16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğana qələbə qazandıran beş əsas amil
Tarix: 30-05-2023 15:02 | Bölmə: Slayd
Ərdoğana qələbə qazandıran beş əsas amil

Nəhayət, bir çox döngələrdən sonra Türkiyədə 2023-cü il seçkiləri Ankaranın yenilməz siyasətçisi Rəcəb Tayyib Ərdoğanın daha 5 il ərzində növbəti dəfə Beştəpə sarayına ev sahibliyi edəcək qələbəsi ilə başa çatdı. Türkiyədə keçirilən prezident seçkilərinin bu turu ölkə tarixində ən gözlənilməz və gərgin seçki oldu.

Reyting.az
xəbər verir ki, bu barədə “Tehran Times” yazıb.

İran nəşrinin yazdığına görə, bu rəqabət raundunda praktiki olaraq Türkiyə cəmiyyətində və siyasətində dərin uçurumun və iki fərqli siyasi diskurs, yəni islamçılıq və dünyəvilik arasında qarşıdurma müşahidə edilib:

Ancaq bu veteran türk siyasətçisi Ərdoğanın məğlub olacağı bir qədər ağlasığmaz idi. Buna səbəb Türkiyənin zəlzələdən sonrakı bütün iqtisadi böhranlarına və çətinliklərinə baxmayaraq, ölkə prezidentinin hələ də ölkədə populyar siyasi xadim hesab edilməsidir.

Əsas sual budur ki, Ərdoğanın qələbəsinə, Kılıçdaroğlunun məğlubiyyətinə hansı amillər təsir edib?

Əvvəla, qeyd etmək lazımdır ki, Ərdoğanın bu qələbə raundu çətin keçibsə və builki seçkilər ikinci tura çıxarılıbsa, bu, Kılıçdaroğlunun populyarlığının artması ilə deyil, daha çox iqtisadi tənəzzül və idarəçilik zəifliyindən, habelə fevral ayında ölkədə baş verən zəlzələnin idarə edilməsindən irəli gəlirdi. Amma Kılıçdaroğlunun yenidən Ərdoğana məğlub olmasının ən mühüm səbəbi onun “Millət İttifaq” kimi tanınan müxalifət liderləri ilə ittifaqda olmasıdır. Bu alyansdakı altı müxalif partiyanın yanaşma və perspektiv fərqliliyi insanların alyansın prezidentliyə namizədi kimi Kılıçdaroğluna qarşı inamsızlığının ən mühüm amillərindən biri olub. Çünki seçki günü bu partiyalar arasında ölkənin necə idarə olunması ilə bağlı ciddi fikir ayrılıqlarının olacağı, nəticədə sosial şəraitin inkişafa və tərəqqiyə deyil, Ərdoğandan əvvəlki Türkiyəyə dönəcəyi proqnozlaşdırılırdı.

Seçkilərin ilk turundan sonra İyi Partiyanın lideri xanım Meral Akşenerin “Millət İttifaqı”nın üzvü kimi susması dərin sarsıntını nümayiş etdirdi ki, bu da ittifaq tərəfdarlarının məyus olması üçün kifayət idi.

İkinci səbəb isə iqtisadiyyatla bağlı insanların rahat yaşamaq və təhlükəsizlik məsələsinə diqqətindədir. Ərdoğanı tənqid edənlər, o cümlədən partiyalar və jurnalistlər, seçkilərdəki məğlubiyyəti üçün platforma yaratmaq naminə son iki ildə hücum və tənqidlərə əl ataraq onun idarəçiliyini və komandasının iqtisadiyyata yanaşmasını şübhə altına almağa çalışıblar. Onlar cəmiyyətin əhəmiyyətli bir hissəsini özlərinə cəlb edə bildilər, lakin bu, Ərdoğanın məğlubiyyəti üçün kifayət etmədi. Çünki Ərdoğanın ictimai rəyə yeridə bildiyi məsələ ölkənin təhlükəsizliyinin və xarici təhdidlərə qarşı dik qalmanın vacibliyi idi. Ankara rəsmiləri seçkiləri mövcudluq məsələsi ilə əlaqələndirəndə və bu seçkilərin ölkənin var olması ilə bağlı olduğunu deyəndə, ictimaiyyətə bu qorxunu aşıladılar ki, Ərdoğan və ona bağlı partiya məğlub olarsa, ölkənin sabitliyi və təhlükəsizliyinə təhlükə yarana bilər. Ərdoğanın qələbəsi göstərir ki, insanlar ölkənin iqtisadi şəraitindən narazı olmalarına baxmayaraq, təhlükəsizlik türk xalqı üçün açıq-aydın ən vacib komponentdir.

Üçüncü səbəb Ərdoğanın islamçı və ənənəçi qruplar arasında populyarlığının davam etməsidir. Bu qrup Ərdoğan üçün böyük əhəmiyyət kəsb edir və əslində, onun siyasi həyatını davam etdirməsi üçün ən mühüm sərvətdir. Buna görə də son illərdə Ərdoğan islamçı qrupun öz tərəfində olması üçün hər cür səy göstərdi. Ərdoğanın çıxışlarının əhəmiyyətli bir hissəsi həmişə bu qrupu maraqlandıran mövzulara yönəlib. Məsələn, Ərdoğan çıxışlarının sonunda həmişə "Allahım! Minarələrimizi azansız, ölkəmizi bayraqsız qoyma!",- deyə dua edir. Ənənəçi qruplar arasında vətənpərvərlik və İslam sədaqəti yaradan da məhz budur. Əvvəlki dövrlərdə dini inancları və hicaba görə çox əziyyət çəkən bu qrup Ərdoğana xilaskar kimi baxır və Türkiyənin indiki vəziyyətində onun lider olaraq qalmasına üstünlük verirlər.

Bütün bunların içində Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə sənaye sektorunda əldə edilən irəliləyişləri Ərdoğanın qələbəsinin dördüncü amili kimi unutmaq olmaz. Məsələn, “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı və ixracı və hazırkı Türkiyə hökumətinin “Baykar” şirkətinə hərtərəfli dəstəyi Türkiyə üçün milli şərəf sayılır. Ərdoğana yaxın medianın son illərdə diqqət mərkəzində saxladığı bu məsələ bir uduş kartı idi. Yəni başqa bir partiyanın hakimiyyətə gəlişi ilə bu irəliləyişlər əldə edilməyəcək.

Bununla belə, Ərdoğanın xarici siyasət yanaşması da qalib gəlməsinin səbəbidir. Ərdoğan özünün strateji siyasətləri çərçivəsində regional və Qərb hökumətləri ilə balansa əsaslanan siyasətə üstünlük verib. Türkiyə prezidenti Avropa hökumətləri ilə yaxşı münasibətlər qurmasına baxmayaraq, ölkəsinin Fars körfəzi bölgəsindəki regional hökumətlərlə əlaqələrinə də diqqət yetirib.

Ərdoğanın xarici siyasətdəki yeganə səhvi seçkilərə bir neçə ay qalmış Suriya ilə münasibətləri bərpa etmək və çatları aradan qaldırmağa çalışması olub. Amma bu məsələ onun səslərinin sayına təsir etməyib.

Təbii ki, Ərdoğan Ankaranın Əbu-Dabi və Ər-Riyadla münasibətlərini bərpa etməklə rəqiblərini tənqid etmək fürsətini də əldən vermədi. Ankaranın Rusiya-Ukrayna müharibəsində nüfuzlu oyunçu kimi göstərdiyi səylər və taxıl sazişləri üçün vasitəçilik etməsi də son iki ildə Ərdoğanın xarici siyasət uğurları sırasındadır. Ola bilsin ki, Ərdoğanın bəzi regional siyasət və yanaşmaları digər hökumətlər tərəfindən bəyənilməyib, lakin bu tip siyasət Türkiyə vətəndaşları üçün populyar və arzuolunan olub.

Demək lazımdır ki, Kamal Kılıçdaroğlunun ən böyük səhvi onun namizədliyinin irəli sürülməsində olub. Ərdoğan yaxşı bilirdi ki, rəqibi CHP sədri olsa, onu məğlub edə bilər. Ona görə də seçkilərdən əvvəl hər dəfə çıxışlarında ona müraciət edəndə deyirdi ki, “Ey Bay Kemal, əgər düz deyirsənsə, özün prezidentliyə namizəd ol”.

Ərdoğan hələ də Türkiyə cəmiyyətində və dünya ictimaiyyətində harizmatik siyasi fiqur kimi tanınır və Kılıçdaroğlu digər partiyalarla ittifaqlar yaradaraq, Ərdoğana qarşı cəbhə yaratmaqla onu məğlub etməyə çalışsa da, hələ də Ərdoğan kimi siyasi etimadı qazana bilməyib. CHP sədri Türkiyə və xarici seçki qurumlarının keçirdiyi sorğulara aldanıb və “müəyyən qələbənin” vaxtından əvvəl proqnozlaşdırılmasından həyəcanlanıb və daha əvvəl Ərdoğana qarşı məğlubiyyət yaşayaraq seçki kampaniyasına başlayıb. Bəlkə də buna görədir ki, bu günlərdə Türkiyədə onu “uduzmaqdan yorulmayan adam” adlandırırlar.

Nəhayət, Ərdoğan “ATA” koalisiyasının təmsilçisi Sinan Oğanın dəstəyini alaraq növbəti seçki turunda öz qələbəsini təmin edə bildi.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}