Rusiya KİV-lərindəki anti-Azərbaycan kampaniyasının sifarişi Kremldən verilir
Tarix: 20-04-2016 16:58 | Bölmə: Slayd


Təmas xəttindəki dörd günlük müharibə hərbi nöqteyi-nəzərdən ciddi nəticələrə səbəb olmasa da, Ermənistan və onun himayədarı olan Rusiyada anti-türk əhval-ruhiyyəsini daha da artırıb. Belə əhval-ruhiyyə sonuncu dəfə Rusiyanın "Su-24" döyüş təyyarəsinin vurulması zamanı müşahidə edilmişdi. İndi isə həmin əhval-ruhiyyəni bir qədər korrektə edərək Azərbaycanla Türkiyəyə qarşı yönəldiblər.

Rusiyanın əksər Kütləvi İnformasiya Vasitələri Qarabağ ətrafında baş verənləri təhrif edir, erməniləri yenidən "əzabkeş" obrazında, Azərbaycanı isə dinc erməni xalqının qatili kimi təqdim etməyə çalışır.

"Novaya qazeta" və"Dojd" internet televiziyası istisna olmaqla bütün telekanallar, radiolar, internet saytları vəyazılı mətbuatın Kremlin nəzarətində olması ilə bağlı həm Rusiya müxalifətinin, həm də beynəlxalq demokratik təsisatların yekdil mövqeyinin olmasını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan əleyhinə başladılan böhtan və qarayaxma kampaniyasının arxasında rəsmi Moskva dayanır. Təəssüflər olsun ki, Azərbaycanda bu həqiqəti gizlətməyə, Rusiya mətbuatının mövqeyini yenə erməni diasporunun əməli kimi qələmə verməyə cəhd edirlər.

Kreml sahibindən oddan qorxan kimi qorxanların həqiqəti gizləmələrinə baxmayaraq, sərt avtoritar ölkə olan Rusiyada heç bir diaspor bütün medianı yönəltməyə qadir deyil. Əgər belə olsaydı, o zaman Rusiyada indiki avtoritarizm mövcud ola bilməzdi.

Rusiyada mətubat azadlığının olmaması elə bir məsələdir ki, bunun ətrafında hansısa bir şübhəyə yer yoxdur. Çünki mətbuatın rəsmi dairələrdən tam asılı olduğu Rusiyada rəsmi Moskvanın göstərişi və ya razılığı olmadan kimsə bu tribunadan Azərbaycanın əleyhinə istifadə edə bilməz.

Rusiya mətbuatının ermənipərəst və anti-Azərbaycan mövqeyi nəhayət ki bu media orqanlarının Azərbaycanda yayımının dayandırılması ilə bağlı məsələləri gündəmə gətirdi. İndi cəmiyyətdə bir qism Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılmasını, bir qism isəbununla nəyəsə nail olmağın mümkünsüzlüyünü əsas gətirərək yayımın dayandırılmasına qarşı çıxırlar.

Əlbəttə, bu telekanalların yayımını qadağan etməklə, onlar efirdən yoxa çıxmayacaq və yaxud mövqelərini dəyişməyəcəklər. Ancaq onların yayımına izin verməklə, kiçik də olsa, inkişaflarına dəstək vermiş oluruq. Görəsən, Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan çirkin kampaniyaaparan telekanalların yayımının ölkəmiz üçün hansı faydası var ki, bunu dayandırmaqda da tərəddüd edək?

Ümumilikdə Rusiya mətbuatının anti-Azərbaycan təbliğatının qarşsını almaq, zəiflətmək və ya ifşa etmək istəyiriksə, hər şeyi öz adı ilə çağırmağa öyrənməliyik. Çox aydın şəkildə bəyan etməliyik ki, Rusiya KİV-lərinin anti-Azərbaycan, ermənipərəst mövqeyi rəsmi Moskvanın istəyidir. Əgər bunu edəriksə, rəsmi Moskva öz siyasətində korrektələr edə bilər.

Ən əsası, Rusiya telekanllarındakı anti-Azərbaycan təbliğatının sifarişçisinin kimliyinəaydınlıq gətirməklə beynəlxalq ictimaiyyətin çaşdırılmasının qarşısını almaq mümkündür. Əgər dünya ictimaiyyətinin diqqətinə Azərbaycan əleyhinə kampaniyanın Kremldən qaynaqlandığı həqiqətini çatdırsaq, həmin təbliğat əks effekt verər və ermənilərin əleyhinə işləyər. Əks halda Rusiya mətbuatı beynəlxalq ictimaiyyəti ermənilərin "haqlı mübarizəsi"nə inandırmaqda davam edəcək.

Xəqani CƏFƏRLİ

Politoloq

Reyting.az





Bölməyə aid digər xəbərlər