Məşhur müğənni Tramp administrasiyasına qarşı çıxır
Tarix: 03-12-2025 12:56 | Bölmə: Şou-biznes

Məşhur müğənni Sabrina Karpenter Tramp administrasiyasını miqrantların həbs videosunda ona məxsus olan mahnının “pis və iyrənc” formada istifadəsi pisləyib.

Reyting.az xəbər verir ki, Sabrina Karpenter miqrantların həbsini təbliğ edən rəsmi videoda onun “Juno” mahnısından istifadə olunduqdan sonra Donald Tramp administrasiyasına qarşı çıxış edib.

Dekabrın 1-də Ağ evin “X” hesabında yerləşdirilən videoda miqrantların həbslərinin görüntüləri və Karpenterin hit mahnısından “Bunu heç sınamısınız? Əlvida” sözləri yer alıb.

Bu səbəbdən sənətçi mahnının istifadəsini açıq şəkildə qınayaraq yazıb: “Bu video pis və iyrəncdir. Heç vaxt məni və ya musiqimi qeyri-insani gündəminizə qatmağa cəsarət etməyin”.

Tramp administrasiyası müğənniyə tez və sərt cavab verib. Ağ evin sözçüsü Abigail Jackson deyib: “Bu, Sabrina Karpenter üçün qısa və şirin bir mesajdır: təhlükəli qatilləri, təcavüzkarları və pedofilləri deportasiya etdiyimiz üçün üzr istəməyəcəyik. Bu canavarları müdafiə edən hər kəs ya axmaqdır, ya da səfeh”.

Görünür, Karpenter mahnıdan istifadəyə icazə verməyib. Onun qanuni tədbirlər görüb-görməyəcəyi hələ də məlum deyil.

Bu vəziyyət Tramp administrasiyasının musiqilərindən siyasi reklamlarda istifadəsinə etiraz edən sənətçilərin artması fonunda baş verir. Celine Dion, Bruce Springsteen, Linkin Park, Neil Young və başqaları əvvəllər narazılıqlarını bildiriblər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər