










Tarix: 19-04-2016 15:26 | Bölmə: Slayd
Azərbaycan Tibb Universitetində, Texniki Universitetdə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanuna zidd əməllər, maliyyə pozuntuları və dövlət vəsaitindən qeyri-qanuni istifadə hallarının aşkarlanması aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında da öz təsdiqini tapdı.
Hesabatda sözügedən universitetlərdə korrupsiyanın əsasən "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"a əməl edilməməsi, həmçinin, fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saat hesabı haqların düzgün müəyyənləşməməsi səbəbindən formalaşıb. Ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.
Qeyd olunan müəssisələr üzrə əməkhaqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir ki, bu da vəsaitlərdən səmərəsiz istifadəsinə şərait yaradıb.
Ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
Bu vəya digər korrupsiya halları aşkarlandıqdan sonra Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb. Universitetdə 2 mühasibətöhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, 2 əməkdaşa şiddətli töhmət verilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət verilib, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.
Azərbaycan Texniki Universiteti tərəfindən 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət verilib, 1 prorektora xəbərdarlıq edilib.
Çox maraqlıdır ki, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda cəmi 3 universitetin adı hallanıb ki, bu universitetlərdən də ikisinin rektoru ötən ilin noyabr ayında deputat seçiliblər. Buna görə, Əhliman Əmiraslanov Tibb Universitetinin rektoru postundan, Ağacan Əbiyev isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rəhbərliyindən istefa veriblər.
Beləolan halda Azərbaycan Texniki Universitetinə 16 ildir rəhbərlik edən Havar Məmmədovun hədəfə gətirilməsi də maraqlıdır. Yəni yuxarıda adıçəkilən hər iki təhsil ocağının rektoru yeni olduğundan Palatanın korrupsiya iddiaları onları təhdid etmədiyi halda, Havar Məmmədovu hədəfə gətirib. Bu fakt cəmiyyətdə belə rəy yaradıb ki, Havar Məmmədovu 16 ildir əyləşdiyi rektor kürsüsündən düşürmək istəyirlər.
"Reytinq"in məlumatına görə, Mikayıl Cabbarov təhsil nazir təyin edildiyi gündən sələfi Misir Mərdanovun dövründən rektor vəzifəsini tutan şəxslərlə yollarını ayırmaq və ali təhsil müəssisələrində də öz komandasını formalaşdırmaq istəyir. O, Gəncə Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Müəllimlər Universiteti, ADNA və digər universitet və kolleclərin rəhbərliyində dəyişikliyə nail olsa da, nə BDU, nə Texniki Universitet, nə də Memarlıq və İnşaat Universitetinin rektorlarına gücü çatmır. Hətta nazirin Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanovu 1-ci müavini vəyaxın dostu Ceyhun Bayramovun (Bu adam nurçu qalmaqalına görə vəzifəsini itirən Dini Komitənin sədri Elşad İsgəndərovun qayınıdır-red.) yaxından dəstəyi ilə yoxlatdırıb, ciddi yeyinti faktları ilə üz-üzə qoyması da unudulmayıb. Ceyhun Bayramovun maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramov vasitəsiylə Akif Süleymanovun rəhbərlik etdiyi universiteti yoxlatdırıb, milyonlarla manat dövlət vəsaitini mənimsədiklərini aşkarladıqları da sirr deyil.
Məlumatda bildirilir ki, M.Cabbarov vəonun komandası sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qrup yoldaşı Akif Süleymanovu vəzifədən kənarlaşdırmağa nail olsa da, Gəncədəki ali təhsil müəssisələrini tam şəkildə öz kadrlarının nəzarətinə verə bilməyib: "Ceyhun Bayramov Akif Süleymanovu məğlub edə bilsə də, onların planı başqa idi. Onun postuna əvvəldən razılaşdıqları şəxsi təyin etdirmək istəyirdilər. Ancaq iki nazirliyin rəsmi şəxsləri hələ ki, bu istəklərini reallaşdıra bilməyiblər".
İddia edilir ki, M.Cabbarov onunla hesablaşmayan rektorları Maliyyə Nazirliyi və Hesablama Palatasının "əli" ilə, çox peşəkarcasına hədəfə gətirir.
İddiaya görə, nazir və müavini Ceyhun Bayramovun "dikbaş" rektorlara qarşı başqa planları da var. Məsələn, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyevin üzləşdiyi problemi xatırlayaq. Həmin universitetdəprorektor işləyən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşı Yusif Yusifov orada "qiyam" təşkil etdi (Bu barədə müxtəlif KİV-lər ətraflı yazıb-red.). Nədən ki, Yadigar Əliyev Mikayıl Cabbarovun "maraq-ları"na cavab vermirdi və onun iradəsindən kənar rektor təyin olunmuşdu. Bundan əlavə, Cavanşir Yusifov da Azər Bayramov vasitəsi ilə Mikayıl Cabbarov-Ceyhun Bayramov tandemindən qardaşının rektor təyin edilməsini israrla xahiş edirdi: "Yəni maraqlar üst-üstədüşdüyündən iki nazirlik Yadigar Əliyevə qarşı birləşib, nəhayət, onu səs-küylü formada kürsüdən düşürdülər. Ancaq GDU-da baş verən bu "çevriliş"in səs-küyü bu günədək davam etdiyindən nazirlik daha bu metotdan istifadə etmək istəmir. Bu səbəbdən də Hesablama Palatası və Maliyyə Nazirliyinə müraciət edərək, universitetləri yoxlatdırır. Alınan bəlli nəticələr isə rektorların "dalan"a dirənməsinə əsas verir. Məncə, Havar Məmmədov da bu plana uyğun olaraq hədəfə alınır".
Məlumatda bildirilir ki, M.Cabbarovun "himayəsi"ndəki əksər universitetlərdə korrupsiya halları digərlərindən az olmasa da, hansısa səbəbdən bunları yoxlamırlar. Məsələn, mətbu orqanlarda dəfələrlə yazılmasına baxmayaraq, GDU-da yaşanan və hələ də rüsvayçı formada davam edən rüşvətxorluq, korrupsiya və ən nəhayət, universitetin idarəolunmaz hala gətirilməsinə rəsmi münasibət bildirilmir.
Eyni halı İqtisad Universiteti haqqında da söyləmək olar. Şəmsəddin Hacıyev rektor postunu itirdikdən sonra onun yol verdiyi korrupsiyanı qısa zamanda aşkarlayan Təhsil və Maliyyə nazirlikləri nədənsə eyni münasibəti yeni rektor Ədalət Muradova göstərmir. Halbuki, hazırda deputat olan Şəmsəddin Hacıyevdən bu gün də universitetdə mənimsədikləri pulları geri tələb edirlər:
"Ancaq Hacıyevin dəfələrlə şişirdilmiş və milyonlar sərf edərək, yüksək səviyyədə təmir etdirdiyi universitet binasında Ədalət Muradov təkcə ötən il guya bir neçə milyon manat dəyərində təmir-tikinti işləri apartdırıb. Sual olunur, niyə Yusif Yusifovla Ədalət Muradovun rəhbərlik etdiyi universitetlərdə yoxlama aparılmır və ya aparılıbsa, bunlar niyə ictimaiyyətdən gizlədilir?"
Bu vəya digər faktlar göstərir ki, Azərbaycanda təhsil müəssisələri üzrə yoxlamalar da hakimiyyətdəki qruplaşmaların maraq dairəsində tənzimlənir. Sözsüz ki, bu da Azərbaycan təhsilində ciddi çöküşə səbəb olur.
Reyting.az
Bölməyə aid digər xəbərlər