçısı bu yolla pambıq əkinini artırmaqla bağlı tapşırığı yerinəyetirdiyini sübut etməyə çalışır”.
Məlumatlı şəxsin dediyinə görə, icra başçılarının səylərinə baxmayaraq, kəndlilər pambıq əkməyə maraq göstərmirlər. Rayon rəhbərlərinin təzyiqləri isə kənd sakinləri arasında narazılıq yaradır. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyi vəziyyətdən çıxış yolunu pambıq əkən kəndlilərə subsidiya verməkdə görür. Artıq Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı yeni qərar layihəsi də hazırlayıb. Bu layihədə buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə də şamil olunması, həmçinin, biohumusun və pestisidlərin də mineral gübrə kimi güzəştli satışı nəzərdə tutulur. Bu layihə qəbul olunarsa, pambıq əkən fermerlər 1 hektar üçün 90 manat subsidiya alacaqlar. Amma çətin ki, hər hektar pambıq əkini üçün veriləcək 90 manat pambıqçılığın inkişafına təkan versin.
Proseslərin belə gedişi isə onu göstərir ki, pambıq məsələsinə görə bir neçə icra başçısı vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qalacaq.
Reyting.az

Bölməyə aid digər xəbərlər